Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-827/2025 29.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin ona vurduğu 9000 (doqquz min) manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu 9000 AZN (doqquz min manat) məbləğində pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1968-ci ildə Kəlbəcər rayonunun İstisu qəsəbəsində doğulmuş, erməni daşnaklarının hücumu nəticəsində öz torpaqlarından didərgin salınaraq Mingəçevir şəhərində məskunlaşıb yaşayır. 10 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhərində həmkəndlisinin xeyir işində olan zaman orada Qənbər adlı şəxslə tanış olmuş, həmin vaxt Qənbərlə söhbət zamanı Qənbərə iribuynuzlu heyvan alıb saxlayacağını demiş, bu zaman Qənbər ona heyvan almaqdansa özü ilə şərikli iş görməsini təklif etmişdir. Həmin ərəfədə onun 4000 (dörd min) manat məbləğdə pulu olmuşdur. Qənbərə iş haqqında gedib evdə danışmalarını demiş, Qənbərlə birlikdə həmkəndlisinin evindən çıxıb onun evinə gəlmişlər. Qənbərdən qurulacaq iş haqqında məlumat soruşanda Qənbər ona "Ford" markalı avtomobil alacağını və həmin avtomobillə Gəncə şəhərindən xırdavat əşyalar alıb gətirərək Mingəçevir şəhərində satacağını demişdir; Qəmbər həmin vaxt "Galaxy" adlı firmada işlədiyini demiş və işdən çıxıb bu işi birlikdə görəcəklərini bildirmişdir; o da Qənbərin verdiyi sözlərə inanmışdır. Bundan sonra 13 dekabr 2021-ci il tarixdə evdə olan 4000 (dörd min) manat məbləğdə pulunu və özünə məxsus qızıl-zinət əşyalarını götürüb Qənbərlə birlikdə Gəncə şəhərinə getmişdir. Gəncə şəhərinə gəldikdən sonra ilk olaraq “əl krediti" (qarşılıqlı razılaşma ilə hissə-hissə ödəniş) ilə 19500 (on doqquz min beş yüz) manata olan avtomobilə ilkin olaraq 4000 (dörd min) manat ödəniş etməklə "Ford" markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili almışlar- 24 ay müddətinə aylıq 635 (altı yüz otuz beş) manat ödəmək şərtilə. Daha sonra onlar Gəncə şəhərində “Kredit evi” adlanan lombard ofisinə yaxınlaşaraq ona məxsus qızıl-zinət əşyalarını girov qoyaraq 3800 (üç min səkkiz yüz) manat məbləğində kredit götürmüşlər; “Kredit evi”nə qoyduğu qızıl-zinət əşyaları- 2 ədəd qolbaq, 1 ədəd “sep” (boyunbağı), 1 ədəd boyunbağı, 1 cüt sırğa, 4 ədəd üzük, 1 ədəd komplekt üzükdən ibarətdir və ümumi çəkisi 68,40 qram olmuşdur. Bu zaman həmin kredit evinə Qənbər də özünə məxsus 2 ədəd üzük, 1 ədəd qolbaq və 1 ədəd sırğa girov qoymuş və onların ümumi çəkisi 08 qram olmuşdur. O, qızıl qoyub götürüdükləri həmin pulu da Qənbərə vermişdir. Bundan sonra Cavabdehlə birlikdə Gəncə şəhərindən məişət əşyaları almışlar. Eyni zamanda da Goranboy rayonunun Goran qəsəbəsindən yenə əlavə məişət aşyaları alaraq birlikdə Mingəçevir şəhərinə gətirmiş və həmin məişət əşyalarını onun evinə boşaltmışlar. Daha sonra bacısı ona məxsus qızıl “sepi” göndərmişdir- qızıl “sep” 15,30 qram çəkidə olmuşdur; həmin “sepi” də girov qoyub yenə kredit götürməsi üçün cavabdehə vemişdir. Cavabdeh də həmin qızıl “sepi” götürərək Bərdə rayonuna getmiş və orada yerləşən lombardlardan birinə girov qoyaraq 630 (altı yüz otuz) manat məbləğdə krediti öz adına götürmüşdür. Cavabdeh qızıl-zinət əşyaları və keçilərin dəyəri olan 5000 (beş min) manat məbləğdə pula məişət əşyaları alaraq satmış və həmin əşyaların satışından əldə olunmuş 8000 (səkkiz min) manat məbləğdə puldan ona heç bir ödəniş etməmişdir. Daha sonra Cavabdeh və onun qayını onun evində otağın birində yaşayaraq Mingəçevir şəhərində işləmişlər; işlədikləri dövrdə həmin şəxslər ona ümumilikdə kommunal xərc olan 150 (bir yüz əlli) manat pul vermişlər. Daha sonra cavabdehin qaynı işdən çıxmış, başqa bir şəxs sürücü kimi işləmiş, lakin həmin sürücü onun evində qalmamışdır. Daha sonra Cavabdeh ona bildirmişdir ki, aldıqları avtomobili şirkətə verib və şirkət həmin krediti ödəyəcək, eyni zamanda aylıq ona 800 (səkkiz yüz) manat pul verəcək. O, hazırki vaxtadək Qənbərlə əlaqə saxlasa da, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Bundan başqa, Cavabdeh ona məxsus 5 (beş) baş keçini Göyçay bazarında sataraq 500 (beş yüz) manat pul əldə etmişdir. Ümumilikdə Cavabdeh onun etibarından sui-istifadə edərək ona 9000 (doqquz min) manat məbləğdə maddi ziyan vurmuşdur. O, dəfələrlə Cavabdeh ona vurmuş olduğu maddi ziyanı ödəməsini tələb etmiş, lakin cavabdeh ona dəymiş maddi ziyanı ödəməkdən imtina edir. O, pulunu başqa qaydada cavabdehdən ala bilmir, buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehin əməlində cinayət tərkibinin əlamətləri vardır, barəsində xüsusi qərardad çıxarılmaqla prokurorluğa məlumat verilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində səhhəti pisləşmiş, dərin stres və əsəb keçirir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid ifadəsində bildirmişdir ki, İddiaçı tanışıdır; Cəmilənin Mingəçevir şəhərində mal-heyvan saxladığı ferma ilə onun sahibkarlıq fəaliyyəti göstərdiyi obyekt yaxın-yaxına yerləşirlər. Cavabdeh yaxından tanımır. Təxminən iki ay əvvəl İddiaçı, Cəmilənin qardaşı Məzahir və Qənbər söhbət edərkən Qənbərin Cəmiləyə 4500 (dörd min beş yüz) manat borcu olduğunu etiraf etdiyini eşitmişdir. İş materiallarında olan: Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 HK-1/2152 nömrəli material üzrə qəbul etdiyi 14 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsdiqlənməmiş fotosurətindən oxunur ki, aparılan araşdırma zamanı Mingəçevir şəhəri Energetika küçəsi 25/5-də yaşayan İddiaçı 06 avqust 2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”nə zəng edərək, iki il bundan əvvəl qazanc əldə etmək məqsədi ilə həmkəndlisi Qənbər adlı şəxsə 9000 (doqquz min) manat pul və “Ford” markalı avtomobili kreditlə verməsi, lakin Qənbərin onu aldadaraq avtomobili başqa şəxsin adına keçirdiyini və ona vermiş olduğu vədə əməl etmədiyini bildirmiş və bununla bağlı Gəncə Çəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsində izahat vermiş, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı tanışı Cavabdeh ona qarşı dələduzluq etməsi faktının öz təsdiqini tapmadığı, araşdırma zamanı tərəflər arasında qarşılıqlı razılıq əsasında birlikdə iş qurmaq üçün yaranmış xüsusat mülki xarakterli məsələ kimi tövsif edildiyindən, mülki xarakterli məsələlərin məhkəmə orqanları səlahiyyətində olduğundan və toplanmış materialda cinayət tərkibi, inzibati xəta yaranmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş İddiaçı mülki tələblə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır (həmin fotosurət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələbinə uyğun olmadığından, məhkəmə həmin kağız daşıyıcını sübut kimi qiymətləndirmir-hakimin qeydi). İş materiallarında olan: Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 HK-1/2239 nömrəli material üzrə qəbul etdiyi 21 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsdiqlənmiş surətindən görünür ki, aparılan araşdırma zamanı 14 avqust 2024-cü il tarixdə Mingəçevir şəhəri, Energetika küçəsi 25/5-də yaşayan İddiaçı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciəti əsasında, tanışı Qənbər adlı şəxsə 9000 (doqquz min) manat pul və “Ford” markalı avtomobili kreditlə verməsi, lakin Qənbərin onu aldadaraq avtomobili başqa şəxsin adına keçirməlkə onu aldatması səbəbindən onun intihar etmək istəməsi, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma halları toplanmış materialda öz əksini tapmadığından və toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin tərkibi olmadığından, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini mülki iş materialları ilə birlikdə araşdırmaqla hesab edir ki, iddia qismən- 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitinin tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməsə də, Şahid ifadəsində Cavabdeh İddiaçı 4500 (dörd min beş yüz) manat borcunun olduğunu bildirmişdir. İddia qalan hissədə - 4500 (dörd min beş yüz) manat pul tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından və həmin hissədə cavabdeh tərəfindən etiraf olunmadığından, həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4500 (dörd min beş yüz) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-827/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-827/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver