Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-97/2024 28.02.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11500 (on bir min beş yüz) manat pulun, 2019-cu ilin fevral ayından hazırkı vaxtadək həmin pul qaytarılmadığına görə bir il üçün illik 5 (beş) faiz hesablanmaqla 2683 (iki min altı yüz səksən üç) manat faiz məbləğinin və ödədiyi 136 (yüz otuz altı) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qonşusudur. Cavabdeh 2019cu ilin fevral ayında ailə üzvlərinin xəstəliyi və digər məsələlərlə bağlı ondan ümumilikdə 11500 (on bir min beş yüz) manat borc pul almışdır. Pulu alarkən bildirmişdir ki, daşınmaz əmlakları vardır, onları satıb pulunu qaytaracaqdır. O da həmin dövrdə ev və torpaq sahəsini satmışdı. Cavabdeh bilirdi ki, onun əlində pul vardır. O da köməklik üçün və bir qonşu kimi inandığına görə 11500 (on bir min beş yüz) manat pulu cavabdehə vermişdir. Onların torpaq sahəsinin və evinin satılmadığını gördükdə və borc verdiyi pulun üzərindən uzun müddət keçdiyini gördükdə cavabdehdən pulunu tələb etmişdir. Cavabdeh bildirmişdir ki, pulu yoxdur, borcunu verə bilmir. Bundan sonra qonşusu Cavabdeh dələduzluq əməllərinin qurbanı olduğuna görə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 12-ci Polis Şöbəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Sabunçu rayon Polis idarəsi 12-ci Polis Şöbəsində Cavabdeh izahatında ondan aldığı 11500 (on bir min beş yüz) manat pulun 9000 (doqquz min) manatını aldığını etiraf etdi. Lakin 2500 (iki min beş yüz) manatı ona bacısının, qayınının və öz həyat yoldaşının yanında verdiyi halda, qəbul etmədi. Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi 12-ci Polis Şöbəsində müvafiq araşdırma getdikdən sonra şöbənin 02 sentyabr 2023-cü il tarixli 49-1/2-A-17225 nömrəli məktubuna əsasən cavabdehlə aralarında olan pul məsələsi mülki mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh ilə sonuncu dəfə polis şöbəsində görüşən zaman pulunun ödənilməsini tələb etsə də, bugünədək ona olan 11500 (on bir min beş yüz) manat borcundan heç bir ödəniş etməmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh borc olaraq 11500 (on bir min beş yüz) manat pul vermişdir. Cavabdehin özü də ona olan borcunun 9000 (doqquz min) manatını etiraf edir, qalan 2500 (iki min beş yüz) hissəni isə inkar edir. Cavabdeh ona olan 11500 (on bir min beş yüz) manat borcundan bir manat da olsa qaytarmamışdır. Ona görə də Cavabdeh 11500 (on bir min beş yüz) manat pulun, gecikdirmə faizinə görə 2683 (iki min altı yüz səksən üç) manat faiz məbləğinin və ödədiyi 136 (yüz otuz altı) manat dövlət rüsumunun pul əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, ayrı-ayrı vaxtlarda iddiaçıdan 9100 (doqquz min yüz) manat pul almışdır. Həmin puldan 700 (yeddi yüz) manat qaytarmışdır. Hazırda iddiaçıya 8400 (səkkiz min dörd yüz) manat borcu qalmışdır. Maddi imkanı olmadığına görə borcunu birdəfəlik ödəyə bilmir. İddiaçıya olan 8400 (səkkiz min dörd yüz) manat borcunu hissə-hissə ödəyəcəkdir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Bakı şəhəri Sabunçu Rayon Polis idarəsi 12-ci polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 02 sentyabr 2023-cü il tarixli 49-1/2-A-17225 nömrəli məktubdan görünür ki, Cavabdeh ilə aralarında yaranmış mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasının): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. -740.2-ci maddəsinə (əqdin bağlandığı zaman qüvvədə olan redaksiyasına) əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi 8400 (səkkiz min dörd yüz) manat pul və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olan 104 (yüz dörd) manat dövlət rüsumunun tələbi hissəsində əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməsə də, cavabdeh iddiaçıya 8400 (səkkiz min dörd yüz) manat pul borcunun olduğunu etiraf etmişdir. Belə olan halda, Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Qalan hissədə- 8400 (səkkiz min dörd yüz) manatdan artıq olan 3100 (üç min yüz) manat pul tələbinə, 2683 (iki min altı yüz səksən üç) manat gecikmə faizinə və 32 (otuz iki) manat dövlət rüsumu tələbinə dair hissədə iddia əsassız olduğundan, həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı cavabdehə 8400 (səkkiz min dörd yüz) manatdan əlavə 3100 (üç min yüz) manat pul tələbi, 2683 (iki min altı yüz səksən üç) manat gecikmə faizinin əsasları barədə məhkəməyə sübut təqdim etməmiş və iddia tələbinin həmin hissədə əsaslılığını sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul və ödənilmiş 104 (yüz dörd) manat dövlət rüsumunun pul əvəzi, cəmi 8504 (səkkiz min beş yüz dörd) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-97/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-97/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver