Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-936/2023 20.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada 266,38 manat əsas, 7,75 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 274,13 manat kredit borcun 0,40 manat xidmət haqqının və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum İsmayılova Sevinc Eyvaz qızı arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, Borcalana istehlak məqsədləri üçün 60 ay müddətinə illik 36 faiz ödəmək şərtilə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. Borcalan isə hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürmüşdür. İsmayılova Sevinc Eyvaz qızı 18 sentyabr 2021-ci ildə Bakı şəhərində ölmüşdür. 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinin 29 yanvar 2023-cü il tarixli cavab məktubu ilə İsmayılova Sevinc Eyvaz qızının vərəsəsinin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Lakin cavabdehlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Nəticədə cavabdehlərin "xxxx" KB ASC-yə 17 may 2023-cü il tarixinə 266,38 manat əsas, 7,75 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 274,13 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, ərizə məhkəməyə daxil olduğu gündən 1 (bir) ay müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ərizəyə qarşı münasibətin əks etdirən heç bir mülahizə və ya etiraz daxil olmamış, cavabdehə göndərilmiş bildirişin alınmasını təsdiq edən sənəd də məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli 2(040)-936/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 15 yanvar 2021-ci il tarixli “10468sİNSH/20” nömrəli “Kredit müqaviləsi”ndən görünür ki, "xxxx" KB ASC ilə İsmayılova Sevinc Eyvaz qızı arasında kredit verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı (Bank) cavabdehə (Borc alana) illik 36 faiz ödəmək şərt ilə 60 ay müddətinə 10000 manat məbləğində kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir. Borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan: "xxxx" KB ASC tərəfindən verilmiş 17 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, İsmayılova Sevinc Eyvaz qızının “10468sİNSH/20” saylı kredit müqaviləsi üzrə 266,38 manat əsas, 7,75 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 274,13 manat borcu yaranmışdır. İş materiallarında olan: cavabdehlərə 28 aprel 2023-cü il tarixdə göndərilmiş (poçt qəbzi var) bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun 5 iş günü müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: AZ-İİ 220299 saylı Ölüm haqqında şəhadətnamənin təstiqlənmiş surətindən görünür ki, İsmayılova Sevinc Eyvaz qızı 18 sentyabr 2021-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan: 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinin 29 yanvar 2023-cü il tarixli 146 saylı məktubundan görünür ki, mərhum İsmayılova Sevinc Eyvaz qızının vərəsələrinin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyənləşdirilmiş və 18 mart 2022-ci il tarixdə onlara “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdə-sinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -1151-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. -1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsə kimi mərhumun mirasını qəbul etdiyindən mərhum İsmayılova Sevinc Eyvaz qızının kredit müqaviləsi üzrə borcları vərəsələrin aldığı miras payına mütənasib surətdə onlara keçməlidir. Odur ki, iddiaçı "xxxx" KB ASC cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının pul əvəzi də cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehlərdən birgə qaydada 266,38 manat (iki yüz altmış altı manat 38 qəpik) əsas, 7,75 manat (yeddi manat 75 qəpik) faiz, 0 manat cərimə olmaqla, cəmi 274,13 manat (iki yüz yetmiş dörd manat 13 qəpik) kredit borcu, həmçinin, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün əvvəlcədən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun və 0,40 manat xidmət haqqının pul əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 266,38 manat (iki yüz altmış altı manat 38 qəpik) əsas, 7,75 manat (yeddi manat 75 qəpik) faiz, 0 manat cərimə olmaqla, cəmi 274,13 manat (iki yüz yetmiş dörd manat 13 qəpik) kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumun və 0,40 manat xidmət haqqının pul əvəzi birgə qaydada tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-936/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-936/2023
20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver