Məhkəmə qərarları › İş №2(040)-752/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-752/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-752/2023 16.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən X1 10 markalı telefon üçün 517,5 manat ödənilməmiş hissə, 51,5 manat cərimə, 10 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A02S markalı telefon üçün 301,2 manat ödənilməmiş hissə, 30,8 manat cərimə olmaqla, ümumilikdə iki müqavilə üzrə 901 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış 08 iyun 2021-ci il və 10 sentyabr 2021-ci il tarixli iki müqaviləyə əsasən, X1 10 markalı telefon, Samsung Galaxy A02S markalı telefon almış və cəmi 901 manat borcu yaranmışdır. Belə ki, qeyd edilən əşyaları aldıqdan sonra, cavabdeh, müqavilələrin şərtlərini pozmuş və nəticədə: 1) 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-dən alqı-satqı qiyməti 691,2 manat olan (ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 57,6 manat ödəmək şərti ilə) X1 10 markalı telefon üçün 517,5 manat ödənilməmiş hissə, 51,5 manat cərimə, 2) 10 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MMC-dən alqısatqı qiyməti 362,2 manat olan (ilkin ödəniş 61 manat etməklə, 12 ay müddətində hər ay 25,1 manat ödəmək şərti ilə) Samsung Galaxy A02S markalı telefon üçün 301,2 manat ödənilməmiş hissə, 30,8 manat cərimə borcu yaranmışdır. Cavabdehin iki müqavilə üzrə cəmi ödədiyi məbləğ 234,7 manat təşkil edir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iki müqavilə üzrə öhdəliklərini icra etmir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətini əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli 2(040)-752/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 08 iyun 2021-ci il tarixli 23125923 nömrəli müqavilədən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 691,2 manat olan X1 10 markalı telefon əldə edərək, ilkin ödəniş 0 manat etməklə, 12 ay müddətində hər ay 57,6 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: 10 sentyabr 2021-ci il tarixli 035639 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alqı-satqı qiyməti 362,2 manat olan Samsung Galaxy A02S markalı telefon əldə edərək, ilkin ödəniş 61 manat etməklə, 12 ay müddətində hər ay 25,1 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iki müqavilə üzrə cəmi 234,7 manat ödəniş etmiş, onun 08 iyun 2021-ci il tarixli müqavilə üzrə 517,5 manat əsas, 51,5 manat cərimə, 10 sentyabr 2021-ci il tarixli müqavilə üzrə 301,2 manat əsas, 30,8 manat cərimə olmaqla, cəmi iki müqavilə üzrə 901 manat (818,7 manat əsas, 82,3 manat cərimə) borcu vardır. İş materiallarında olan: 08 iyun 2021-ci il və 10 sentyabr 2021-ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh "xxxx" MMC-dən X1 10 markalı telefon və Samsung Galaxy A02S markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh 09 aprel 2023-cü il tarixdə ünvanlanmış məktubun surətindən (poçt qəbzi var) görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. - 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. - 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəlləsi) 14.2, 217.4 və 218.3-cü maddələrinin müddəalarından görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqavilələri əsasında əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alqı-satqı müqavilələri üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 08 iyun 2021-ci və 10 sentyabr 2021-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmənin tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 08 iyun 2021-ci il tarixli müqavilə üzrə dəbbə pulu 4 (dörd) manat, 10 sentyabr 2021-ci il tarixli müqavilə üzrə dəbbə pulu 2 (iki) manat məbləğində müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 517,5 manat (beş yüz on yeddi manat 50 qəpik) əsas, 4 (dörd) manat cərimə, 10 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 301,2 manat (üç yüz bir manat 20 qəpik) əsas, 2 (iki) manat cərimə olmaqla cəmi 824,7 manat (səkkiz yüz iyirmi dörd manat 70 qəpik) borc, həmçinin 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə - 76,3 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08 iyun 2021-ci il tarixli müqaviləyə əsasən 517,5 manat (beş yüz on yeddi manat 50 qəpik) əsas, 4 (dörd) manat cərimə, 10 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən 301,2 manat (üç yüz bir manat 20 qəpik) əsas, 2 (iki) manat cərimə olmaqla cəmi 824,7 manat (səkkiz yüz iyirmi dörd manat 70 qəpik) borc, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar