Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1085/2024 28.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) eyni modelli yeni telefonla əvəz edilməsini, bu mümkün olmadıqda xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilərək çəkdiyi 2699.99 manat xərc cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus “Kontakt Home” 11 Sumqayıt ilə iddiaçının arasında 14 sentyabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE), SAMSUNG 25W Charger White EP-TA800NWEGRU, SAMSUNG GALAXY TAB A7LİTE (Sm-T225) 32 GB-GRAY elektronik əşyaları 2739.98 manata satın almışdır. Lakin “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE), qısa müddət sonra problemlər və qüsurlar üzə çıxmışdır. Ekranın rənginin dəyişməsi, ekran görüntüsünün korlanması, qüsurlar olduğu üçün “Kontakt Home11” Sumqayıta yaxınlaşaraq bu problemi bildirmişdir. Mağazadan onu Samsung Service plazaya göndərmişlər. Yoxlamadan sonra 13122023 nömrəli 13,12.2023-ü il tarixli texniki rəy sənədində qeyd olunub ki, qüsurun səbəbi istehlakçı tərəfindən deyil. “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE), zavod istehsalı qüsurdur. xx.xx.2023cü il tarixdə ona imzalı kağız verərək telefonun düzəldiyini bildiriblər. xx.xx.2023-cü il tarixdə yenidən eyni problem təkrarən yaranmışdır. Bundan sonra şüşə qoruyucu qoydurmuş və həmin vaxt usta bildirmişdir ki, telefonun ekranı dəyişdirilmişdir. Yenə eyni ssenari ilə onu ötür-ötür etmişlər. xx.xx.2023-cü il tarixdə telefonu “SAMSUNG” servisə təhvil vermiş, bu günə kimi telefon onlardadır. Cavadeh tərəfindən ona vurulan ziyan ödənilməmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvaladığı etirazlarında bildirmişlər ki, iddiaçının əldə etdiyi cihazın ekranı ilkin müraciət zamanı onun razılığı olmadan dəyişdirilmiş və ona bu barədə məlumat verilməmişdir. Daha sonradan, ikinci dəfə servisə eyni qüsurla müraciət etdiyini və həmin vaxtdan cihazın servisdə olduğunu bildirmişdir. İddiaçının onun xəbəri olmadan cihazın ekranının dəyişdirilməsi ilə bağlı qeyd etdikləri tamamilə əsassızdır və həqiqəti əks etdirmir. Belə ki, məhkəməyə qədər iddiaçı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də eyni məsələ ilə bağlı şikayət etmişdir. Müştərinin həmin quruma şikayəti ilə bağlı şirkətə sorğu da daxil olmuşdur. Həmin sorğuya əsasən müəyyən etmək olur ki, iddiaçı ekranın dəyişildiyini bilmiş, hətta, buna razı olmuşdur ki, təmirli cihazı servisdən təhvil almışdır. Əgər iddiaçı təmirli məhsulu qəbul etmək istəməsə bundan imtina edərdi. Sorğudan müəyyən olur ki, iddiaçı cihazın saz vəziyyətdə olmasını istəmiş, lakin, dəyişdirilmə xahiş etməmişdir. İkinci dəfə yenə qüsur yarandığını iddia edərək köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının ikinci servis müraciəti zamanı isə məhsul hərtərəfli müayinə edilmiş, lakin məhsulda iddia edilən qüsur aşkar edilməmişdir. Samsung modelli cihazların ölkəmizdə rəsmi servis mərkəzi olan Samsung servis plazanın 29 dekabr 2023 tarixli texniki rəyinə əsasən cihazın texniki göstəricilərinə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı hazırda işlək vəziyyətdə olan, qüsur aşkar edilməyən cihazını təhvil ala bilər. İddiaçının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciəti də bu istiqamətdə köməklik göstərilməsi ilə bağlı olmuşdur. Buna uyğun olaraq, cihaz birinci dəfə müştərinin də razılığı ilə təmir edilmiş, iddiaçı da ekranı dəyişildiyini bildiyi cihazı təhvil almışdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətində ekran dəyişikliyi barədə məlumatlı olduğu açıqca görünür, növbəti servis müraciəti zamanı isə məhsulda hər hansı nasazlıq aşkar edilməmişdir. İddiaçı istədiyi zaman işlək vəziyyətdə olan cihazı təhvil alıb istifadəyə davam edə bilər. Əgər gələcəkdə yenidən belə hal baş verərsə, yenə də rəsmi servis mərkəzinin rəyi əsas götürülməklə qanunamüvafiq tədbirlər görüləcəkdir. Samsung model cihazların rəsmi servis mərkəzi samsung servis plazadır, onların rəyi əsas götürülərək müvafiq tədbirlər görülür. İddiaçı ilk dəfə təmir olunmuş malı təhvil almış, bir müddət istifadə etmiş, daha sonra təkrar müraciət etmişdir, bu zaman isə cihazda heç bir qüsur aşkar edilməmişdir. İddiaçı istifadə etdiyi, hazırda qüsur aşkar edilməyən malı təhvil ala bilər. Qanunvericiliyə, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna (7-ci maddə) əsasən qüsurlu mal üzrə satıcının dəyişdirilmə, qaytarılma öhdəliyi nəzərdə tutulmuşdur. Hazırda malda qüsur yoxdur, buna görə də dəyişdirilmə və ya qaytarılma ilə bağlı öhdəlikləri də ola bilməz, eyni zamanda maldan istifadə edilmişdir, iddiaçının müraciəti 14 gün ərzində olmamışdır. Ona görə də, zəmanət öhdəlikləri qüvvədədir, qüsur olmadığı üçün satıcı olaraq hazırda zəmanət üzrə öhdəliyi mövcud deyildir. Gələcəkdə qüsur aşkar edilərsə, qanunamüvafiq tədirlər görüləcəkdir. İşə əlavə edilmiş, Samsung Service plazanın xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, “maye keçməsi və mexaniki zədə aşkar edilmədi, zəmanətli təmirə yararlıdır” İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-1085/2024 saylı qərardadı ilə məhkəm-əmtəşünaslıq ekspertizası təyin edilmiş, lakin iş üzrə ekspert rəyi verilmədən iş materialları geri qaytarılmışdır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia təmin edilməlidir . Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC-dən “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) markalı telefon almış, həmin telefon qüsurlu olduğu üçün iddiaçı tərəfindən geri qaytarılmışdır. Lakin “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) markalı telefon cavabdeh tərəfindən qəbul edilməmi, qüsurun iddiaçı tərəfindən yaradıldığı bildirilmişdir.13122023 nömrəli 13,12.2023-ü il tarixli texniki rəy sənədində qüsurun istehlakıçı tərəfindən deyil, qarşı tərəfdən edildiyi bildirilmişdir. Hazırki iddiasında iddiaçı cavabdehdən “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) eyni modelli yeni telefonla əvəz edilməsini, bu mümkün olmadıqda xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilərək çəkdiyi 2699.99 manat xərc cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. - 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. -589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.6. Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. - 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. - 615. Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. - 623.1. Əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2. Alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 623.3. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli və ya qaytarılmalı olmayan malların siyahısı xüsusi hüquqi aktlar ilə müəyyənləşdirilmiş qaydada təyin edilir. - 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. -1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində anlayışı verilən qüsur sözü— malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu; mühüm qüsur — maldan (işdən, xidmətdən) onun məqsədli təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, aradan qaldırılması üçün çoxlu əmək və vaxt məsrəfi tələb edən, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəklə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur; zəmanət müddəti — müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş zəmanət öhdəliklərinin qüvvədə olduğu müddət kimi izah edilmişdir. Qanunun 3-cü maddəsində istehlakçıların hüquqlarına malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasını tələb etmək, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək və sair daxil edilmişdir. Həmin Qanunun 5-ci maddəsinə görə satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir. Zəmanət öhdəlikləri ilə bağlı məsələləri tənzimləyən Qanunun 6-cı maddəsinə görə zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə zəmanət müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır. Həmin Qanunun 7-ci maddəsinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.
3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.
4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.
6. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.
7. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.
8. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir.
9. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir.
10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. Hazırki işin müəyyən edilən hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehdən “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) markalı telefon almış, telefon qüsurlu olduğu üçün iddiaçı həmin telefonu geri qaytarmışdır. Məhkəmə həmin qüsurun iddiaçı tərəfindən edilməməsi qənaətinə gələrək iddianın təmin edilməsini məqsədəuyğun uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-nin üzərinə “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) markalı telefonun yeni telefonla əvəz edilməsi öhdəliyi qoyulmalı, bu mümkün olmadıqda həmin müqavilə ləğv edilməli və “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) markalı telefona görə ödənilmiş 2699.99 (iki min altı yüz doxsan doqquz manat 99 qəpik) manat xərc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-nin üzərinə “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb- BEİGE) markalı telefonun yeni telefonla əvəz edilməsi öhdəliyi qoyulsun, bu mümkün olmadıqda həmin müqavilə ləğv edilsin və “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) markalı telefona görə ödənilmiş 2699.99 (iki min altı yüz doxsan doqquz manat 99 qəpik) manat xərc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: X.X.İMANOV