Məhkəmə qərarları › İş №2(040)-874/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-874/2024

10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-874/2024 10.10.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “cinayət əməli nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus avtomobilə dəymiş maddi zərərə görə 5430 (beş min dörd yüz otuz) manat pulun və mənəvi ziyanla bağlı 500 (beş yüz) manat pulun tutularaq ona ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 (səksən) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Toyota Prius (hibrid)” markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin taksi fəaliyyəti ilə məşğul olan Cavabdeh gündəlik 20 (iyirmi) manat olmaqla istifadəsinə verilməsi barədə şifahi razılığa gəlmişlər. “Toyota Prius (hibrid)” markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi ilə bağlı notariat ofisində 05 iyun 2023-cü il tarixdə təsdiq edilməklə etibarnamə vermişdir. Cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq qəza törətmiş, hərəkətdə olan digər avtomobili vuraraq maddi zərərə səbəb olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-317/2024 saylı 19 aprel 2024cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin iş üzrə o, zərərçəkmiş qismində iştirak etmişdir. Cavabdeh avtomobili sıradan çıxmış vəziyyətdə ona geri qaytarmışdır, avtomobili təmir etdirməmiş, həmçinin, vurulmuş maddi ziyanı ödəməkdən yayınmışdır. Qeyd olunmalıdır ki, avtomobilin bir çox hissələri sıradan çıxmışdır, yenisi ilə əvəz edilməlidir, bəzi hissələr dəyişdirilməlidir, dəmirçi və rəngsaz işləri həyata keçirilməlidir.Ustalar tərəfindən avtomobilə baxış keçirilmişdir, avtomobilə dəymiş ziyan müəyyən edilmişdir. Avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi, təmir edilməsi, zəhmət haqqı verilməsi, hissələrin alınmasına xeyli vəsait sərf olunacaqdır. Cavabdehlə aralarında şifahi qaydada razılaşarkən avtomobil onun istifadəsində olduğu təqdirdə baş verəcək maddi zərərin və s. onun tərəfindən həll ediləcəyi razılaşdırılmışdır. Cavabdeh avtomobili təmir etdirərək qaytarmalı idi, lakin avtomobili əzilmiş vəziyyətdə qaytarmaqla maddi zərəri ödəməmişdir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyanı ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və maddi zərəri ödəməkdən yayınmışdır. Avtomobilə dair “Ekspress Servis”-də baxış keçirilmiş, 19 dekabr 2023-cü il tarixdə qüsur aktı verilmişdir. Ehtiyat hissələri üzrə 3000 (üç min) manat, digər işlərlə bağlı 2430 (iki min dörd yüz otuz) manat tələb olunur. Cəmi maddi zərər 5430 (beş min dörd yüz otuz) manat təşkil edir. Cavabdehdən 5430 (beş min dörd yüz otuz) manat məbləğində pul alınaraq ona verilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stress keçirmişdir, əsəb gərginliyinə məruz qalması səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Maddi zərərə məruz qalması şüuruna mənfi təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı 10 oktyabr 2024cü il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmişdir. Cavabdeh 03 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 03 sentyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıya həqiqətən 5430 (beş min dörd yüz otuz) manat məbləğdə maddi ziyan vurması ilə razılaşır. Həmin ziyanı maddi imkanı olduqca hissə-hissə ödəyəcəkdir. Mənəvi ziyan tələbini isə qəbul etmir, çünki o, həmin ziyanı qəsdən etməmişdir. İddianın qismən təmin edilməsini xahiş etmişdir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: “Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” Etibarnamənin surətindən görünür ki, “Toyota Prius (hibrid)” markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı Cavabdeh 05 iyun 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(003)-317/2024 saylı hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh 05 avqust 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi İddiaçı məxsus “Toyota Prius (hibrid)” markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli 1(103)-1300/2024 saylı qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(003)- 317/2024 saylı hökmü ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 5430 (beş min dörd yüz otuz) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 5430 (beş min dörd yüz otuz) manat maddi ziyan vurduğunu bildirmiş, cavabdeh də izahatında iddiaçıya 5430 (beş min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurduğunu etiraf etmişdir. Belə olan halda, Cavabdeh 5430 (beş min dörd yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İddia tələbi mənəvi ziyanla bağlı 500 (beş yüz) manat pul tələbinə dair hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı ona mənəvi ziyan vurulması ilə bağlı iddiasını əsaslandıra bilməmiş, həmin hissədə iddia sübutlarla təsdiq olunmamış və cavabdeh tərəfindən də qəbul olunmamışdır. Həmçinin, iddia tələbi qismən təmin edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 74,30 manat (yetmiş dörd manat 30 qəpik) dövlət rüsumunun pul əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 5430 (beş min dörd yüz otuz) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 74,30 AZN (yetmiş dörd manat-30 qəpik) hissəsinin pul əvəzi, cəmi 5504,30 AZN (beş min beş yüz dörd manat-30 qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar