Məhkəmə qərarları › İş №2(040)-839/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-839/2024

26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-839/2024 26.08.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu , İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 09 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 1637,45 manat əsas, 111,22 manat faiz, 83,55 manat cərimə olmaqla, cəmi 1832,22 manat borcun və ödənilmiş 38,32 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin 30 may 2024-cü il tarixə kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1637,45 manat əsas, 111,22 manat faiz, 83,55 manat cərimə olmaqla, cəmi 1832,22 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli 12-Y-2-0-1869-22 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 4000 manat məbləğdə kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 30 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “12-Y-2-0-1869-22” nömrəli kredit müqaviləsi üzrə cəmi 2970,25 manat ödəniş etmiş, onun borcu- əsas məbləğ üzrə 1637,45 manat, faiz borcu üzrə 111,22 manat, cərimə üzrə 83,55 manat olmaqla, ümumilikdə 1832,22 manat təşkil edir. İş materiallarında olan: İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş (poçt qəbzi var) 30 may 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh kredit borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən və müqavilə şərtlərinə istinad edərək hesab edirəm ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, İddiaçı ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, tərəflər arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hesab edirəm ki, cavabdehə hesablanmış 83,55 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 10 (on) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 73,55 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 38,32 manat dövlət rüsumunun 37,58 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia qismən təmin edilməli, cavabdehdən 1637,45 manat (min altı yüz otuz yeddi manat 45 qəpik) əsas borc, 111,22 manat (yüz on bir manat 22 qəpik) faiz, 10 (on) manat cərimə olmaqla, cəmi 1758,67 manat (min yeddi yüz əlli səkkiz manat 67 qəpik) kredit borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 37,58 manat (otuz yeddi manat 58 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 1637,45 manat (min altı yüz otuz yeddi manat 45 qəpik) əsas borc, 111,22 manat (yüz on bir manat 22 qəpik) faiz, 10 (on) manat cərimə olmaqla, cəmi 1758,67 manat (min yeddi yüz əlli səkkiz manat 67 qəpik) kredit borcu və 37,58 manat (otuz yeddi manat 58 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar