Məhkəmə qərarları › İş №2(041)-1481/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1481/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1481/2025 17.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat və dövlət rüsumu olaraq ödədiyim 135 yüz otuz beş manat alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh oğlu ondan 15000 manat borc pul istəmiş, aralarında razılaşma olandan sonra borc müqaviləsi bağlamışlar, müqavilənin şərtinə əsasən 2 ay müddətində borcu qaytarmalı idi. Hazırda cavabdeh borc müqaviləsinə əsasən borcu qaytarmamışdır. Etdiyi xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Cavabdeh iddiaya qarşı etiraz ərizəsində göstərmişdir ki, 2022-ci il tarixdən 2023-cü ilin iyul ayına kimi Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində yolun kənarında qardaşına məxsus ət satışı dükanı icarəyə götürmək yolu ilə işlətmiş. Ramin 2023-cü ilin aprel ayında ona yaxınlaşaraq onunla şərik olmaq istədiyini bildirmişdir. O Raminə şərik kimi onunla işləyən Əlvana 3000 manat borcu olmasını və sonuncudan ayrılmaq istədiyini bildirmiş. Raminə Əlvana borclu olduğu pulu verəcəyi təqdirdə onunla şərik olmağa razılıq vermiş. Ramin ona 3000 manat əvəzinə 2500 manat verərək bu barədə razılaşmışlar. Bundan sonrakı ay ərzində alver zəif olsa da ona iki ay ərzində 1500 manat qazanc vermişdir. Ramin ona alış-verişin zəif olmasını bildirərək verdiyi 2500 manatdan başqa əlavə 1500 manat da verməli olduğunu və ümumilkdə 4000 manat borclu olduğunu bildirmiş. O əvvəlcə etiraz etsə də sonradan onunla məcbur qalıb razılaşmış, Raminə dükanda alış-veriş zəif olduğu üçün bağlamaq qərarına gəldiyini və Rusiya Federasiyasına getmək istədiyini bildirmiş, həmçinin ondan yol pulu olaraq borca 1000 ABŞ dolları məbləğində ona pul verməsini istəmiş. Ramin ona 1000 ABŞ dollarını verdikdə ona ağ kağıza guya ona 15000 manat borclu olmağı barədə yazı yazdırdı. O Raminə həmin vaxt cəmi 4000 manat borclu olsa da, Ramin ona həmin yazını yazmağının heç bir əhəmiyyəti olmadığını bildirdi və yazdıqdan sonra 1000 ABŞ dolları verəcəyini dedi. O yazdıqdan bir gün sonra Ramin ona 1000 ABŞ dolları pul vermiş. O Rusiya Federasiyasına getdikdən sonra 2023-cü ilin iyul ayından dekabr ayına kimi Raminə ümumilikdə 2450 manat pulu "Zolotaya korona" pul köçürmə sistemi vasitəsilə göndərmiş, sonradan yenidən pula ehtiyacı yarandığı üçün Raminlə əlaqə saxlamış və ona 800 ABŞ dollar borc verməsini istəmiş. Ramin də deyilən məbləği qaynı vasitəsi ilə ona göndərmişdir. Sonradan maddi vəziyyətində yaranan çətinliklərlə bağlı Raminə olan borcunu tam ödəyə bilməmişdir. Rusiya Federasiyasından gəldikdən sonra taksi fəaliyyəti ilə məşğul olmuş və Raminə əlavə olaraq 200 manat da borcu qaytarmışdır. Beləliklə onun hal-hazırda Raminə cəmi 1350 manat və 1800 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixində Cavabdeh oğluna 15000 manat borc verib və aralarında borc müqaviləsi bağlayıb. Müqaviləyə əsasən, cavabdeh borcunu 2 ay müddətində qaytarılmalı idi, lakin qaytarmamışdır. Abdurahman həmin pulla kəndlərdən 30-40 baş xırdabuynuzlu heyvan alıb və onları qəssab dükanında satıb. Hesablaşma zamanı cavabdeh ona cəmi 300 manat aylıq qazanc olduğunu deyib və pulun nisyə ət satışından qaynaqlandığını bildirib. Cavabdeh sonradan ona puldan 3000 manatını başqa bir şəxsə verdiyini və müəyyən məbləğlərdə pul verərək qazancın bundan ibarət olduğunu bildirib. Borc aldığı 12000 manatı qaytarmaq əvəzinə, Rusiya Federasiyasına getmək üçün əlavə olaraq 1000 ABŞ dolları borc istəyib. 15000 manat borclu olması barədə yazılı öhdəlik götürüb və pulu 10 sentyabr 2023-cü il tarixinə qaytaracağını bildirib. Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 640 manat pul göndərib, lakin əlavə olaraq 800 ABŞ dolları istəyib. Cavabdeh borc aldığı 15000 manatdan cəmi 760 manat qaytardığını etiraf edib. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, xx.xx.2023-cü il tarixində 15000 manat pulu Abdurahmana nəğd şəkilində verməmişdir, ayrı-ayrı vaxtlarda verdiyi borcların cəmini hesablayıb ondan yazılı qəbz almışdır. Həmin puldan da əlavə olaraq cavabdehə ayrı-ayrı vaxtlarda 1000 ABŞ dolları və 800 ABŞ dolları pul vermiş, həmin pulları da qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında iddiaya dair etiraz ərizəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi və əlavə olaraq bildirdi ki, cavabdeh İddiaçı ilə 2022-2023-cü illərdə Kürdəmir rayonunda ət dükanı işlədib. Cavabdeh Ramindən əvvəlcə 2500 manat, sonra isə əlavə 1500 manat (cəmi 4000 manat) alıb və ona 15000 manat borclu olması barədə yazı yazdırıb, əvəzində 1000 ABŞ dolları verib. Rusiyaya getdikdən sonra da Raminə "Zolotaya karona" vasitəsilə 2450 manat və qaynı vasitəsilə 800 ABŞ dolları verib. İddiaçı özü də polis şöbəsində verdiyi izahatında borcun bir qisminin ödənilməsini etiraf etmişdir. Həmçinin barəsində yazmış olduğu ərizələrdə pulu ona harada və hansı məbləğdə verməsinə dair bir-birinə zidd məlumatlar vermişdir. Verilən suallara cavab olaraq cavabdeh hazırda Raminə 1350 manat və 1800 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: - iddiaçının təqdim etdiyi, notarial qaydada təsdiq edilməmiş, əl ilə yazılmış vərəqdə: “Mən Cavabdeh A.O. xx.xx.2023. Yaxın dostum İddiaçı borc olaraq 15000 manat pul alıram. Aldığım pulu xx.xx.2023 tarixdə tam şəkildə ödəyəcəm.imza. şəxsiyyət vərəqəsi seriyası.AA*******. Yazdıqlarımın doğruluğunu öz imzamla təsdiq edirəm.imza. Mən İddiaçı xx.xx.2023. Dostum Cavabdeh A.O borc olaraq 1500 manat borc pul verirəm. xx.xx.2023 tarixdə geri qaytarmaq şərtiylə imza” -Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı 10 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in rəhbərliyinə elektron müraciət edərək göstərmişdir ki, Kürdəmir rayonu, Şıxımlı kənd sakini Cavabdeh xx.xx.2023-cü il tarixdə qəssab dükanı açmaq məqsədilə onun 15000( on beş min) manat pulunu etibarından suiistifadə edərək dələduzluq yolu ilə ələ keçirmişdir. Material üzrə İddiaçı ilkin izahatı alınarkən ümumi məbləğin 10000 (on min) manatını Kürdəmir rayonu ərazisində verməsini, sonuncu 5000 (beş min) manatı isə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Avropa" otelinin qarşısında verdiyini bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh uzun müddətdir Kürdəmir rayon sakini tanıyır. Abdurahman Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində yolun kənarında qəssab dükanı işlətmişdir. Abdurahmanla münasibəti yaxın olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Sonuncu dəfə 2023-cü ilin aprel ayında Abdurahman onunla görüşən zaman Abdurahman ona şərik olmaq təklifi etmiş, münasibəti yaxın olduğu üçün Abdurahmana inanmış və ona şərik olmağa razılıq vermişdir. Səhəri günü həmin qəssab dükanında Abdurahmanla görüşərək 12000(on iki min) manat pul vermiş, pulu alan zaman Abdurahman ona konkret qazanc məbləği söz verməsə də, ayın sonunda hesablaşmada ona qazancı yarı böləcəyinə söz vermişdir. Bundan başqa Abdurahman ondan pulu alarkən həmin pula kəndlərdən satış məqsədilə quzu alacağını bildirmişdir. Həqiqətən də Abdurahmanla birlikdə ayrı-ayrı şəxslərdən təxminən 30-40 baş xırdabuynuzlu heyvan almışlar. Bundan sonrakı ay ərzində həqiqətən də Abdurahmanın quzuları kəsərək həmin dükanda satmasının şahidi olmuş, lakin ayın sonunda onunla hesablaşma apararkən Abdurahman ona cəmi 300 manat aylıq qazane olmasını bildirmiş və həmin pulun da nisyə ət satışı etdiyi üçün ayrı-ayrı şəxslərdə olmasını demişdir. Abdurahmandan niyə bu qədər az qazane olmasını soruşduqda sonuncu ona alver olmadığını bildirərək bəhanələr danışmış, hətta bir dəfə ona verdiyi puldan 3000 manatını əvvəldən borclu olduğu Əlvan adlı şəxsə verdiyini demişdir. Lakin arabir Abdurahman ona müəyyən məbləğlərdə pul verərək qazancın bundan ibarət olmasını bildirmişdir. Daha sonra təkrar həmin pula onunla birlikdə quzu almışdır. Növbəti ayda da eyni qaydada alver olmasını gördükdə Abdurahmandan verdiyi 12000 (on iki min) manatı qaytarmasını tələb etmiş, lakin Abdurahman ona pulu qaytarmaq əvəzinə əlavə olaraq Rusiya Federasiyasına getmək məqsədilə yol pulu kimi 1000 (min) ABŞ dolları borc pul istəmişdir. Həmin vaxt ət satışı mağazası artıq ziyan etdiyi üçün tam bağlanmışdır. Abdurahman ona Rusiya Federasiyasına getdikdən sonra orada işləyərək ona olan borcunu qaytaracağına söz vermiş, Abdurahmanla bir neçə gün sonra, daha dəqiq xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən "Çinar" kafesində görüşərək orada sonuncuya istədiyi min ABŞ dolları pulu borc qismində vermişdir. Bu zaman Abdurahmana öz xətti ilə yazdıraraq ondan 15000 (on beş min) manat borclu olması barədə yazılı iltizam almışdır. İltizamda Abdurahman ona 10 sentyabr 2023-cü il tarixdə həmin pulu qaytaracağını bildirmişdir. Bundan sonra həqiqətən də Abdurahman ayrı-ayrı vaxtlarda onun istifadəsində olan karta 200 manat, 100 manat və 200 ABŞ dolları olmaqla ümumilikdə 640 manat pul göndərmiş, lakin Rusiya Federasiyasına getdikdən sonra ondan əlavə olaraq borc qismində 800 ABŞ dolları pul göndərməyini istəmiş, bu səbəbdən qaynına məxsus mağazaya 800 ABŞ dollarını vermişdir. Lakin həmin vaxtdan bu yana Abdurahman ona cəmi 120 manat pul göndərmişdir. Bu səbəbdən Abdurahman barəsində DİN-in rəhbərliyinə şikayət etmək qərarına gəlmişdir. Abdurahmana 15000 manat pul versə də sonuncu ayrı-ayrı vaxtlarda istifadəsində olan karta cəmi 760 manat pul göndərmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Mabud oğlunu uzun müddətdir Kürdəmir rayon sakini kimi tanıyır. 2022-ci il tarixdən 2023-cü ilin iyul ayına kimi Kürdəmir rayonu, Şıxımlı kəndi ərazisində yolun kənarında qardaşına məxsus ət satışı dükanı icarəyə götürmək yolu ilə işlətmişdir. Ramin 2023-cü ilin aprel ayında ona yaxınlaşaraq şərik olmaq istədiyini bildirmiş, Raminə şərik kimi onunla işləyən Əlvana 3000 manat borcu olmasını bildirmiş və ondan ayrılmaq istədiyini bildirmiş, Raminə həmin pulu verəcəyi təqdirdə sonuncu ilə şərik olmağa razılıq vermişdir. Lakin Ramin ona 3000 manat əvəzinə 2500 manat verə biləcəyini demiş, razılaşdıqdan sonra Ramin ona dükanda 2500 manat pul vermişdir. Bundan sonrakı ay ərzində alver zəif olsa da Raminə iki ay ərzində 1500 manat qazanc vermişdir. Lakin Ramin ona alış-verişin zəif olmasını bildirərək verdiyi 2500 manatdan başqa əlavə 1500 manat da verməli olduğunu və ümumilkdə 4000 manat borclu olduğunu bildirmişdir. Əvvəlcə etiraz etsə də sonradan Raminlə razılaşmışdır. Lakin Raminə dükanda alış-veriş zəif olduğu üçün bağlamaq qərarına gəldiyini və Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Həmçinin Ramindən yol pulu olaraq borca 1000 ABŞ dolları məbləğində pul verməsini istəmiş, Ramin ona 1000 ABŞ dollarını verdikdə ağ kağıza guya ona 15000 manat borclu olmağı barədə yazı yazdırmış, Raminə həmin vaxt cəmi 4000 manat borclu olsa da, Ramin ona həmin yazını yazmağının heç bir əhəmiyyəti olmadığını bildirmiş və yazdıqdan sonra 1000 ABŞ dolları verəcəyini demişdir. Yazını yazdıqdan bir gün sonra Ramin ona 1000 ABŞ dolları pul vermiş, Rusiya Federasiyasına getdikdən sonra 2023-cü ilin iyul ayından dekabr ayına kimi Raminə ümumilikdə 2450 manat pulu "zolotaya karona" pul köçürmə şirkəti vasitəsilə göndərmişdir. Lakin sonradan yenidən pula ehtiyacı yarandığı üçün Raminlə əlaqə saxlamış və ona 800 ABŞ dollar borc verməsini istəmiş, Ramin də deyilən məbləği qaynı vasitəsilə ona göndərmişdir. Lakin sonradan maddi vəziyyətində yaranan çətinliklərlə bağlı Raminə olan borcunu tam ödəyə bilməmiş, Rusiya Federasiyasından gəldikdən sonra taksi fəaliyyəti ilə məşğul olmuş və Raminə əlavə olaraq 200 manat qaytarmışdır. Sonradan Raminin onun barəsində heç bir əsas olmadan 15000 manat borclu olmağını və guya pulu Nəsimi rayonunda almağını deməsini öyrənmişdir. Halhazırda Raminə 1350 manat və 1800 ABŞ dolları məbləğində borcu qalmış, həmin məbləği maddi vəziyyətində yaranan çətinliklər aradan qalxdıqdan sonra tezliklə ödəyəcəkdir. Cavabdeh tanışı İddiaçı etibarından sui-stifadə edərək dələduzluq yolu ilə sonuncunun əmlakını ələ keçirməsi faktı öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tələb etdiyi 15000 manat pulun faktiki əsasını təşkil edən cavabdehlə arasında olan xx.xx.2023-cü il tarixli sadə yazılı qeydlərinə istinad etdiyi halda, həmin pulun xx.xx.2023-cü il tarixdə deyil ayrı-ayrı vaxtlarda cavabdehə verdiyini bildirmiş, lakin bu halları təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə həm polis şöbəsində, həm də məhkəmədə verdiyi izahatında iddiaçıya 1350 manat və 1800 ABŞ dolları məbləğində borcu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki iş üzrə iddiaçı 15000 manat verdiyi borcunu tələb etdiyi halda, yazılı formada notarial qaydada təsdiq edilmiş müqavilə əvəzinə, cavabdehə imzalatdırdığı sadə yazılı qeydlərini məhkəməyə təqdim etmiş və həmin yazılı qeydləri birbaşa və ya dolayısı yolla təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilmədiyi üçün mötəbər sübut kimi qəbul edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh borc olaraq 1800 (bir min səkkiz yüz) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və 1350 manat tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün 135 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyindən 135 manat dövlət rüsumunun 100 manatı iddiaçıya, qalan 35 manatı isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, 1350 (bir min üç yüz əlli) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 (otuz beş) manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar