Məhkəmə qərarları › İş №2(040)-851/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-851/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-851/2024 18.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş 02 yanvar 2010-cu il təvəllüdlü X8 və 28 dekabr 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikahından 18 mart 2005-ci ildə X7, 02 yanvar 2010-cu ildə X8 və 28 dekabr 2011-ci ildə X10 adlı üç övladları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah 13 aprel 2015-ci ildə pozulmuşdur. Uşaqların saxlanması üçün Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin cavabdehdən alınıb ona ödǝnilməsi qət edilmişdir. Hazırda uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Digər uşaqlara ödənilən aliment isə onların tələbatını ödəmir. O, hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdan alınıb ona ödənilməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 29 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasına işi ilə əlaqədar gələ bilməyəcəyini, iddianı müdafiə etdiyini, mülki işə iştirakları olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 iştirak etdiyi 29 avqust 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında olan nikah Kəlbəcər Rayon Məhkəməsinin 13 aprel 2015-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli qətnaməsinə əsasən X7, X8 və X1 üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin Cavabdeh alınıb iddiaçıya ödǝnilməsi qət edilmişdir. X2 yetkinlik yaşına çatmışdır. İddiaçı iki uşağa görə 200 (iki yüz) manat aliment alır. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onun tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı aşağıdır. Bacısı İddiaçı övladlarının maddi tələbatını ödəmək üçün məcbur olub mağazada satıcı işləyir. Lakin uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, hər ay hər uşağa görə 235 manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi (atası) Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh indiyədək alimentini vaxtında ödəmiş, övladlarına gücü çatan qədər köməklik etmişdir. Lakin hazırda iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı çatmır. Maddi vəziyyəti aşağıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş edir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 noyabr 2017ci il tarixdə verilmiş AZ-T № 018370 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 02 yanvar 2010-cu ildə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 fevral 2012-ci il tarixdə verilmiş AZ-İİ № 844702 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 28 dekabr 2011-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş, atası-Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 29 mart 2016-cı il tarixli 2(005)-2064/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahından 18 mart 2005-ci ildə doğulmuş X7, 02 yanvar 2010-cu ildə doğulmuş X8 və 28 dekabr 2011-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan: Bakı 11 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli MŞB/11/2024-00498 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (altmış) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 02 yanvar 2010-cu ildə doğulmuş X8 və 28 dekabr 2011-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə ödənilən 100 (yüz) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 02 yanvar 2010-cu ildə doğulmuş X8 və 28 dekabr 2011-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli 2(005)- 2064/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 100 (yüz) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- hər uşağa 150 (yüz əlli) manatdan artıq olan 85 (səksən beş) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2016-cı il tarixli 2(005)- 2064/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. İddiaçı ilə Cavabdeh birgə nikahlarından 02 yanvar 2010-cu ildə doğulmuş X4 və 28 dekabr 2011-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla iki uşağa görə aylıq cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə əsasında alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar