Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-960/2023 26.09.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlu, İddiaçı, Cavabdeh qarşı “borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə Kəlbəcər Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirmədən baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 611 manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh aldığı “İndesit” markalı soyuducuya görə ilkin ödəniş 0 manat etməklə, 12 aylıq ödəniş cədvəli üzrə ayda 55,5 manat olmaqla cəmi 666 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş bu günə kimi cəmi 55 manat ödəniş etmiş, qalan 611 (altı yüz on bir) manat borcu qaytarmamış və öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə): -284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. -284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. -284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. -284-5.3-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Hakim, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 09 iyul 2021-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə və müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən, Cavabdeh “İndesit” markalı soyuducu əldə edərək, cəmi 666 manatı ilkin ödəniş 0 manat etməklə 12 ay müddətinə hər ay 55,5 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan: iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 09 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 55 manat ödəniş etmiş, hazırda borcu - əsas məbləğ üzrə 611 manat təşkil edir. İş materiallarında olan: 09 iyul 2021-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh “İndesit” markalı soyuducunu İddiaçı MMC-dən tam qüsursuz halda təhvil almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra: “Mülki Məcəllə”) 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Mülki Məcəllənin 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601-ci maddəsinin tələbinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən hakim hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi əsasında əşyanı almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında pul məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsi üzrə yaranmış 611 (altı yüz on bir) manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh 611 (altı yüz on bir) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzi tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rаyon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə etməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-960/2023
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-960/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver