Məhkəmə qərarları › İş №2(040)-910/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-910/2024

18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-910/2024 18.09.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş 26 aprel 2019-cu il təvəllüdlü X5 və 04 dekabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 yanvar 2019-cu il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan 26 aprel 2019-cu ildə X5 və 04 dekabr 2021-ci ildə X4 adlıarında uşaqları doğulmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-778/2024 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanmış, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin cavabdehdən alınıb ona ödǝnilməsi qət edilmişdir. Hazırda aldığı aliment uşaqların saxlanması üçün yetərli deyildir. Uşaqlara tək baxır, cavabdeh ona əlavə heç bir kömək etmir. Uşaqların saxlanmasında çətinlik çəkir. O, hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdan alınıb ona ödənilməsini istəyir. Cavabdeh 16 sentyabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, iddiaçı uşaqları saxlaya bilmirsə o, özü uşaqlarını saxlamağa hazırdır. İddiaçı yalnız öz cibini doldurmaq üçün alimentin artırılmasını tələb edir. Əslində isə aliment pulundan uşaqlara heç nə xərcləmir. Ona görə də hesab edir ki, alimentin miqdarı artırılmamalıdır. İddiaçı uşaqları saxlaya bilmirsə onun himayəsinə versin, uşaqlarını o, özü saxlasın. Belə olarsa iddiaçıdan aliment də tələb etməyəcəkdir. İddiaçının qeyd etdiyi kimi o, bizneslə məşğul deyildir. Hazırda heç yerdə işləmir, mövsümü olaraq fərdi əməklə məşğul olur. Hazırkı günə qədər aliment borcu yoxdur. Alimentin artırılmasına etiraz edir. Çünki artıq aliment ödəməyə imkanı çatmır. Təyin edilmiş alimenti güclə ödəyir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra uşaqlar onun (ananın) himayəsində saxlanmış, uşaqların saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimentin Cavabdeh alınıb ona ödǝnilməsi qət edilmişdir. Hal-hazırda aldığı aliment çox azdır; uşaqlar böyüdükcə maddi ehtiyacları artır, uşağın ehtiyacları artdığından maddi vəziyyətinə görə onların tələbatlarını ödəməkdə çətinlik çəkir; maddi imkanı aşağıdır. Cavabdeh hər gün usta işləməklə kifayət qədər qazanc əldə edir. Bu səbəbdən alimentin artırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etiraz ərizəsini yalandan yazmışdır. Hesab edir ki, hər ay hər uşağa görə 235 manat aliment ödəməyə cavabdehin imkanı çatır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. İş materiallarında olan: Gəncə Regional “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi Qeydiyyat şöbəsi tərəfindən 14 may 2019-cu il tarixdə verilmiş AZ-İV № 270385 saylı doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq edilmişdir – hakimin qeydi) görünür ki, X5 26 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- Cavabdeh, anası-İddiaçıdır. İş materiallarında olan: Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 22 dekabr 2011-ci il tarixdə verilmiş AZ-İV № 685166 saylı doğum haqqında şəhadətnamənin (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq edilmişdir – hakimin qeydi) surətindən görünür ki, X4 04 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunda doğulmuş, atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 avqust 2023-cü il tarixli 2(040)-778/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 21 yanvar 2019-cu il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nairliyinin Qeydiyyat şöbəsi tərəfindən 149-cu nömrə ilə qeydə alınmış nikahın pozulması, qalan hissədə iddianın təmin edilməməsi, tərəflərin birgə nikahından 26 aprel 2019-cu ildə doğulmuş X5 və 04 dekabr 2021-ci ildə doğulmuş X1 nikah pozulduqdan sonra anaları (cavabdeh) İddiaçı yanında saxlanılması, 16 avqust 2023-cü il tarixdən hesablanmaqla, 26 aprel 2019-cu ildə doğulmuş X5 və 04 dekabr 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aylıq alimentin iddiaçı Cavabdeh tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatının mediatoru X2 tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli MŞG/MT033/2024-00399 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilə bilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 (əlli beş) manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra: Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-cı bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılır. -217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə hesab edir ki, 26 aprel 2019-cu ildə doğulmuş X5 və 04 dekabr 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə ödənilən 150 (yüz əlli) manat sabit pul məbləğində tutulan aylıq aliment hazırki halda uşağın maddi təminatının səviyyəsinin normal saxlanmasına yetərli deyildir. Ona görə də uşaqların mənafeyi nəzərə alınaraq alimentin məbləği artırılmalıdır. Məhkəmə eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş vəzifələridir. Beləliklə, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 26 aprel 2019-cu ildə doğulmuş X5 və 04 dekabr 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Kəlbəcər Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(040)-778/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə aylıq 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq aylıq alimentin məbləği hər uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddia qalan hissədə- hər uşağa 180 (yüz səksən) manatdan artıq olan 55 (əlli beş) manat tələbi hissəsində əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Мəcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia qismən təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2(040)-778/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılsın. İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 26 aprel 2019-cu ildə doğulmuş X3 və 04 dekabr 2021-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 (yüz səksən) manat olmaqla iki uşağa görə aylıq cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə əsasında alimentin tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar