Məhkəmə qərarları › İş №2(040)-843/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-843/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-843/2023 09.10.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla 08 fevral 2009-cu il təvəllüdlü X3 və 20 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün tutulan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına və mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 50 (əlli) manat xərcin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2006-cı il tarixdə faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuş, faktiki nikahdan 08 fevral 2009-cu il tarixdə övladı X7 doğulmuşdur. 28 iyun 2011-ci il tarixdə nikahlarını rəsmi qeydə aldırmışlar. Nikahlarını qeydə aldırdıqdan sonra 20 oktyabr 2014-cü il tarixdə övladları X2 doğulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-820/2020 saylı 18 may 2020-ci tarixli qətnaməsi ilə nikahları pozulmuş, 20 oktyabr 2014-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılmışdır. Digər oğlu 08 fevral 2009-cu il təvəllüdlü X7 isə cavabdeh tərəfindən həmin vaxt atalıq verilmədiyinə görə məhkəmə ona münasibət bildirməmişdir. Goranboy Rayon Məhkəməsinin “Aprel 2021ci il” tarixli (əslində 08 iyun 2021-ci il tarixli 2(045)-852/2021 saylı- hakimin qeydi) qətnaməsinə əsasən, Cavabdeh 20 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 105 (yüz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Goranboy Rayon Məhkəməsinin “İyun 2021-ci il” tarixli (əslində 27 iyul 2021-ci il tarixli 2(045)-1083/2021 saylı- hakimin qeydi) qətnaməsinə əsasən, Cavabdeh 08 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 105 (yüz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Həmin qətnamələr qanuni qüvvəsini almış və icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Cavabdeh 01 avqust 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, alimentin artırılmasına heç bir əsaslı səbəb yoxdur. Belə ki, hazırda, o, heç yerdə işləmir, daha doğrusu iş tapa bilmir, heç bir gəlir yeri yoxdur. Sahibkarlıqla məşğul olmur. Yeni ailə qurmuşdur, bir uşağı anadan olmuşdur. Evi olmadığı üçün yeni ailəsilə kirayədə qalır. Sosial müavinət almır. Yeni həyat yoldaşı körpə uşağa qulluq etməsi ilə əlaqədar heç yerdə işləmir. Heç bir gəlirləri yoxdur. Ayrı-ayrı şəxslərin həyətlərində təsadüfi işlərdə fəhlə işləməklə qazandığı cüzi məbləği məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 210 (iki yüz on) manat alimenti ödəməyə məcbur olur, hətta həmin alimenti də vaxtlıvaxtında ödəyə bilmir. Hazırda maddi vəziyyəti olduqca ağır olmuşdur, dözülməzdir: yeni ailəsini və uşağını quru çörəklə təmin edə bilmir. Əslində, yaxın insanların təmənnasız yardımları sayəsində birtəhər yaşayırlar. İddiaçı Bakı şəhərində “Ümid ağacı” Nitq Mərkəzində loqoped-həkim vəzifəsində işləyir və hər ay 1000 (min) manat məvacib alır. İddiaçının maddi vəziyyəti onun maddi vəziyyətindən qat-qat yaxşıdır. Odur ki, alimentin artırılmasına heç bir zərurət və qanuni əsas yoxdur. Ona görə də alimentin artırılması tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı 24 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh 20 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə verərək, növbəti məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 24 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Goranboy Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 20 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 105 (yüz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Bundan başqa, Goranboy Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 08 fevral 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 105 (yüz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunmuşdur. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, ərzaq, geyim, məktəb ləvazimatlarının qiymətləri dəfələrlə qalxdığından və uşaqların ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkir. Aldığı aliment məbləği hazırki şəraitdə uşaqların ən zəruri xərclərini ödəmir. Bu səbəbdən alimentin artırılması üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 20 sentyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Alimentin artırılmasına heç bir qanuni əsas yoxdur. O, heç yerdə işləmir, daha doğrusu iş tapa bilmir, heç bir gəlir yeri yoxdur. Yeni ailə qurmuşdur, yeni nikahından bir qız uşağı doğulmuşdur. Evi olmadığına görə yeni ailəsilə kirayədə qalır. Sosial müavinət almır. Ayrı-ayrı şəxslərin həyətlərində təsadüfi işlərdə fəhlə işləməklə qazandığı cüzi məbləği məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 210 manat alimenti ödəməyə məcbur olur. Hətta həmin alimenti də vaxtlı-vaxtında ödəyə bilmir. İddiaçının maddi vəziyyəti onun maddi vəziyyətindən qat-qat yaxşıdır. Onun hazırkı maddi vəziyyəti çox ağırdır. Aliment artırılarsa ödəyə bilməyəcəkdir. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Rusiya Federasiyasi Volqoqrad şəhəri Traktorozavodsk rayonu administrasiyasının VVAQ şöbəsi tərəfindən 27 fevral 2009-cu il tarixdə verilmiş İİ-PK № 505883 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 08 fevral 2009-cu ildə Rusiya Federasiyası, Volqoqrad şəhərində doğulmuş, anası-İddiaçı qeyd olunmuş, ata qrafasında qeyd aparılmamış, qrafa boş saxlanılmışdır. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2014cü il tarixdə verilmiş AZ-İİİ № 409440 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 20 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunda doğulmuş,atası-Cavabdeh,anası-İddiaçıdır. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 iyun 2021-ci il tarixli 2(045)-852/2021 saylı qətnaməsinin surətindən görünür ki, 20 oktyabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 28 aprel 2021-ci il tarixdən başlayaraq hər ay Cavabdeh 105 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 iyul 2021-ci il tarixli 2(045)-1083/2021 saylı qətnaməsinin surətindən görünür ki, 08 fevral 2009-cu ildə doğulmuş X7 adlı uşağın atasının- Cavabdeh, anasının- İddiaçı olmasının müəyyən edilməsi, cavabdehin uşağın atası kimi tanınması, 08 fevral 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 17 iyun 2021-ci il tarixdən başlayaraq hər ay üçün 105 (yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmaqla İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya təşkilatının Mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00223) X6 tərəfindən verilmiş 10 may 2023-cü il tarixli MŞG/MT-032-2023-00437 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 21 iyul 2023-cü il tarixdə verilmiş uçota dair arayışdan görünür ki, Cavabdeh sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 17 yanvar 2020-ci il tarixdən 17 yanvar 2025-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 08 fevral 2009-cu ildə doğulmuş X7 və 20 oktyabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iki uşağa görə cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeləri nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilkdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(045)-852/2021 saylı və 27 iyul 2021-ci il tarixli 2(045)-1083/2021 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin miqdarı hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin hər uşağa görə 170 (yüz yetmiş) manatdan artıq olan 50 (əlli) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı hər uşağa görə tələb edilən aylıq 220 (iki yüz iyirmi) manat alimentin aylıq 50 (əlli) manat hissəsinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırki iş üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad edildiyini (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi) və iddiaçı tərəfindən 50 (əlli) manat mediasiya xərcinin tam ödənildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin pul əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən, 60,80 manat (altmış manat 80 qəpik) dövlət rüsumu cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 08 fevral 2009-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Goranboy Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 2(045)-1083/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 105 (yüz beş) manat məbləğində, 20 oktyabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Goranboy Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(045)-852/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aylıq 105 (yüz beş) manat məbləğində tutulan alimentin miqdarı artırılsın, 08 fevral 2009-cu ildə doğulmuş X7 və 20 oktyabr 2014-cü ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə aylıq 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçıya ödənilsin. Cavabdeh 60,80 manat (altmış manat 80 qəpik) dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar