Məhkəmə qərarları › İş №2(040)-897/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-897/2023

28.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-897/2023 28.08.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(040)-736/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq 23 sentyabr 2009-cu ildə doğulmuş X7 və 10 sentyabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutulmasına və mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 55 (əlli beş) manat xərcin əvəzinin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə ailə qurub evlənmiş, nikahlarını 12 oktyabr 2008-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 174-cü sayla qeydə aldırmaqla rəsmiləşdirmişlər. Birgə nikahdan 23 sentyabr 2009-cu il tarixdə X7 və 10 sentyabr 2012-ci ildə X3 adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə nikahları Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(040)- 736/2018 saylı qətnaməsi ilə pozulmuş və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat aliment tutulması qət edilmişdir. Hazırda həmin alimentlə uşaqların yaşaması çox çətindir, onların təhsili, müalicəsi, istirahəti üçün yetmir. Uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, cavabdehin maddi vəziyyəti yaxşıdır, lakin uşaqlarına əlavə heç bir maddi köməklik etmir. Bununla bağlı mediasiya şurasına müraciət etsə də, cavabdeh mediasiyada alimentin artırılmasına razı olmamışdır. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Mülki iş üzrə hazırlıq iclası 21 avqust 2023-cü il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 28 avqust 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, 21 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə verərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 2008-ci ildə ailə qurub evlənmiş, nikahlarını 12 oktyabr 2008-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 174-cü sayla qeydə aldırmaqla rəsmiləşdirmişlər. Birgə nikahdan 23 sentyabr 2009-cu il tarixdə X7 və 10 sentyabr 2012-ci ildə X3 adlı iki uşaqları doğulmuşdur. Aralarında olan narazılığa görə cavabdehlə nikahları Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(040)-736/2018 saylı qətnaməsi ilə pozulmuş və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə100 (yüz) manat, cəmi 200 (iki yüz) manat aliment tutulması qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, ərzaq, geyim, məktəb ləvazimatlarının qiymətləri dəfələrlə qalxdığından və uşaqların ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh işləyir, maddi vəziyyəti yüksəkdir, kifayət qədər pul qazanır. Alimenti vaxtında ödəsə də, həmin məbləğ hazırki şəraitdə uşaqların ən zəruri xərclərini ödəmir. Bu səbəbdən alimentin artırılması üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyada alimentin artırılmasına razı olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 21 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 oktyabr 2009cu il tarixdə verilmiş AZ-İİ № 298817 saylı doğum haqqında şəhadətnamənin surətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş,əsli ilə düz olması müəyyən edilmişdirhakimin qeydi) görünür ki, X7 23 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Cavabdeh,anası-X4r. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 oktyabr 2012ci il tarixdə verilmiş AZ-İİ № 920316 saylı doğum haqqında şəhadətnamənin surətindən (sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş,əsli ilə düz olması müəyyən edilmişdirhakimin qeydi) görünür ki, X3 10 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş,atası-Cavabdeh,anası-X4r. İş materiallarında olan:Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 sentyabr 2018-ci il tarixli 2(040)-736/2018 saylı qətnaməsinin surətindən görünür ki, 12 oktyabr 2008-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 174 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflər arasında olan nikah pozulduqdan (boşanmadan) sonra, tərəflərin birgə nikahından 23 sentyabr 2009-cu ildə doğulmuş X7 və 10 sentyabr 2012-ci ildə doğulmuş X1 anaları- cavabdeh X2 yanında saxlanılması, 27 aprel 2018-ci il tarixdən hesablanmaqla, tərəflərin birgə nikahından 23 sentyabr 2009-cu ildə doğulmuş X7 və 10 sentyabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçı Cavabdeh hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, cavabdeh X5 verilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya təşkilatının Mediatoru (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00382) X6 tərəfindən verilmiş 17 iyul 2023-cü il tarixli MŞG/1/MT007/2023 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməsi barədə razılığa gəlməmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il üçün aylıq yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 23 sentyabr 2009-cu ildə doğulmuş X7 və 10 sentyabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşaqların maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeləri nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilkdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(040)-736/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- tələbin hər uşağa görə 180 (yüz səksən) manatdan artıq olan 70 (yetmiş) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı hər uşağa görə tələb edilən aylıq 250 (iki yüz əlli) manat alimentin aylıq 70 (yetmiş) manat hissəsinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırki iş üzrə tərəflərin dövlət rüsumunu ödəməkdən azad edildiyini (Dövlət rüsumu haqqında Qanunun 9.1.2 və 9.1.20-ci maddəsi) və iddiaçı tərəfindən 50 manat mediasiya xərcinin tam ödənilməsini nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin 27,50 manat (iyirmi yeddi manat 50 qəpik) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. 23 sentyabr 2009-cu ildə doğulmuş X7 və 10 sentyabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Kəlbəcər Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli 2(040)-736/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 100 (yüz) manat məbləğdə tutulan alimentin miqdarı artırılsın, 23 sentyabr 2009cu ildə doğulmuş X7 və 10 sentyabr 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə aylıq 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Hazırki qətnamə üzrə alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 27,50 manat (iyirmi yeddi manat 50 qəpik) mediasiya xərci tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar