Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1564/2025 19.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh cehiz əvəzi olaraq verdiyi 11000 manat və dövlət rüsumu olaraq ödədiyi 123 manat olmaqla ümumilikdə 11123 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı onun oğludur. Qızı xx.xx.2021-ci il tarixdə cavabdehlə el adəti üzrə nişanlanmış və nişanlanma dövrü pandemiya ərəfəsinə təsadüf etdiyi və həm də həmin vaxta yaxın qardaşı vəfat etdiyi üçün toy məclisi təşkil edilmədən cavabdehin evinə gəlin getmişdir. Onlar bir müddət, yəni 2-3 ay yaşayandan sonra qızına cehiz vermədikləri üçün cavabdehin özünün təklifi ilə ona 5000 (beş min), evliliklərindən 6 ay sonra isə təkrar olaraq 6000 (altı min) manat da vermişdilər ki, evlərini təmir etdirsinlər. Qızına görə cavabdehin tələb etdiyi pulları həm cehiz əşyaları, həm də qızının yaşayacağı evlərinin təmiri üçün versə də cavabdeh həmin pulları aidiyyatı üzrə xərcləməmiş, əksinə bir müddət mehriban yaşasalar da sonradan onların ailə münasibətləri pozulmuş və cavabdeh xx.xx.2023-cü il tarixdə qızını evdən qovmuşdur. Hazırda qızı onun himayəsindədir. Qızı ilə cavabdeh arasında nikah rəsmi qeyd olunmamış, uşaqları da olmamışdır. Bundan sonra o, cavabdehdən ona verdikləri 11000 manatı istəsə də üstündən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh hələ də pulu qaytarmaq istəmir və hər dəfə də müxtəlif bəhanələrlə onu aldadır. O, da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclaslarına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı telefonla Cavabdeh zəng edərək onunla verdiyi pulun geri qaytarılması mövzusunda danışarkən Cavabdeh ona bu ili gözləməsini, evini satdığa qoyduğunu, evi satıb onun pulunu verəcəyini bildirmişdir. Həmin telefon danışıqlarında cavabdeh həmçinin iddiaçının ona 5000 manat bir dəfə, 5000 manat da sonra pul verdiyini iki dəfə etiraf etmişdir. İşin halları odur ki, iddiaçı cavabdehə ona ərə gedən bacısına cehiz əşyaları əvəzinə 5000 manat bir dəfə, 6000 manatı isə ondan bir müddət sonra, ümumilikdə 11000 manat pul verdiyini, bacısı onlara gəlin köçdükdən bir müddət sonra bacısının evdən qovulduğunu, cehiz əşyaları əvəzinə verdiyi pulun geri qaytarılmadığını, cavabdehin ona hazırda cəmi 11000 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində cavabdehlə aralarında olan telefon danışıqları zamanı qeydə alınmış səs yazılarının əks olunduğu DVD diskə istinad edir. Cavabdeh isə dəfələrlə keçirilmiş məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli qərarında göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə cavabdehin etirafını nəzərə alaraq iddia tələbini qismən təmin edilməsi qərarına gəlir. Çünki iddiaçı Cavabdeh 11000 manat pulun alınıb ona verilməsini xahiş etsə də iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə aralarında olan telefon danışıqları zamanı iddianı qismən qəbul etmiş, məhkəmə iclasında iş materiallarında olan DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, aralarında olan söhbət zamanı iş üzrə Cavabdeh İddiaçı 2 dəfə 5000 manat pul (ümumilikdə 10000 manat) aldığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan 10000 manat pul aldığını etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya cehiz əşyalarının əvəzinə aldığı pulu geri qaytarmalı olduğu halda, geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiaçıya 10000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 (yüz iyirmi beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 125 (yüz iyirmi beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1564/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1564/2025
19.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver