Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1084/2023 15.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx"KB ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx"KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 4805.70 manat əsas, 598.03 manat faiz, 97.35 manat cərimə olmaqla, cəmi 5501.08 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 75.42 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 18 faizlə 4980 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-ci maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüquqi malikdir”. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1-ci maddəsinə görə “Bu müqaviləyə əsa "Borcverən” müqavilənin 1.1-cü bəndində göstərilən məbləğdə və müddətə “Borcalan”a kredit xətti ayırır. “Borcalan” isə həmin kredit məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu “Borcverən”ə qaytarır öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. İddiaçı "xxxx"KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələblərini qismən qəbul edərək göstərdi ki, ailə vəziyyətiylə əlaqədar olaraq xx.xx.2022-cu il tarixdə Unibank”KB ASC-yə müraciət edərək kredit götürmüş, aylıq qrafikə uyğun olaraq kredit borcunu ödəmişdir. Sonradan ölkədə baş vermiş pandemiya ilə əlaqədar olaraq işləri zəifləmiş, həmçinin bankdan götürdüyü pul onun kredit kartından çəkilmiş, bu barədə dərhal banka məlumat vermiş və araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət etmişdir. Hal-hazıra kimi oğurlanmış pul ona qaytarılmadığından və maddi imkanı olmadığı üçün kredit borcunu qaytara bilmir. Halbuki, bank çıxarılan pulun hansı karta köçürüldüyünü müəyyənləşdirə və bu barədə hüquq mühafizə orqanlarına məlumat verə bilərdi. Cavabdeh sonda iddianın qismən təmin edilməsini xahiş etdi. - "xxxx" KB ASC (bank) ilə Cavabdeh (borclu) arasında xx.xx.2022-cü il tarixdə bağlanmış 1288nkNFT/22 saylı kredit müqaviləsinə əsasən bank 24 ay müddətinə 4980 manat məbləğində kredit verilmişdir (1.1-ci bənd). -xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 1288nkNFT/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 4805.70 manat əsas, 598.03 manat faiz, 97.35 manat cərimə olmaqla, cəmi 5501.08 manat borcu mövcuddur. - iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-ci il tarixli bildirişdə borc məbləğinin 3 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 24 ay müddətinə 4980 məbləğində kredit verilmiş, bununla bağlı Cavabdeh ilə "xxxx" KB ASC arasında xx.xx.2022-ci il tarixli, 1288nkNFT/22 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 4805.70 manat əsas, 598.03 manat faiz, 97.35 manat cərimə olmaqla, cəmi 5501.08 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Cavabdehin bankdan götürdüyü pulun onun kredit kartından çəkilməsi barədə müraciəti verdiyi izahatına görə hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Faktın təsdiq və ya təkzib edilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və bu hal, iddiaçının cavabdehdən borcunu tələb etmək hüquqlarından istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 4805.70 manat əsas, 598.03 manat faiz, 97.35 manat cərimə olmaqla, cəmi 5501.08 (beş min beş yüz bir manat 08 qəpik) manat məbləğində borc tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia üzrə 75.42 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4805.70 manat əsas, 598.03 manat faiz, 97.35 manat cərimə olmaqla, cəmi 5501.08 (beş min beş yüz bir manat 08 qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 75.42 (yetmiş beş manat 42 qəpik) manat məbləğində pul tutularaq "xxxx"KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1084/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1084/2023
15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver