Məhkəmə qərarları › İş №2(040)-894/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-894/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-894/2023 15.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “müqavilə üzrə borcun geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh X4 (iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə cavabdehin soyadı “Alşanzadə” kimi qeyd edilmiş, elektron informasiya sistemində eyni fərdi identifikasiya nömrəli şəxsin soyadı “Əkbərov” göstərilmişdir) qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 6508 (altı min beş yüz səkkiz) manat məbləğində pul vəsaitinin cavabdeh X2 alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 16 sentyabr 2021-ci il tarixdə müqavilə əsasında 4500 (dörd min beş yüz) manat məbləğində pul vermişdir. Hazırda həmin borcun ümumi məbləği 6508 (altı min beş yüz səkkiz) manat olmuşdur. Borclu müqavilə üzrə ona verilmiş borcu ödəməkdən yayınır, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə borcunu ödəməyi məhkəmədən kənar qaydada təklif etsə də, cavabdeh borcunu ödəməkdən imtina etmişdir. İddiaçı, 15 noyabr 2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X5 məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, heç kimdən borc almamışdır. Belə ki, qohumu X7 icarəyə avtomobil götürməyə getmişlər. X1 vəsiqəsi olmadığına görə, avtomobil sahibləri Elgünə etibarnamə verə bilməmişlər. Onun sürücülük vəsiqəsi olduğuna görə, razılaşma ilə etibarnaməni onun adına vermişlər, o isə avtomobili xalası oğluna vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli müqavilədəki imza ona məxsus olsa da, həmin müqavilə reallığı əks etdirmir və ona görə də həmin müqavilə etibarsızdır. İddia əsassızdır, rədd edilməsini xahiş edir. İş materiallarında olan: “İddiaçı” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqavilədən görünür ki, “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, “İddiaçı” MMC (“Borc verən”) tərəfindən Cavabdeh (“Borc alan”a) 4500 (dörd min beş yüz) manat məbləğində illik 48 faiz olmaqla təminatlı ssuda borcu verməyi, borcalan isə 18 ay müddətində hazırkı müqaviləyə müvafiq olaraq alınmış ssuda borcunu qaytarmağı, borc məbləğinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür (müqaviləyə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü vurulmuşdur). İş materiallarında olan: “İddiaçı” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqaviləyə əlavə olan “Ssuda üzrə ödəniş cədvəli”ndən görünür ki, Borcalan Cavabdeh 16 oktyabr 2021-ci il tarixdən başlanılmaqla 18 ay müddətində (son tarix 16 mart 2023-cü il tarixi olmaqla) aylıq 355,47 manat ödəniş etməsi şərtləndirilmişdir (həmin cədvələ də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü vurulmuşdur). İş materiallarından görünür ki, “İddiaçı” MMC-nin (hüquqi şəxsin) mövcudluğunu təsdiq edən hüquqi sənədlər məhkəməyə təqdim edilməmişdir. İş materiallarından o da görünür ki, müqavilə üzrə nəzərdə tutulan pul vəsaitinin cavabdehə təqdim edilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”): -43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir; hüquqi şəxsin müstəqil balansı olmalıdır. -48.1-ci maddəsinə əsasən, hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. -43.5 və 87-ci maddələrindən görünür ki, məhdud məsuliyyətli şəxslər kommersiya hüquqi şəxsləridir. -47.1-ci maddəsindən görünür ki, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. -47.2-ci maddəsindən görünür ki, hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. -421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan, rədd edilməlidir. Belə ki, iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədləri-“İddiaçı” MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 sentyabr 2021-ci il tarixli 1130 nömrəli “Təminatlı ssuda borcu və saxlanc girovu haqqında” müqaviləni və həmin müqaviləyə əlavə olan “Ssuda üzrə ödəniş cədvəli”ni iddianın təmin edilməsinə əsas ola biləcək mötəbər sübut kimi qəbul etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar