Məhkəmə qərarları › İş №2(041)-125/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-125/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-125/2023 27.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 39 faizlə 24 ay müddətinə 730 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004nömrəli müqaviləyə 26 aprel 2021-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il iyulun 22-dək Cavabdeh banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 339,27 manat əsas borc, 39,25 manat faiz borcu və 32,53 manat cərimə borcu olmaqla cəmi 411,04 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 339,27 manat əsas borc, 39,25 manat faiz borcu və 32,52 manat cərimə borcu olmaqla cəmi 411,04 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə idditanın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdiriliş qaydada baxılmasına yol verilir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 689-0***-******* nömrəli kredit müqaviləsindən görünür ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 39 faizlə 730 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il taixinə 339,27 manat əsas borc, 39,25 manat faiz borcu və 32,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 411,04 manat məbləğində kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC-nin arasında bağlanmış Tələbetmə hüquququq güzəşt olunmasına dair xx.xx.2018-ci il tarixli, 0004 nömrəli müqaviləsindən görünür ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tələbetmə hüququ İddiaçı ASC-nə ötürülmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edərək müəyyən edir ki, cavabdehin İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli, 689-0***-******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il taixinə 339,27 manat əsas borc, 39,25 manat faiz borcu və 32,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 411,04 manat borcu var. İş materiallarına əlavə edilmiş İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022ci il tarixli, KBD/12582 nömrəli bildirişdən görünür ki, ona banka olan kredit borcunu ödəməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq o, banka olan kredit borcunu ödəməmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti tələb etməkdə haqlıdır. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” reyestrdən çıxarışdan görünür ki, Cavabdeh məhkəmə bildirişini qəbul etmiş, lakin qəbul etdiyi tarixdən 10 (on) iş günü müddəti keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, müəyyən olunmuş müddət ərzində iddiaya qarşı etirazının daxil olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olunduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağrılmaqla dindirilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına maneə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madldəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 689- 0***-******* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçı “FİNtrend” Bank olmayan Kredit təşkilatı qarşısında öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 689-0***-******* nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 339,27 manat əsas borc, 39,25 manat faiz borcu və 32,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 411,04 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.3-cü maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündan 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 689-0***-******* nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 339,27 manat əsas borc, 39,25 manat faiz borcu və 32,52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 411,04 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar