Məhkəmə qərarları › İş №2(040)-84/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-84/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-84/2024 22.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 300 (üç yüz) manat pulun, gecikdirmə faizinə və əlavə çəkdiyi xərclər üçün, yəni yollara xərclədiyi 200 (iki yüz) manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Beyləqan rayonunda yaşayır. Münasibətdə olduğu və yaxın vaxtlarda tanıdığı Cavabdeh şifahi razılaşmaya əsasən əlbəəl 300 (üç yüz) manat borca pul vermişdir. Cavabdeh həmin puldan bir manat da olsa qaytarmamışdır. Telefonda hər dəfə onu aldadır və pulu ödəyəcəyini deyir. Cavabdeh 300 manat borcunun olduğunu telefon danışığında da etiraf edir. Cavabdehdən ona olan borcunu ödəməsini tələb etsə də, hər dəfə ona yalan vədlər verərək aldadır. Pulunu geri almaq üçün cavabdehi dəfələrlə axtarmış, onun arxasınca yollara çox pul xərcləmişdir. Lakin bugünədək pulunu ala bilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 08 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbini qismən qəbul etdiyini, İddiaçı 270 (iki yüz yetmiş) manat pul aldığını, həmin puldan 140 (yüz qırx) manatını qaytardığını, iddiaçıya hazırda 130 (yüz otuz) manat borcunun qaldığını, maddi imkanı aşağı olduğuna görə borcunu qaytara bilmədiyini və etiraz etmədiyini, həmin 130 (yüz otuz) manat borcunu qaytaracağına söz verdiyini qeyd edərək, maddi vəziyyətilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasına gəlməməsinin səbəbinin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh borc olaraq 300 (üç yüz) manat pul vermişdir. Cavabdehin özü də ona 300 (üç yüz) manat pul borclu olduğunu telefon danışıqlarında etiraf edir. Cavabdeh həmin puldan bir manat da olsa qaytarmamışdır. Ona görə də Cavabdeh 300 (üç yüz) manat pulun, gecikdirmə faizinə və əlavə çəkdiyi xərclər üçün, yəni yollara xərclədiyi 200 (iki yüz) manat pulun və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun pul əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi 270 (iki yüz yetmiş) manat pul və 30 (otuz) manat dövlət rüsumunun tələbi hissəsində əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməsə də, cavabdeh iddiaçıdan borca 270 (iki yüz yetmiş) manat pul almasını etiraf etmiş, aldığı borcun bir qismini, yəni 140 (yüz qırx) manatını qaytardığını, iddiaçıya hazırda 130 (yüz otuz) manat borcunun qaldığını bildirmiş, lakin borcun bir hissəsini qaytarmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə olan halda, Cavabdeh 270 (iki yüz yetmiş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qalan hissədə- 270 (iki yüz yetmiş) manatdan artıq olan 30 (otuz) manat pul tələbinə, 200 (iki yüz) manat gecikmə faizi və əlavə xərc tələbinə dair hissədə iddia əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə 270 (iki yüz yetmiş) manatdan əlavə 30 (otuz) manat pul tələbi, 200 (iki yüz) manat əlavə çəkdiyi xərcin əsasları barədə məhkəməyə sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 270 (iki yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi, cəmi 300 (üç yüz) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar