Məhkəmə qərarları › İş №2(040)-789/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-789/2023

19.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-789/2023 19.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh-Cavabdeh və vəkilləri Vəkil, X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın və digər xərclərin əvəzinin ödənilməsi tələbinə dair” ilkin iddiası, Cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın və digər xərclərin əvəzinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, ehtiyyatsızlıqdan baş vermiş yanğın nəticəsində mülkiyyətində olan mal-qara tövləsinə və tələf olmuş 22 baş mal-qaraya görə ona vurduğu ziyana görə 40890 (qırx min səkkiz yüz doxsan) manatın və məhkəmə baxışı üçün ödədiyi 212 (iki yüz on iki) manat dövlət rüsumunun cavabdeh X4 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8000 (səkkiz min) manat icarə haqqının, 50000 (əlli min) manat əsassız olaraq aldığı dəymiş ziyan məbləğinin, 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaranın dəyəri olan 86500 (səksən altı min beş yüz) manatın, hüquqi xidmət göstərilməsi ilə bağlı vəkilə ödənilən 800 (səkkiz yüz) manatın, ümumilikdə 145300 (bir yüz qırx beş min üç yüz) manatın İddiaçı tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, artıq otuz ildən çoxdur ki, Kürdəmir rayonu ərazisində “Elgün” kəndli- fermer təsərrüfatını yaradaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Bu məqsədlə mülkiyyətində və icarəsində 100 (yüz) hektar torpaq sahəsi vardır. Bu torpaq sahəsində 450 kvadratmetr sahəsi olan mal-qara tövləsi və çoban evi inşa etdirmişdir. Təsərrüfatında 22 (iyirmi iki) baş iribuynuzlu damazlıq mal-qaranı Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərindən 33000 (otuz üç min) manat müqabilində əldə edərək bəsləmiş, bu mal-qaraya baxmaq üçün çoban qismində Kəlbəcər rayonundan məcburi köçkün olan və Gəncə şəhərində məskunlaşan Cavabdeh aralarında olan şifahi razılaşma əsasında işə götürmüşdür. Aralarındakı razılaşmaya əsasən, cavabdeh özünə məxsus mal-qarası və ailəsi ilə birlikdə onun mülkiyyətində və icarəsində olan torpaq sahəsinə və oradakı çoban evinə köçmüş, həm onun, həm də özünün malqarasını bəsləmişdir.10 dekabr 2022-ci il tarixdə səhər saat 7 radələrində Cavabdeh ona mal-qara tövləsinin yanması barədə telefonla məlumat vermiş və o, dərhal hadisə yerinə getmiş, bu zaman mal-qara saxlanılan tövlənin tamamilə yandığını və burada saxlanılan 44 (qırx dörd) baş iribuynuzlu mal-qaranın yanaraq məhv olduğunu görmüşdür: yanaraq məhv olmuş iribuynuzlu mal-qaranın 22 (iyirmi iki) başının ona, 22 iyirmi iki) baş heyvanın isə cavabdehə aid olduğu müəyyən olundu. Yanğın hadisəsi onun tərəfindən verilmiş məlumat əsasında X6 Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsi və Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən araşdırılarkən yanğının cavabdehin kibritdən istifadəsi zamanı ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilmişdir. Cavabdehin bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 187.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməli hesab olunmuş, lakin cavabdehlə aralarındakı razılaşmaya əsasən, ona dəymiş ziyana və tələf olmuş mal-qaraya görə 33000 (otuz üç min) manat, tövlənin bərpası üçün 4890 (dörd min səkkiz yüz doxsan) manat dəyərində tikinti materiallarının və 3000 (üç min) manat usta pulu, cəmi 40890 (qırx min səkkiz yüz doxsan) manat ziyanın ödənilməsini cavabdeh öz öhdəsinə götürmüşdür. Bundan sonra, o, Kürdəmir Rayon Polis Şöbəsnə ərizə vermiş və baş vermiş hadisə barədə şikayətinin olmadığını bildirmişdir. Bundan sonra onun ərizəsi nəzərə alınaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən, cavabdeh cinayət məsuliyyətindən azad edilmiş və Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqatçısı Səbuhi Kərimov cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 dekabr 2022-ci il tarixli qərar qəbul etmişdir. Bundan sonra cavabdeh sağ qalmış mal-qarası və ailəsi ilə birlikdə Gəncə şəhərinə getmiş və hal-hazırda orada yaşayır. Razılaşmaya əsasən, cavabdeh ona vurduğu ziyanın əvəzi olan 40890 (qırx min səkkiz yüz doxsan) manatı bir ay müddətində ödəməli idi. Lakin həmin vaxtdan on aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdeh ona vurduğu ziyan üzrə heç bir ödəniş etməmişdir. Buna görə də, o, məhkəməyə müraciət etməyə qərar vermişdir. Qarşılıqlı iddia isə tamamilə əsassızdır. Belə ki, ona məxsus fermada Cavabdeh təqsirli hərəkətləri səbəbindən yanğın hadisəsinin baş verməsi və həmin yanğın nəticəsində ona 50000 (əlli min) manat miqdarında əmlak ziyanının dəyməsi Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqatçısı Səbuhi Kərimovun həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 dekabr 2022-ci il tarixli qərarında öz əksini tapmışdır: həmin qərardan görünür ki, ona məxsus fermada olan mal tövləsinin 130 kvadratmetrlik yanar konstruksiyaları tamamilə yanmış və həmin yanğın nəticəsində ona məxsus 22 (iyirmi iki) baş iribuynuzlu heyvan yanaraq tələf olmuşdur. Həmin yanğın nəticəsində cavabdehə məxsus 22 (iyirmi iki) baş iribuynuzlu heyvanın tələf olması və bunun nəticəsində əmlak ziyanı dəyməsi cavabdehin ona qarşı hər hansı tələblə iddia qaldırmasına əsas verə bilməz, çünki yanğın onun təqsirli səbəbindən deyil, məhz cavabdehin yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi ilə bağlı təqsirli hərəkətləri səbəbindən baş vermişdir. Bundan başqa, 10 dekabr 2022-ci il tarixdə yanğın hadisəsindən sonra Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Epizootik tədbirlər şöbəsinin müdiri (baytar həkimi) Nəbi Veyislinin, “Elgün” kəndli fermer təsərrüfatının sahibi olaraq onun (İddiaçı) və “heyvan sahibi” Cavabdeh iştirakları ilə tərtib olunmuş aktda cəmi 55 (əlli beş) baş iribuynuzlu heyvanın- 47 (qırx yeddi) baş inək və 08 (səkkiz) baş camışın tələf olduğu göstərilsə də, əslində akt tərtib edilərkən tələf olmuş heyvanların sayında yanlışlığa yol verilmişdir, əslində cəmi 44 (qırx dörd) baş heyvan tələf olmuşdur. Cavabdeh-Cavabdeh məhkəmə iclasında ilkin iddianı qəbul etməyərək və qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ilkin iddiaçının iddia tələbi əsassızdır. Bunu sübut etmək üçün bir hal kifayət edir: İddiaçı özünün iddia tələbinin hüquqi əsası kimi 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinad etmişdir. Hal-hazırda qeyd olunan həmin qərar bu iş üzrə preyudisial əhəmiyyət daşıyır: həmin qərarda göstərilir ki, Cavabdeh barəsində Cinayət Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət işi açılmış və o, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. İşin sübut edilməyə ehtiyacı olmayan halı ondan ibarətdir ki, Cavabdeh fermada baş vermiş yanğın nəticəsində İddiaçı dəymiş ziyanı tam ödəmişdir; əgər dəymiş ziyan tam ödənilməsəydi, işə baxan səlahiyyətli polis əməkdaşı bu qərarı qəbul etməzdi. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qarşılıqlı iddia tələbi isə əsaslıdır. Qarşılıqlı iddia tələbinin əsaslı olmasını təsdiq edəcək sübutlara istinad etməzdən öncə özü barədə məlumat vermək istəyir, çünki İddiaçı iddia ərizəsində göstərir ki, təsərrüfatında olan 22 (iyirmi iki) baş iribuynuzlu damazlıq malqaranı Ərəbqubalı kənd sakinlərindən 33000 (otuz üç min) manat müqabilində əldə edərək bəsləmiş, həmin ma-qaraya baxmaq üçün çoban qismində Kəlbəcər rayonundan məcburi köçkün olan və Gəncə şəhərində məskunlaşan Cavabdeh razılaşma əsasında işə götürmüşdür. O (Cavabdeh), 2011-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” fakültəsinin bakalavr pilləsində məzun olmuş, 2015 və 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin 5-ci və 6-cı çağırış seçkilərində müstəqil namizəd olmuş, 05 mart 2020-ci il tarixdən fiziki şəxs olaraq fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, özünə məxsus iribuynuzlu heyvanları İddiaçı Kürdəmir rayonunun Çöhranlı kəndinin yaxınlığında yerləşən yatağına çoban kimi deyil, sahibkar kimi aparmışdır. İşçi- çoban sahibkara pul göndərmir; 18 oktyabr 2022-ci il tarixdə İddiaçı “Rabitəbank” kartına 4000 (dörd min) manat pul göndərmişdir. Qarşılıqlı iddia tələbinin faktiki və hüquqi əsasının təsdiqi kimi isə aşağıdakı xüsusatları qeyd edir: İddiaçı yaxın qohumları vəzifədə olduqlarından əhatə dairəsi genişdir, rayonda istənilən orqana təsir etməklə, həmin orqanı qanunsuzluğa vadar etmək imkanına malikdir. O, ilk növbədə Kürdəmir Rayon Polis Şöbəsinin inzibati binasında şəxsən İddiaçı verdiyi 50000 (əlli min) manatı pulu tələb edir, çünki həmin pulu özünün və anasının həyatını düşünərək vermişdir. Əgər pulu məcburiyyət qarşısında qalıb verməsəydilər, hər ikisini Kürdəmirdə ciddi təhlükə gözləyirdi. Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində baş vermiş yanğın hadisəsinin səbəbkarı İddiaçı və ya onun təhriki ilə bu hadisəni törətmiş şəxs və ya şəxslərdir, çünki 09 dekabr 2022-ci il tarixdə İddiaçılə aralarında mübahisə olmuşdur. Mübahisənin səbəbi bu idi ki, Əlvan aralarında əvvəlcədən olan razılaşmanın şərtlərini tam yerinə yetirməmiş, onun icarədar olaraq ərazidə çalışması üçün vəd etdiyi zəruri şəraiti yaratmamışdır. İddiaçılə 2021-ci ilin iyun ayının axırlarında “Facebook” sosial şəbəkəsində işgüzar niyyətlə tanış olmuş, iddiaçıya məxsus yatağın onun tərəfindən bir mövsümlük icraəyə götürülməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Belə ki, 24 sentyabr 2022-ci il tarixdə xalası oğlu Nəcəfli Şəhriyar, dostu Cabir Mehralıyev və o, Kürdəmir rayonuna getmiş, onları yolda İddiaçı qarşılamış və “Niva” avtomobili ilə onları yatağa aparmışdır; yatağa gedərkən yolda bir neçə yerdə avtomobili saxlayaraq yataq ərazisi ilə onları tanış etmişdir. Tanış etdiyi ərazi yonca və pambıq sahəsi idi ki, hər biri dediyinə görə 50 (əlli) hektar idi, həmin ərazidə heyvanların otarılmalı olduğunu bildirmiş, 10 hektar nar bağının olduğunu göstərmişdir, həmin ərazinin də otarılacağını qeyd etmişdir. Onlar yatağa baxmış, yataqda elektrik enerjisi yox idi. Şifahi razılığı ondan ibarət oldu ki, 2023-cü ilin yaylaq mövsümü ilə əlaqədar icazənin verildiyi günədək yatağı ona icarəyə verir, bunun qarşılığında isə o, Əlvana 8000 (səkkiz min) manat pul verməli idi. İlkin olaraq Cabir və Şəhriyarın yanında 4000 (dörd min) manatı İddiaçı vermiş, İddiaçı həmin pulu ona görə almışdır ki, yatağa gedən yolu kürüdəcək, işıq çəkiləcək və 50 (əlli) hektar yonca sahəsi suvarılacaqdır. Onun yatağa getməsi hüzrləri ilə əlaqədar bir müddət gecikmiş, Əlvan dəfələrlə zəng edərək onun təcili gəlməsini istədiyini bildirmiş, sonda isə bildirmişdir ki, əgər qalıq 4000 (dörd min) manatı göndərməsə, yatağı başqa şəxsə icarəyə verəcəkdir. O da məcburiyyət qarşısında qalaraq 17 oktyabr 2022-ci il tarixdə “Accessbank”dan 5000 (beş min) manat kredit götürmüş, həmin məbləğin 4000 (dörd min) manatını 18 oktyabr 2022-ci il tarixdə İddiaçı məxsus olan “Rabitəbank” kartına göndərmişdir. 22 oktyabr 2022-ci il tarixdə Samux rayonunun Hacallı kəndində yerləşən fermadan Şəhriyar adlı şəxsin idarə etdiyi “Kamaz” markalı yük avtomobili və qoşqusu ilə birlikdə X3, X9 və onun özünün iştirakı ilə 51 (əlli bir) baş iribuynuzlu mal-qaranı yükləyərək Kürdəmir rayonuna yola düşmüş, onları Kürdəmir rayonunun Çöhranlı kəndinin girəcəyində İddiaçı, oğlu Elnur və adını bilmədiyi digər şəxs qarşılamış, İddiaçı bildirmişdir ki, sahənin suvarılması ilə əlaqədar olaraq yol keçilməz palçıqdır və Kamazın qoşqu ilə dönə biləcəyi yer yoxdur. Məcburiyyət qarşısında qalaraq 51 (əlli bir) baş iribuynuzlu mal-qaranı “Kamaz” və qoşqusundan düşürərək təxminən 10 kilometrlik məsafəni piyada gedəsi olmuş, 23 oktyabr 2022-ci il tarixdə saat 03:00 radələrində yatağa çatmışlar. Həmin gün səhər saatlarında “Zil” markalı avtomobil gətirərək “Kamaz”da qalan yüklərini və 2 (iki) ton arpanı yatağa gətirmişlər. Həmin “Zil”in daşıma xərcini də o ödəmişdir. Elə ilk mübahisələri də onda yaranmışdır. Belə ki, açıq havada yola baxdıqda görmüşlər ki, Əlvan razılaşmanı şərtini pozub- fermanın yolunu düzəltdirməyib, elektrik xətti çəkilməyib. Bundan başqa, iddiaçının ona bildirdiyi kimi ərazidə 50 (əlli) hektar deyil, 18 hektar yonca sahəsi var idi, 50 ha pambıq sahəsi isə onun deyil, digər şəxsin idi. 10 ha nar bağında isə yer qupquru idi, orada ot-ələfdən əsər əlamət yox idi. Artıq Əlvan tərəfindən aldadıldığını tam başa düşmüşdü, çünki mal-qaranı yemləmək üçün ərazidə heç nə yox idi. 09 dekabr 2022-ci il tarixdə Əlvandan 8000 (səkkiz min) manat pulunu tələb etmiş, Əlvan isə ona bildirmişdir ki, “pul-zad vermirəm, heyvanın gələndə arıq idi, indi isə kökəlib”. Mübahisə bir müddət davam etmiş və İddiaçı çıxıb getmişdir. Həmin günün sabahı məlum yanğın hadisəsi baş vermişdir. Sonradan ona məlum olmuşdur ki, bu, yataqda ilk yanğın deyilmiş, yataqda sayca üçüncü yanğın imiş. Həmin yanğının baş verməsində onun zərrə qədər təqsiri yoxdur. Birincisi, heyvanlar olan tövlədə hər hansı alışdırıcı maddədən istifadə etməyə ehtiyac yox idi, çünki tövlənin döşəmədən tavana qədər hündürlüyü 2 metr, uzunluğu 40 metr və eni 7-8 metr idi, adi vaxtda orada istidən durmaq olmurdu. Hadisə vaxtı yataqda yalnız anası və o olmuşlar. O, heç vaxt siqaret çəkməmişdir, tövləyə girərkən baş fənəri və əl fənərlərindən istifadə edirdi. 09 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kənd sakini Cavid adlı şəxsə məxsus olan fərdi yaşayış evində telefonunu, baş fənərini və əl fənərlərini şarj etdirmişdir. Kibrit və alışqandan yalnız yatağın yaşayış sahəsində qaldıqları evdə sobanın yandırılması üçün istifadə etmişlər. Yanğın hadisəsi baş verən zaman ümumilikdə tövlədə 56 (əlli altı) baş iribuynuzlu heyvan olmuşdur. Həmin heyvanlardan 39 (otuz doqquz) baş ona, 17 (on yeddi) baş isə Əlvana məxsus olmuşdur. Həmin heyvanlardan yalnız 1 (bir) başı sağ çıxmışdır. Yanğın baş verən gün aşkar olundu ki, əslində Əlvanın 17 (on yeddi) baş dediyi mal-qaradan yalnız 8 (səkkiz) başı Əlvana məxsus imiş, digər 9 (doqquz) baş heyvan başqa şəxsə məxsusdur. Ona məxsus 39 (otuz doqquz) baş mal-qaradan 7 (yeddi) başı camış, 32 (otuz iki) baş isə inək cinsinə məxsus olmuşdur. Digər 11 (on bir) baş ona məxsus olan iribuynuzlu mal-qara isə digər tövlədə olduğundan, sağ qalaraq yanmaqdan xilas olmuşlar. Həmin 11 (on bir) baş mal-qara- 2 (iki) baş düyə və 9 (doqquz) baş buzovdan ibarət olmuşdur. İddiaçı iddia ərizəsində 44 (qırx dörd) baş iribuynuzlu malqaranın yanaraq məhv olduğunu göstərir və 44 (qırx dörd) baş iri buynuzlu mal-qaradan 22 (iyirmi iki) başının ona məxsus olduğunu və həmin 22 (iyirmi iki) baş mal-qaranı 33000 (otuz üç min) manata aldığını göstərir. İddiaçının dediklərinin həqiqət olmadığını təsdiq etmək üçün bir neçə məqamı məhkəmənin diqqətinə çatdırmaq istəyir. Birincisi, İddiaçı 22 (iyirmi iki) baş mal-qaranın alınması ilə bağlı fərqli mülahizələr irəli sürür. İddia ərizəsində, 22 (iyirmi iki) baş mal-qaranı Kürdəmir rayonunun Ərəbqubalı kənd sakinlərindən aldığını bildirir, məhkəməyə təqdim etdiyi Ərəbqubalı kənd bələdiyyəsinin məlumatında isə göstərilir ki, Kürdəmir rayonunun Ərəbqubalı bələdiyyəsinin sədrinin iştirakı ilə Məhərrəmli kəndindən iki-üç gün ərzində təxminən 30000 (otuz min) - 35000 (otuz beş min) manat dəyərində 22 (iyirmi iki) baş iribuynuzlu damazlıq heyvan almışdır. İddaçı İddiaçı Bələdiyyəni qanunsuz məlumat verməyə vadar etmişdir. Yanğın baş verən zaman 44 (qırx dörd) baş deyil, 55 (əlli beş) baş iribuynuzlu mal-qaranın yanaraq tələf olmasının təsdiqi Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Epizootik təbirlər şöbəsinin 10 dekabr 2022-ci il tarixdə tərtib etdiyi aktdır. Həmin aktı o, İddiaçı və həmin şöbənin müdiri Nəbi Veyisli şəxsən imzalamışlar. Həmin aktda tələf olan mal-qaranın sayının 55 (əlli beş) baş olduğu müəyyən edilir. Hal-hazırda onun İddiaçı tələbi 50000 (əlli min) manat polisdə ondan əsassız olaraq aldığı məbləğ, 8000 (səkkiz min) manat icarə haqqı və 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaranın tələf olmasına görə dəymiş ziyan olan 86500 (səksən altı min beş yüz) manatın və vəkilə ödədiyi 800 (səkkiz yüz) manat xidmət haqqının alınıb ona ödənilməsidir. 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaranın hal-hazırki bazar qiymətini real qiymətlərlə göstərmək istəyir. 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaradan 7 (yeddi) başı camış cinsinə məxsusdur, bunlardan 4 (dörd) başı məhsuldar camış, 1 (bir) başı toxumluq kəl, 2 (iki) baş isə kəlçədır. 1 (bir) baş məhsuldar camışın qiyməti-2500 (iki min beş yüz) manat, 1 (bir) baş kəlin qiyməti-3000 manat, 1 (bir) baş kəlçənın qiyməti-750 manat, 39 (otuz doqquz) baş iribuynuzlu mal-qaradan 32 (otuz iki) baş inək olmuşdur. 32 (otuz iki) baş iribuynuzlu mal-qaradan 9 (doqquz) başı üç-dörd illik cöngə, 2 (iki) başı on bir aylıq erkək dana, 21 (iyirmi bir) başı isə boğaz inəklərdir. Üçdörd yaşlı cöngənin 1 (bir) başının qiyməti-3000 (üç min) manat,1 (bir) baş erkək dana 1500 (min beş yüz) manat, 1 (bir) baş məhsuldar boğaz inək-2000 (iki min) manatdır. Ona görə də cavabdeh tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi vermişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 icraatında olmuş HK-1-2603 nömrəli material üzrə 20 dekabr 2022-ci il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Kürdəmir rayonunun Xırdapay kəndində yaşayan İddiaçı 12 dekabr 2022-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yerləşən özünə məxsus ferması və heyvanlarının çoban Cavabdeh tərəfindən yandırıldığını göstərməklə, Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İddiaçı ərizəsi əsasında araşdırma aparılmış və izahatlar alınmışdır. İddiaçı izahatında yanğın nəticəsində cəmi 44 (qırx dörd) baş iribuynuzlu heyvanın tələf olduğunu və həmin heyvanlardan 22 (iyirmi iki) başının Siraca, 22 (iyirmi iki) başının da ona məxsus olduğunu, Siraca təxminən 33000 (otuz üç) manat, özünə isə fermanın binası və heyvanlarla birlikdə 50000 (əlli min) manat, Siracla ikisinə ümumilikdə 83000 (səksən üç min) manat maddi ziyan dəydiyini bildirmişdir. Cavabdeh da izahatında yanğın nəticəsində cəmi 44 (qırx dörd) baş iribuynuzlu heyvanın tələf olduğunu və həmin heyvanlardan 22 (iyirmi iki) başının Əlvana, 22 (iyirmi iki) başının da ona məxsus olduğunu, İddiaçı təxminən 50000 manat, özünə isə təxminən 33000 (otuz üç min) manat, ikisinə birlikdə 83000 (səksən üç min) manat maddi ziyan dəydiyini bildirmişdir. İddiaçı 20 dekabr 2022-ci il tarixdə Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yerləşən özünə məxsus olan ferması və 22 (iyirmi iki) baş irbuynuzlu heyvanlarının həmin fermada çoban işləyən Cavabdeh ehtiyatsızlığı səbəbindən yandığını, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını göstərməklə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 10 dekabr 2022-ci ıl tarixdə saat 06:40 radələrində Kürdəmir rayonunun Çöhranlı kənd ərazisində yerləşən, İddiaçı məxsus ferma və 22 (iyirmi iki) baş irbuynuzlu heyvanları həmin fermada çoban işləyən Cavabdeh ehtiyatsızlığından yanaraq İddiaçı xeyli miqdarda maddi ziyan dəymişdir, maddı ziyan dəymiş Qəniyev X7 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Cavabdeh heç bir şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1 maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Kürdəmir rayonu Xırdapay kəndində yaşayan İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -2022-ci ildə Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin icraatında olmuş HK-1- 2603 nömrəli material üzrə İddiaçı tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş ərizənin surətindən görünür ki, İddiaçı 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yerləşən özünə məxsus olan fermasının və 22 (iyirmi iki) baş irbuynuzlu heyvanın həmin fermada çoban işləyən Cavabdeh ehtiyatsızlığı səbəbindən yandığını, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmadığını göstərməklə, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. -2022-ci ildə Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin icraatında olmuş HK-1- 2603 nömrəli material üzrə araşdırılmış digər sənəd- 10 dekabr 2022-ci il tarixdə Kürdəmir Rayon Yangından Mühafizə Hissəsinin əməkdaşları: daxili xidmət mayoru Ozal Şirinov, daxili xidmət baş çavuşu Orxan Cəbrayılov və daxili xidmət baş çavuşu Elşad Ağamalıyev tərəfindən birgə tərtib edilmiş “Yanğın haqqında ilkin akt”ın təsdiqlənmiş surətindən görünür ki, 10 dekabr 2022-ci il tarixdə 10 dekabr 2023-cü il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndindəki fermada yerləşən tövlənin yanması barədə hissəyə 06:59-da məlumat daxil olmuş, 08:55-də yanğın tamamilə söndürülmüşdür. Yanğın nəticəsində 39 (otuz doqqquz) baş iribuynuzlu heyvan tələf olmuş, tövlənin tavan hissəsindən 130 kvadratmetr sahə yanıb məhv olmuşdur. -2022-ci ildə Kürdəmir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin icraatında olmuş HK-1- 2603 nömrəli material üzrə araşdırılmış digər sənəd- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional dövlət yanğın nəzarəti idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovniki X8 Rayon Polis Şöbəsinin rəisinə ünvanladığı 16 dekabr 2022-ci il tarixli xx/xx-03417 nömrəli məktubun təsdiqlənmiş surətindən görünür ki, 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndində İddiaçı məxsus fermada baş vermiş yanğın hadisəsi ilə bağlı toplanmış ilkin sənədlər (08 vərəq) materiala əlavə edilməsi üçün aidiyyəti üzrə (sorğu əsasında) Kürdəmir Rayon Polis Şöbəsinə göndərilmişdir. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Kürdəmir rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsinin rəisinin Kəlbəcər Rayon Məhkəməsinə ünvanladığı 13 sentyabr 2023-cü il tarixli 3-22-1-2-30/2- 129-2023 saylı məktubda qeyd edilir ki, 10 dekabr 2022-ci il tarixdə Kürdəmir rayonunun Çöhranlı kəndi ərazisində yerləşən, Kürdəmir rayonunun Xırdapay kəndinin sakini İddiaçı məxsus fermada baş vermiş yanğın hadisəsi zamanı tələf olmuş mal-qara ilə bağlı bildiririk ki, 10 dekabr 2022-ci il tarixdən Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin Epizootik tədbirlər şöbəsinin baytar həkimi X10 həmin fermada olmuş və bu barədə akt tərtib etmişdir (məktuba müvafiq aktın təsdiqlənməmiş fotosurəti əlavə olunmuşdur). Tətbiq edilməli normativ hüquqi aktlar: -Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra- Konstitusiya) 125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. -Konstitusiyanın 129-cu maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. -Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 1091.1ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -Mülki Məcəllənin 1092.1-ci maddəsindən görünür ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.3-cü maddədə “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmədiyi və yenidən sübut edilmədiyi”, 82.4-cü maddədə “məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olması” göstərilsə də, həmin maddədən görünür ki, cinayət təqibi ilə bağlı məhkəmədən kənar hər hansı qərarın mövcudluğunun mülki işlərin məhkəmədə baxılması zamanı preyudisial əhəmiyyəti yoxdur-yəni həmin məhkəmədənkənar qərarla müəyyən edilmiş hallar məhkəmədə sübut etməkdən azad olmaq üçün əsaslar sırasına daxil deyildir. -Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur; sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§93). Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hər iki iddia- həm ilkin, həm də qarşılıqlı iddia əsassızdır. Məhkəmə ilkin iddianı ona görə əsassız hesab edir ki, ilkin iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən də iddia etiraf edilməmişdir. Bundan başqa, ilkin iddiaçının istinad etdiyi, Kürdəmir Rayon Polis Şöbəsinin icraatında olmuş HK-1-2603 nömrəli material üzrə 20 dekabr 2022-ci il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı mülki işin məhkəmədə baxılmasında sübut etməkdən azad olmaq üçün əsaslar sırasına daxil deyildir. Bundan başqa, mülki işin mübahisə edilməyən halıdır ki, İddiaçı Əli oğlu yanğın hadisəsi ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı ərizə təqdim edərək, Cavabdeh heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də şikayət və tələbinin olmayacağını bildirmişdir. Bundan başqa, bəhs olunan yanğın hadisəsinin təhqiqatda araşdırılması ilə bağlı Cavabdeh Kürdəmir Rayon Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, fermada baş vermiş yanğın hadisəsini törətdiyini birbaşa etiraf etməmiş, yanğının onun fermada istifadə etmiş olduğu kibritdən yaranmış ola biləcəyini ehtimal etdiyini bildirmişdir. Məhkəmə qarşılıqlı iddianı ona görə əsassız hesab edir ki, qarşılıqlı iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh tərəfindən də qarşılıqlı iddia etiraf edilməmişdir. O cümlədən: cavabdeh (qarşılıqlı iddiaçı) yanğın zamanı 22 (iyirmi iki) başdan artıq iribuynuzlu heyvanının tələf olmasını, tələf olmuş heyvanlarının isə dəqiq say və qiymətlərini və yanğına görə təhqiqat zamanı iddiaçıya ziyanın əvəzi olaraq 50000 (əlli min) manat pul ödədiyini sübut edə bilməmişdir; iddiaçıya cəmi 33000 (otuz üç) min manat miqdarında ziyan dəydiyi iddiaçı tərəfindən qəbul edilsə də, iş materiallarından görünür ki, yanğın hadisəsi ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsində aparılmış təhqiqat zamanı tərəflər qarşılıqlı razılaşmışlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar