Məhkəmə qərarları › İş №2(040)-91/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-91/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-91/2024 16.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “1850 (min səkkiz yüz əlli) manat pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, bir baş dananın dəyəri olan 1850 (min səkkiz yüz əlli) manat pulun, ödədiyi 38,40 manat (otuz səkkiz manat 40 qəpik) dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Cavabdeh2 təsərrüfatında saxladığı 7 (yeddi) baş dananı bir neçə ay öncə onunla 12950 (on iki min doqquz yüz əlli) manata razılaşmışlar və o, 12950 (on iki min doqquz yüz əlli) manatı, yəni 7 (yeddi) baş heyvanın (dananın) pulunu sayıb Cavabdeh1 vermiş, lakin danalar otlaq sahəsində olduğuna görə onları gətirmək üçün uşaq göndərdiklərini demişlər. Təxminən 30-40 dəqiqə sonra bir atlı uşaq 6 (altı) baş erkək dananı digər cavabdeh Ramizin evinin həyətinə gətirmiş, lakin bir baş dananı tapa bilmədiyini demişdir. Ramiz həmin vaxt Şahinin yanında ona bildirmişdir ki, səhər həmin bir baş dananı tapıb verəcək, Şahin gətirib ona verəcəkdir. O da öz növbəsində cavabdehlərlə razılaşmışdır. Lakin həmin vaxtdan təxminən bir ay keçməsinə baxmayaraq, cavabdehlər vədlərinə əməl etməyərək dananı tapıb ona gətirməmişlər. Sonradan məlum olmuşdur ki, həmin dananı vəhşi heyvanlar parçalayıb yemişlər. Buna görə də, o, Ramizdən ona 1850 (bir min səkkiz yüz əlli) manat dəyərində həmin dananın əvəzinə erkək dana vermələrini, ya da 1850 (bir min səkkiz yüz əlli) manatını qaytarmalarını xahiş etmiş, Ramiz isə isə ona qarşı kobud şəkildə dananı Şahindən almalı olduğunu demişdir. O, cavabdehlərin bu hərəkətlərindən əsəbiləşərək polisə şikayət etmiş, lakin polis şöbəsində araşdırmadan sonra şikati mülki xarakterli olduğuna görə şikayəti əsasında başlanılmış cinayət işinin rədd olunması barədə qərar qəbul olunaraq ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 bir baş dananın dəyəri olan 1850 (bir min səkkiz yüz əlli) manat məbləğin və banka ödədiyi 38,40 manat (otuz səkkiz manat 40 qəpik) dövlət rüsumunun müştərək qaydada tutularaq ona qaytarılmasını istəyir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, ətlik mal-qaranın ticarəti ilə məşğul olur. Cavabdeh3 ilə əvvəllərdən tanışdırlar. O, Şahinə demişdir ki, satliq dana tapsın, gedib alsınlar, bunun müqabilində Şahinə də müvafiq bəxşiş verəcəkdir. 2023-cü ilin avqust ayında Şahin ona bildirmişdir ki, Muxtarın satılası malları vardır; onlar onun özünün avtomobili ilə mallara baxmağa getmişlər. Oraya gedəndə Muxtarın özü evdə olmamış, Muxtarın tanışı Şahin yeddi baş satılası dananın olduğunu, dananın hər birinin qiymətinin 1850 (min səkkiz yüz əlli) manatdan hesablanacağını bildirmiş, onlar razılaşmışlar. Muxtarın oğlu Seymur heyvanları örüşdən gətirəndə 6 (altı) baş dana olmuş, dananın birinin gəlmədiyini, əmisi Ramizin mallarının içində olduğunu bildirmişdir. O isə Ramizə 6 (altı) baş dananın pulunu orada verməyi, qalan bir baş dananın pulunu isə gəlib götürəndə verəcəyini təklif etmiş, lakin Ramiz qardaşı Muxtarın bununla razılaşmayacağını bildirərək danaların pulunun bir yerdə verilməsini tələb etmiş, qalan 1 (bir) baş dananı ona özü verəcəyinə vəd vermiş, o, isə 7 (yeddi) baş dananın pulunu, yəni, 12950 (on iki min doqquz yüz əlli) manatı bütöv şəkildə Ramizə vermişdir (Sonradan o, Muxtarla telefon vasitəsi ilə əlaqə quran zaman Muxtar danaların pulların Ramiz tərəfindən tamamilə ona çatdırıldığını bildirmişdir). Ramiz qalan bir baş malı səhəri gün özü göndərəcəyini bildirsə də, sonradan Ramiz mal göndərməmişdir. Şahin Ramizə zəng edərək dananı niyə göndərmədiyini soruşanda Ramiz bildirmişdir ki, dana onun qapısına gəlməyib, Seymura zəng etsin, Seymurdan alsın. Muxtarın oğlu Seymura zəng edəndə isə Seymur bildirmişdir ki, həmin dananı vəhşi heyvan yeyib. O isə cavabdehlərdən ya həmin heyvanın yerinə başqasının verilməsini, ya da onun 1850 (min səkkiz yüz əlli) manat pulunun qaytarılmasını tələb etmiş, lakin cavabdehlər onun heç bir tələbini yerinə yetirməmişlər. Həmin heyvan Cavabdeh2 olsa da, o, pulu Ramizə vermişdir. Ona görə də bir baş dananın dəyəri olan 1850 (min səkkiz yüz əlli) manat pulun, ödədiyi 38,40 manat (otuz səkkiz manat 40 qəpik) dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, Şahin ona zəng edərək danaları ona satmasını, buna görə ona beh də verəcəyini bildirmiş, o isə Şahinə cavabında beh götürmədiyini demişdir. Səhəri gün Şahin ona zəng edərək gəlib danaları götürəcəyini bildirmiş, o isə Gəncə şəhərində olduğundan Şahinə bildirmişdir ki, danaları götürsün, pulunu isə qardaşı Ramizə versin. Şahinlə Hikmət malları götürməyə gələndə altı baş dananı aparmış, bir baş dana isə qalmış, qalan bir baş dananı isə gəlib aparacaqlarını bildirmişlər. O, sonradan dəfələrlə Şahinlə Hikmətdən gəlib dananı aparmalarlarını tələb etsə də, vaxtında gəlib aparmamışlar; Şahinlə Hikmətin günahı üzündən həmin dananı ayı parçalayıb yemişdir. İddiaçının onun qardaşı və qonşusu olan Cavabdeh1 verdiyi pulların hamısını qardaşı Ramiz ona çatdırsa da, o, hesab edir ki, tələb edilən dananın ziyan pulu Hikmət, Şahin və onun arasında üç hissəyə bölünməlidir. O, dananın qiymətinin üçdə birini iddiaçıya qaytarmağa razıdır. Qalan hissədə iddianı qəbul etmir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Hikmətlə Şahin qardaşı Muxtarın mallarını almağa gələndə Muxtar evdə olmamışdır, buna görə də Hikmət 7 (yeddi) baş dananın pulunu ona vermişdir ki, Muxtara versin, o da pulu Hikmətdən almış, lakin həmin günü dananın biri otlaqdan gəlib çıxmamışdır. Hikmətlə Şahin 6 (altı) baş dananı aparmış, birini isə gəlib sonra aparacaqlarını bildirmişlər. Hikmətə satılan heyvanların hamısı Muxtarın olduğundan, o, Hikmətdən aldığıı pulların hamısını Muxtara vermişdir. Hikmət sonradan gəlib danasını aparmadığından, qardaşı Muxtar Hikmətə zəng edərək tezliklə dağa gedəcəyini bildirərək Hikmətdən gəlib danasını aparmasını tələb etmiş, lakin Hikmət vaxtında gəlib dananı aparmamışdır; sonra onlara məlum olmuşdur ki, həmin dananı vəhşi heyvan yeyib. Burada onun heç bir günahı və ya təqsiri yoxdur; Hikmət və Şahinin öz aralarında həll etməli olduqları məsələdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 söylədikləri əsassızdır. Belə ki, Hikmət ona satlıq heyvan tapmasını xahiş etmiş və buna görə ona da bəxşiş verəcəyini bildirmişdir. O, isə Muxtara zəng edərək Hikmətin onun mallarını almaq istədiyini bildirmişdir. Muxtarla telefonda razılaşandan sonra Hikmətin avtomobili ilə Muxtarın evinə getmişlər. Həmin vaxt Muxtarın oğlu Seymur heyvanların üstündə olmuş, o, 6 (altı) baş dananın öz heyvanlarının içində olduğunu, 1 (bir) baş dananın isə otlaqdan gəlmədiyini, əmisi Ramizin heyvanlarının içində olduğunu bildirmişdir. Hikmət Ramizə bildirmişdir ki, 6 (altı) baş dananın pulunu versin, qalan bir dananın pulunu isə gəlib götürəndə versin. Lakin Ramiz qardaşı Muxtarın bununla razılaşmayacağını bildirərək pulun bütöv şəkildə verilməsini tələb etmiş, qalan bir baş dananı isə Muxtarın özünün göndərəcəyini bildirmişdir. Muxtar evdə olmadığından, Hikmət 7 (yeddi) baş dananın pulunu Muxtarın qardaşı Ramizə vermişdir. Onlar (o və Hikmət) dananı həmin gün aparmışlar. Sonra Ramiz qalan bir baş dananı muxtar göndərməyəndə Ramizə zəng edərək dananı niyə göndərmədiyini soruşmuş, Ramiz isə dananın pulunun hamısının artıq Muxtarda olduğunu, dananın onun qapısına gəlmədiyini bildirərək Seymura zəng etməsini bildirmişdir. Muxtar ona gəlib dananı aparmağı deməmiş, nə də zəng etməmişdir. Həmin dananı Hikmətə göndərməyi Ramiz öz üzərinə götürmüşdür. X1 ona zəng edərək bildirmişdir ki, həmin dananı canavar yeyib. O, bunu Hikmətə deyəndə Hikmət ya həmin heyvanın yerinə başqasını verməyi, ya da pulunu geri qaytarmağı tələb etmişdir. O, Hikmətə yalnız ona xidmət haqqı kimi verdiyi 150 (yüz əlli) manat pulu qaytarmağa razıdır, Heyvan isə Muxtarın olmuşdur. Ona görə də iddia tələbini qəbul etmir. İş materiallarında olan: Daşkəsən Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş, 22 sentyabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, Cavabdeh2 təsərrüfatında saxladığı 7 baş dananı bir neçə ay öncə Bərdə rayonunun Qazaxlar kənd sakini İddiaçı satmış, deməsinə görə 7 baş danaları ümumilikdə 12950 (on iki min doqquz yüz əlli) manata satacağına qabaqcadan razılığa gəlmələrinə, həmin məbləği İddiaçı verməsinə baxmayaraq, 6 (altı) baş danaları aparmış, 1 (bir) baş dananı isə Cavabdeh3 və Cavabdeh1 tərəfindən yaxın günlərdə çatdıracağına vəd vermişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qanuni və əsaslı olduğundan, həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı alqı-satqı əsasında Cavabdeh2 məxsus 7 (yeddi) baş mal-qaranın (dananın) pulunu ödəməklə satın almış, Cavabdeh2 məxsus 6 (altı) baş dana iddiaçıya təhvil verilsə də, 1 (bir) baş dana təhvil verilməmiş qalmışdır. Tərəflər öz aralarında 1 (bir) baş dananı 1850 (min səkkiz yüz əlli) manat qiymətləndirmişlər. Belə olan halda Cavabdeh2 1 (bir) baş dananın dəyəri olan 1850 (min səkkiz yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Həmçinin iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 38,40 manat (otuz səkkiz manat- 40 qəpik) dövlət rüsumunun pul əvəzi də Cavabdeh2 alınıb iddiaçıya verilməlidir. İddia tələbi digər cavabdehlər - Cavabdeh1 və Cavabdeh3 qarşı hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı iddia tələbində alqı-satqı müqaviləsinin tərəfləri olaraq: satıcı qismində- Cavabdeh2, alıcı qismində- isə İddiaçı çıxış edirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1850 (min səkkiz yüz əlli) manat məbləğində pul (əsas borc) alınaraq İddiaçı verilsin. Cavabdeh2 həmçinin 38,40 manat (otuz səkkiz manat 40 qəpik) dövlət rüsumunun pul əvəzi alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar