Məhkəmə qərarları › İş №2(041)-1225/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1225/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1225/2024 09.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1776/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, onun müayinə və müalicə məsrəflərinin ödənilməsi üçün hər ay 50 manat məbləğində pul məbləğinin, ilkin mediasiya sessiyası xərci olan 50 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, tərəflər nikahlarını qeyd etdirməklə ailə həyatı qurublar. Onların birgə nikahlarından xx.xx.2008-cil tarixdə Yamin adlı uşaqları anadan olub. Kürdəmir Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(041)-1779/2022 saylı qətnaməsi ilə azyaşlı oğlunun saxlanması üçün 193 manat aliment müəyyən edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh alimentdən başqa ona heç bir yardım etmir. Hazırda azyaşlı oğlu ali məktəbə daxil olmuş, onun tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə əsasən təmin olunmuş aliment onun heç bir tələbatını ödəmir, cavabdeh isə heç bir diqqət və qayğı göstərmir. Ona görə də alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edib. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, oğlu Yamin Mahmudiov 2015-ci ildən görmə qabiliyyətinin zəif olmasından əziyyət çəkir. Yamin 2016-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftomologiya mərkəzində və Kürdəmir rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsində hər iki gözün görmə qabiliyyətinin zəif olması ilə bağlı rəsmi qeydiyyata alınmaqla hazirki vaxta qədər ambulator şəraitdə müalicə olunur. Dəfələrlə gözləri müayinə olunmuş, müayinələrə uyğun olaraq müalicələr tətbiq olunmuşdur. Müayinələr və müalicələr olmasa oğlu ağır cərahi əməliyyat keçirəcəkdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)-1776/2022 saylı qətnaməsinə əsasən ondan 193 manat miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət olunub. Hazırda Dəyirmanlı kənd orta məktəbində göztəçi işləyir və aylıq 310 manat əmək haqqı alır. Yamindən başqa daha iki uşağı var. Əldə etdiyi gəlir hesabına həm ailəsini dolandırır, həmçinin məhkəmə tərəfindən təyin olunmuş alimenti ödəyir. Alimentin miqdarı artırılacağı təqdirdə onsuz da pis olan ailə vəziyyəti daha da çətinləşəcək. Cavabdeh sadaladığı halları nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş; - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1776/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 193 manat miüqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət olunub. İşdə olan sənədlərdən və iddia tələbindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuş, sonradan ailə münasibətləri pozulduğu üçün hazırda ayrı yaşayırlar. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1776/2022 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 193 manat miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuş, iddiaçı təyin olunan alimentlə hazirki dövrdə uşağı saxlamaq və onun ən sadə təlabatlarını ödəməyin mümkün olmadığını, cavabdehin alimentdən əlavə uşağının saxlanılması üçün ona heç bir yardım etmədiyini əsas götürərək, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən hər ay sabit pul məbləği ilə 235 manat miqdarında alimentin və hər ay 50 manat müalicə xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödədiyini, aylıq 310 manat gəlirini olduğunu, Yamindən başqa daha iki uşağının olduğunu nəzərə alaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Hazırki iş üzrə müəyyən edilən hallardan məlum olur ki, iddiaçı alimentin miqdarının artırılmasını cavabdehin yüksək gəlirə malik olması ilə əsaslandırdığı halda, bununla bağlı hər hansı sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasını məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti çətinliklə ödədiyi, aylıq 310 manat gəlirdən başqa gəlirinin olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən: 1) Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir; 2) Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, valideynlərin öz uşaqları üzərində bərabər hüquq və vəzifələrə malik olması, cavabdehin maddi vəziyyəti, həmçinin aliment alan uşağın mənafeyi nəzərə alınaraq, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-cu il tarixli 2(041)- 1776/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı qismən artırılmalı və qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləği ilə 220 (iki yüz iyirmi) manat miqdarında aliment alınaraq iddiaçıya verilməsi məqsədə müvafiq və hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəlüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1776/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin iddiaçı cavabdehdən müalicə pulunun tutulmasını tələb edir. İddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı mediasiya xərci kimi ödədiyi 50 manatın da cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumunun məbləği 100 manat müəyyən edilmişdir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci və qalan 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(041)-1776/2022 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq, 50 (əlli) manat İddiaçı, 50 (əlli) manat dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar