Məhkəmə qərarları › İş №2(040)-923/2023

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-923/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-923/2023 07.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı ”Kredex” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının, Cavabdeh qarşı “borc tələbi” üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı ”Kredex” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyun 2022-ci il tarixli, MGİ-360-0020-22 saylı kredit müqaviləsinin ləğv edilməsini, cavabdehdən 1520 manat əsas, 551 manat cərimə olmaqla cəmi 2071 manat borcun, həmcinin ödənilmiş 40,71 manat dövlət rüsumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti” BOKT ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2022-ci il tarixli, MGİ-360-0020-22 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə, faizsiz olmaqla 2280 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etmişdir. Cavabdehə dəfələrlə kredit borcunun ödənilməsi barədə müraciətlər edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Nəticədə cavabdehin 28 fevral 2023-cü il tarixə kredit müqaviləsi üzrə 1520 manat əsas, 551 manat cərimə borcu olmaqla, cəmi 2071 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında olan sənədlər əsasında yekun məhkəmə aktı qəbul edilə bilər. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT (borcverən) ilə Cavabdeh (borcalan) arasında 01 iyun 2022-ci il tarixli, MGİ-360-0020-22 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Kreditverən borcalana 12 ay müddətinə faizsiz 2280 manat məbləğində kredit vermiş, Borcalan isə aldığı krediti müqavilədə göstərilən müddətdə və qaydada Kreditverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: 28 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu – 1520 manat, cərimə borcu 551 manat olmaqla, ümumilikdə 2071 manat təşkil edir. İş materiallarında olan:tərəflər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 01 iyul 2022-ci il tarixdən 01 iyun 2023-cü il tarixədək 12 ay ərzində hər ay 190 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti BOKT tərəfindən 30 yanvar 2023-cü il tarixdə göndərilmiş (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 3 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,cavabdeh kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. İddia qalan hissədə - 545 manat cərimə borcu tələbi hissəsində və kredit müqaviləsinə xitam verilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, kredit müqaviləsinin müddəti 01 iyun 2023-cü il tarixdə başa çatmış, cavabdehə hesablanmış 551 manat məbləğində cərimə isə tənasübdən artıq hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilənlərə əsasən, cavabdehə hesablanmış cərimə borcu azaldılmalı, cavabdehin üzərində 6 (altı) manat məbləğində dəbbə pulu borcu saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 40,71 manat dövlət rüsumunun 35,26 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, hakim hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1520 (min beş yüz iyirmi) manat əsas borc, 6 (altı) manat cərimə olmaqla, cəmi 1526 manat kredit borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmiş 35,26 manat dövlət rüsumunun pul əvəzi tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia qismən təmin edilsin. Cavabdeh 1520 (min beş yüz iyirmi) manat əsas borc, 6 (altı) manat cərimə olmaqla, cəmi 1526 (min beş yüz iyirmi altı) manat kredit borcu, həmçinin ödənilmiş 35,26 manat (otuz beş manat 26 qəpik) dövlət rüsumunun pul əvəzi tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar