Məhkəmə qərarları › İş №2(040)-872/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-872/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-872/2024 08.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5000 manat əsas, 1979,8 manat faiz, 343,65 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7323,45 manat borcun və ödənilmiş 93,24 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertası əsasında cavabdehə istehlak məqsədləri üçün 14 noyabr 2022-ci il tarixində 13 noyabr 2025-ci ilə kimi illik 28,75 faiz ödəmək şərtilə 5000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh 10 oktyabr 2022-ci il tarixində ərizəanket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi Ofertaya əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında Ümumi Ofertaya əsasən bağlanmış kredit müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin "xxxx" KB ASCyə 17 iyul 2024-cü il tarixinə 5000 manat əsas, 1979,8 manat faiz, 343,65 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7323,45 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, 08 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o Vətən müharibəsi qazisidir və səhhətilə bağlı müalicəyə xarici ölkəyə gedəcək. Hazırda borcu ödəməyə imkanı yoxdur. İddia tələbini qismən qəbul edir, 5000 manat əsas və 1979,8 manat faiz borcu gəliri olduqca ödəməyə razıdır, 343,65 manat cərimənin isə silinməsini xahiş edir (bu barədə ərizəsini təqdim etmişdir). İş materiallarında olan: "xxxx" KB ASC ilə Cavabdeh arasında 28 dekabr 2021-ci tarixli ümumi oferta çərçivəsində bağlanılmış 14 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 13 noyabr 2025-ci ilə kimi, illik 28,75 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Borcalan isə istifadə etdiyi kredit məbləğini müəyyən olunmuş müddətdə faizlə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat əsas, 1979,8 manat faiz, 343,65 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7323,45 manat borcu yaranmışdır. İş materiallarında olan: cavabdehə göndərilmiş (poçt qəbzi var) 15 may 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) - 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun)xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.avə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludanvəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən, əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbinin cəriməyə aid hissəsi ilə bağlı məhkəmə hesab edir ki, cavabdehə hesablanmış 343,65 manat məbləğində cərimə borcu azaldılmalı (Mülki Məcəllənin 467-ci maddəsinə əsasən), cavabdehin üzərində 3,65 manat (üç manat 65 qəpik) məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Qalan hissədə - 340 manat cərimə borcu hissəsində Mülki Məcəllənin 467-ci maddəsi tətbiq edildiyindən, həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 93,24 manat dövlət rüsumunun 89,83 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 (beş min) manat əsas, 1979,8 manat (min doqquz yüz yetmiş doqquz manat 80 qəpik) faiz, 3,65 manat (üç manat 65 qəpik) cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6983,45 manat (altı min doqquz yüz səksən üç manat 45 qəpik) kredit borcu, həmçinin, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən dövlət büdcəsinə ödənilmiş 89,83 manat (səksən doqquz manat 83 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat əsas, 1979,8 manat (min doqquz yüz yetmiş doqquz manat 80 qəpik) faiz, 3,65 manat (üç manat 65 qəpik) cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6983,45 manat (altı min doqquz yüz səksən üç manat 45 qəpik) kredit borcu, həmçinin ödənilmiş 89,83 manat (səksən doqquz manat 83 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar