Məhkəmə qərarları › İş №2(040)-805/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-805/2024

16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-805/2024 16.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş ziyanın və bununla bağlı zəruri xərclərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 15050 (on beş min əlli) manat maddi ziyanın əvəzinin, həmçinin qiymətləndirmə ilə əlaqədar onun tərəfindən ödənilmiş 100 (yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 136 (yüz otuz altı) manat xərcin pul əvəzinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən evdə 1989-cu ildən atası tərəfindən ağaclar əkilmişdir. Atası ağaclara qulluq etməsi üçün uzun məsafədən öz hesabına həmin sahəyə su çəkdirmiş, həmin su xətti cavabdehə məxsus olan torpaq sahəsinin altından çəkilmişdir. Əvvəllər həmin torpaq sahəsi başqa şəxsin sahibliyində olmuş, cavabdehin sahibliyinə keçdikdən sonra, cavabdehə heç bir maneə törətmədiyi halda, ona xəbər vermədən kəsərək onların suyundan öz məqsədləri üçün istifadə etmişdir. Qeyd edilən su onların evindən çəkilmişdir, yəni suya görə haqq onların evinə gələn su kimi ödənilmişdir. Nəticədə həyətdə olan 1989-cu ildən əkilmiş müxtəlif meyvə ağacları qurumuş, ona 15050 (on beş min əlli) manat məbləğində ziyan dəymişdir. Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(125)-685/2024 nömrəli qətnaməsi ilə yekun məhkəmə aktı qəbul edilmiş, İddiaçı Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(125)-685/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 20 may 2024-cü il tarixli 2(104)-1083/2024 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 2(125)-685/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş 05 iyul 2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinə daxil olmuş, iş üzrə hazırlıq iclası 12 avqust 2024-cü il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 16 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə baxış iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən, mübahisə predmetinə aid dörd sot torpaq sahəsi Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncam və layihəsi əsasında 1989-cu ildən bağ kimi mərhum atasının istifadəsində olmuş, 2014-cü ildə atası həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Həmin bağda atası tərəfindən ağaclar əkilmiş, uzun illər həmin ağaclara qulluq etmişdir. Bağda 30-a yaxın bar verən ağaclar olmuşdur. Atası 2015-ci ildə vəfat etmişdir. Onlar şlank (rezin boru) vasitəsilə günaşırı olaraq ağacları özləri sulamışlar. Cavabdeh tərəfindən 2021-ci ildə həmin bağ sahəsinə gedən su şlankı kəsilmiş, bu səbəbdən bağda olan ağaclar qurumuşdur; amma su şlankının dəqiq nə vaxt kəsildiyini bilməmişdir. Cavabdehin evində tikinti gedən vaxtlar evdə olmuş və xəbərdarlıq etmiş, ustalara da dəfələrlə həmin ərazidən su xətti getdiyini və ehtiyatlı olmalarını demişdir. Həmin ərəfədə bir müddət Bakı şəhərinə getmiş, Bakıdan qayıtdıqdan üç gün sonra ağacları sulamağa gələndə görmüşdür ki, ağacların dibləri qurudur, su borusu kəsilmiş, torpağın içində qalmışdır; fəhlələrdən bunun səbəbini soruşduqda fəhlələr ona Cavabdeh adını vermişlər. Bundan sonra cavabdehdən polisə şikayət etmiş, “necə kəsibsə, gəlsin təzminatını ödəsin” demişdir. Cavabdeh su borusunu çöldən kəsib, izi itirdiyindən su borusunun haradan kəsildiyini tapmaq üçün 100 (yüz) manat da xərci çıxmışdır. O, borunun kəsildiyini biləndən sonra iki-üç günə suyun verilməsini bərpa etmişdir, artıq xeyli müddətdir ki, həyətə su gedir. Onun məhv edilmiş şlankının uzunluğu əlli metr olmuş, cavabdeh 100 (yüz) manat bir dəfə, 150 (yüz əlli) manat da bir olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğdə şlankın pulunu ödəmişdir. 2022-ci ildən bəri ağaclar suvarılmadığından və havalar da isti keçdiyinə görə ağaclar qurumuşdur. Ona görə də cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəyən ziyanın əvəzinin ödənilməsini tələb edir. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həmin ərazidən ev tikmək üçün sərəncam və layihə əsasında dörd sot torpaq sahəsi almış, tikinti aparılan vaxt iddiaçı gəlib torpağın altında şlank olduğu barədə xəbərdarlıq etmişdir, belə ki, iddiaçının öz mənzilindən özünün istifadəsində olan torpaq sahəsinə çəkdiyi su borusu ona məxsus torpaq sahəsindən keçmişdir. 2022-ci ilin fevral ayında onun torpaq sahəsində tikinti işləri aparan ustalar özləri də istəmədən iddiaçının su şlankını qırmışlar. Həmin vaxt iddiaçının özünün də məlumatı olmuş və o, iddiaçıya borunun əvvəlki vəziyyətinə qaytarılacağını bildirsə də iddiaçı razılaşmadığından, kəsilmiş su borusunun bərpası üçün təzə borunun alınmasını və ya pulunun iddiaçıya verilməsini təklif etdikdə iddiaçı pulun ödənilməsini tələb etdiyindən ilkin olaraq iyirmi altı manat pulu sahə rəisinin yanında iddiaçıya vermişdir. Sonradan iddiaçı yenidən ondan şikayət etdikdən sonra iddiaçıya əvvəlcə 100 (yüz) manat, daha sonra 150 (yüz əlli) manat pul vermişdir. Həmin bağ sahəsində olan ağacların qurumasında onun heç bir günahı yoxdur. İddiaçı əslində həmin torpaq sahəsində tikinti aparmaq üçün ağacları özü kəsdiyinə görə ekologiya idarəsindən gəlib ona xəbərdarlıq olunduğuna görə indi yalandan ona şər ataraq ağacların guya onun tərəfindən qurudulmasını bəhanə edir. İddia əsassızdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Arxivinin Gəncə filialının İddiaçı ünvanladığı 13 fevral 2024-cü il tarixli məktubda (ünvan 524-cü il tarixdə (reyestr № 1S-1422) notariat qaydasında təsdiq olunmuş surətidir) göstərilmiş Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 04 noyabr 2014-cü il tarixli 1859 nömrəli sərəncamının surətindən görünür ki¸ ünvan 2ndə, 1 nömrəli çörək zavodunun arxa tərəfində yerləşən 400 kvadratmetr torpaq sahəsində X2 tərəfindən fərdi yaşayış evinin yerləşdirilməsinə icazə verilmişdir. İş materiallarında olan: "xxxx" MMC tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 28 noyabr 2023-cü il tarixli hesabatdan görünür ki, X1 məxsus ünvan 2ndə, 1 nömrəli çörək zavodunun arxa tərəfində yerləşən 400 kvadratmetr torpaq sahəsində əkilmiş iyirmi səkkiz ədəd müxtəlif növ meyvə ağaclarının xərc yanaşması metodu ilə 28 noyabr 2023-cü il tarixə real bazar dəyəri 15050 (on beş min əlli) manat təşkil edir. İş materiallarında olan: Vİ-JQ 456547 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxxx 1979-cuildə doğulmuş İddiaçı atası barədə məlumat qrafasında “X3” adı göstərilmişdir. İş materiallarında olan: AZ-İ 732509 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 26 yanvar 2015-ci ildə ölmüşdür. İş materiallarında olan: 01 yanvar 2005-ci il tarixli 33065263 nömrəli müqavilədən görünür ki, "xxxx" ASC ilə Gəncə şəhəri 5-ci mikrorayon ev 7 mənzil 57-də yaşayan istehlakçı Pənahov Pərzuman arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəf tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir: iddiaçı mübahisə predmeti olan əraziyə özünün subyektiv hüququnun olduğunu, cavabdeh tərəfindən ona maddi ziyan vurulması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddiaçıya məxsus su borusunun qanuni çəkilməsi və su borusunun zədələnməsində cavabdehin təqsirli olması məsələlərinə qiymət vermədən məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçıya məxsus su borusunun cavabdehin hətta təqsirli hərəkətləri ilə ləğv edilməsi hazırki halda iddiaçıya məxsus 15050 (on beş min əlli) manat miqdarında ziyan dəyməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçının suyun kəsilməsindən çox müddət keçmədən məlumatı olmuş və su borusunun bərpası üçün lazım olan ağlabatan miqdarda xərc cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar