Məhkəmə qərarları › İş №2(041)-142/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-142/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-142/2025 18.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2656 (iki min altı yüz əlli altı) manat və ödənilmiş 47 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kürdəmir rayonunun Beyi kəndində yerləşən məhrum atası Aslanov Aləmə məxsus evdə yaşayır. Aslanov Aləm xx.xx.2023-cü ildə vəfat edib. İddiaçı X4 qanuni vərəsəsidir. Aləm Aslanov cavabdeh X2 ilə yaxın münasibətdə olublar. Cavabdeh Aslanov Aləmə müraciət edərək onun pula ehtiyacı olduğunu bildirib və Aslanov Aləmdən öz adına bankdan kredit götürüb ona verməsini xahiş edib. Aslanov Aləm onu tanıdığı və yaxın münasibətdə olduğu üçün X3 filialından 3500 və 300 manat əlavə kredit götürərək cavabdehə verib. Onların arasında olan razılaşmaya görə həmin kredit borcunu cavabdeh özü banka ödəməli idi. Bu ünvanla Aslanov Aləm cavabdehə 3800 manat borc pul verib. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və banka Aslanov Aləm tərəfindən ödəniş edilmişdir. Sonradan cavabdeh Aslanov Aləmdən aldığı borc puldan bir qədər ödəniş etdikdən sonra onun Aslanov Aləmə 2656 manat borcu qalmışdır. Aslanov Aləm xx.xx.2023-cü ildə vəfat etmişdir. İddiaçı cavabdehdən atasına olan borcunu ödəməsini xahiş etmiş, cavabdeh isə hər dəfə yalan vədlər verərək borcunu ödəməkdən yayınıb. Cavabdehin Aslanov Aləmə borcunun olduğunu özünün etiraf etdiyini və bununla bağlı səsyazmaların olduğunu bildirir. İddiaçı sonuncu dəfə cavabdehdən atasına olan borcunu ödəməsini tələb etdikdə, cavabdeh borcu verməyəcəyini bildirib. İddiaçı bununla bağlı Rayon polis şöbəsinə müraciət edib. Orada izahatları alınıb və cavabdehin atasına 2656 manat borcunun olduğunu etiraf edib. Lakin buna baxmayaraq cavabdeh hazırda Aslanov Aləmə olan borcunu vərəsəsi olaraq iddiaçıya ödəmir. Ona görə də X1 2656 manat pulun məhkəmə qaydasında geri tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı X4 qanuni vərəsəsidir. İşdə olan, Kürdəmir RPŞ-də İddiaçı müraciəti əsasında aparılmış araşdırmanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh 2656 manat borcun tələb edilməsi ilə bağlı müraciəti araşdırılmamış, bununla bağlı məhkəməyə müraciət etməsi ona izah edilmişdir. Məhkəmə iclasında yayımlanan iddiaçı ilə cavabdeh arasında olan telefon danışıqlarında cavabdeh borcun tam şəkildə qaytarılmasına maddi imkanı olmadığını bildirmişdir. Mübahisənin hüquqi əsasına gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göründüyü kimi, iddiaçının məhrum atası X7 3800 manat məbləğində pulu cavabdehə vermiş, cavabdeh isə müəyyən qədər ödəniş etdikdən sonra 2656 manat borcu qalmışdır. Müqavilə şərtləri tərəflər arasında şifahi qaydada razılaşdırılsa da, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuşdur. Məhkəmə qeyd edir ki, MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırki iş üzrə də, cavabdeh üzərinə götürdüyü öhdəliklərini vaxtında icra etmədiyinə görə iddiaçı pozulmuş hüquqlarının bərpası üçün qanunla müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2656 manat pul tutularaq İddiaçı verilməlidir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 47 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2656 (iki min altı yüz əlli altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 (qırx yeddi) manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Həmin müddət bitdikdən sonra qiyabi qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar