Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1049/2025 23.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 1870 manat, nağd şəkildə verdiyi 250 manat borc pul olmaqla, cəmi 2120 manat məbləğində pulun və 42 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, xx xxxxxxx 1958-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. Kürdəmir rayonundan olan X1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladları doğulmuşdur. Hazırda təqaüdçü, evdar qadındır. Cavabdeh yaxından tanıdığı, onlarla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmayan bir şəxsdir. Aralarında yalnız səmimi tanışlıq münasibətləri olmuşdur. Cavabdehlə dəfələrlə ayrı-ayrılıqda ondan az geyilmiş geyim paltarları və digər ev əşyaları almış və pulunu əvvəllər vaxtlı-vaxtında ödəmiş və bununla da, arada etibar yaranmışdır. Beləliklə Cavabdeh onunla alverini davam etdirmiş və nəticədə 2 ildən artıqdır ki, 1870 manat borcu yaranmış, eyni zamanda əlavə olaraq əl-borcu kimi nağd şəkildə 250 manat borc almışdır. Hazırda 2 ildən artıq bir müddətdir ki, cavabdehin ona ümumilikdə 2120 manat borcu vardır. Cavabdeh verdiyi vədlərdən artıq xeyli müddət keçmişdir. Onlara dəfələrlə zəng vurub pulunu istəsə də, cavabdeh yaxın günlərdə borclarını qaytaracağını bildirmiş, borclarını qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmağa çalışmışdır. Sonralar o, telefon zənglərinə belə cavab verməkdən bilə-bilə yayınsa da, son vaxtlar telefon zənglərini açmış və bildirmişdir ki, pulu ödəyəcək, lakin heç bir ödəniş olmamışdır. Hazırda da cavabdeh borcun olmasından heç bir imtina etmir, lakin həmişəki kimi yaxın günlərdə ödəyəcəyini bildirmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli iş üzrə Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, xx.xx.2023-cü il tarixində iddiaçıdan 250 manat pul aldığını və ona maaş kartını verdiyini, razılaşmalarına əsasən, əvvəlki borcları və aldığı 250 manat borc qurtarana qədər kartın onda qalacağını və kartın bloklanmayacağını göstərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli iş üzrə Cavabdeh tərəfindən yazılmış izahatdan görünür ki, o, iddiaçıdan 1870 manatlıq paltar və 250 (iki yüz əlli manat) pul almış və ona maaş kartını vermişdir və belə razılaşmışlar ki, hər ay o, kartdan pul cəkib borcunu silsin. Lakin o, kartdan pul götürə bilməmişdir. Çünki kartında olan pulu digər karta proqram vastəsi ilə köçürümüşdür. Borcu da olduğu kimi qalır. Onunla razılaşaraq kartını onda geri istəmiş və ona hər ay 40 manat ayın on beşi, 60 manat isə ayın sonu verecəyini bildirmişdir. Yazdığı izahatı imzası ilə təsdiq edir. İş üzrə Cavabdeh məhkəməyə göndərdiyi ərizəsində göstərmişdir ki, pul tələbi ilə əlaqədar İddiaçı onun barəsində tərtib etdiyi iddia ərizəsi ilə tanışdır. Orada göstərilənlərlə tam razıdır, heç bir narazılığı yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş edir. İşin halları odur ki, iddiaçı cavabdehə 1870 manat dəyərində geyim və ev əşyaları satdığını və 250 manat nağd şəkildə borc pul verdiyini, cavabdehin ona hazırda cəmi 2120 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiqlənmiş qəbzlərə istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərək iddia ərizəsi ilə razı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıya 2120 manat pul borclu olduğunu etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ondan götürdüyü geyim və ev əşyalarının dəyərini ödəməmiş, onun pulunu da geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiaçıya 2120 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 42 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 2120 (iki min yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 42 (qırx iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2120 (iki min yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 42 (qırx iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1049/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1049/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver