Məhkəmə qərarları › İş №2(041)-1429/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1429/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1429/2025 22.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 11300 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 122 manat olmaqla, cəmi 11422 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, çoxdan tanıdığı və ailəvi dostluq etdiyi Cavabdeh 2024-cü ilin təxminən oktyabr ayında ona yaxınlaşıb maddi problemlərinin olduğunu bildirib ona 11.300 manat məbləğində borc pul verməyini xahiş etmişdir. Cavabdehin dostu olmasını və onun həqiqətən də maddi problemlərinin olduğunu bildiyinə görə onun təklifini qəbul edib, ona 11.300 manat borc pul vermişdir. Cavabdeh 11.300 manat məbləğində pulu ondan alandan sonra o, maddi problemlərini həll etdikdən sonra borc aldığı pulu 3 ay müddətinə ona qaytaracağını bildirmiş və bu barədə sadə formada borc müqaviləsi yazıb imza etmişdir. Cavabdeh borc aldığı 11.300 manat məbləğində pulu qaytaracağı vaxt bitəndən sonra onun borc aldığı pulu qaytarmadığını görüb ondan borc aldığı pulu qaytarmasını tələb etmişdir. Lakin Sadiq hər dəfə müxtəlif bəhanələr gətirərək borc aldığı pulu qaytarmaqdan yayınaraq borcu qaytarmaqdan imtina etmişdir. Ondan aldığı borcu qaytarması ilə bağlı Cavabdeh rəsmi qaydada xəbərdarlıq göndərsə də o, heç bir cavab verməmişdir. Hazırda Cavabdeh ona 11.300 manat məbləğində borcu var. Məhkəmə iclasına iddiaçı teleqramla müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəməyə cavabdeh ərizə göndərərək bildirmişdir ki, iddia tələblərini qəbul edir. Hərbi xidməti ilə bağlı Türkiyə Respublikasına ezamiyyətə getdiyinə görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış, imzası ilə təsdiqlənmiş “borc müqaviləsi” adlanan qeydlərdən görünür ki, Kürdəmir rayon N saylı hərbi hissədə gizir vəzifəsində işləyir. Maddi cəhətdən problemləri olduğu üçün İddiaçı xahiş etmişdir ki, öz adına kredit götürüb ona versin. Belə razılaşmışlar ki, 03 ay müddətinə qaytarmaq şərti ilə ona lazım olan 11300 (on bir min üç yüz) manat pul götürüb vemişdir. Aldığı pulu və yazdığı sözlərin doğruluğunu öz imzası ilə təsdiq edir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, 11.300 manat məbləğində borcun ödənilməsi, əks halda məhkəməyə müraciət edəcəyi barədə iddiaçı tərəfindən borcluya xəbərdarlıq edilmişdir. İşin halları odur ki, iddiaçı cavabdehə 11300 manat pul vermiş, cavabdeh isə həmin pulu qaytarmamışdır. İddiaçı sübut qismində cavabdehin tərəfindən yazılmış, öz imzası ilə təsdiq olunmuş “borc müqaviləsi” adlanan cavabdehin qeydlərinə istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək iddiaçıya borcu olduğu 11300 manat məbləğində pulu etiraf etmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sənədləri nəzərə alaraq borc məbləğinin 11300 manat olması faktını təsdiq edir. Lakin mövcud qanuvericiliyə əsasən, bu məbləğin ödənilməsini təsdiqləyən müqavilə yazılı formada bağlanmalı, hər iki tərəfin imzası ilə təsdiqlənməli idi. Qeyd edilən sənədin bu tələblərə cavab verməməsi səbəbindən məhkəmə bu məbləğin əsassız varlanma kimi tanınmasını məqsədəuyğun hesab edir. Yəni cavabdeh bu məbləği qanuni əsas olmadan əldə edib və bu əsassız varlanma kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıya 11300 manat pul borclu olduğunu etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəməyə göndərdiyi ərizədə iddia tələblərini qəbul etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ondan aldığı 11300 manat pulu ödəməmiş, onun pulunu da geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiaçıya 11300 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 122 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 11300 (on bir min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122 (yüz iyirmi iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11300 (on bir min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 122 (yüz iyirmi iki) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar