Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1571/2023 02.11.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2046.05 manat borcun və 40.47 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Kürdəmir filialı ilə ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli 99 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayon Karrar kəndi ərazisində 17 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5946.50 manat məbləğində avans vəsait götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıq təhvil verməklə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini isə müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl etməmiş, iddiaçıya 2046.05 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə, ödəmə tapşırıqları ilə təsdiq edilir. Borcun ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilərək borcunu ödəməsi tələb edilməsinə baxmayaraq, hal-hazıra kimi tələb edilən borc iddiaçıya qaytarmamışdır. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qismən qəbul edərək izahatında göstərdi ki, xx.xx.2019-ci il tarixli 99 nömrəli alqı-satqı müqaviləsinə əsasən Kürdəmir rayon Karrar kəndi ərazisində 17 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçıdan 5946.50 manat məbləğində avans vəsait götürmüşdür. Pambıq sahəsi zəif olduğu üçün məhsul olmamış, nəticədə iddiaçıya 2046.05 manat borcu qalmışdır. Bundan sonra məhkəmə prosesi gedən müddətdə borcundan 600 manat ödəmişdir. Hazırda iddiaçıya 1446.05 manat borcu qalmışdır. Maddi imkanı olmadığı üçün həmin pulu bir dəfəyə ödəyə bilmir. Cavabdeh sonda göstərilənləri nəzərə alaraq iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materillarına əlavə edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 2019-cu il mövsümü üzrə xam pambığın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 99 nömrəli müqaviləyə əsasən cavabdeh Kərimov X1 rayonunun Karrar kəndində yerləşən 17 ha torpaq sahəsində pambıq əkilib becərəcəyini, pambığın becərilməsi ilə bağlı iddiaçıdan aldığı avansı xam pambıq təhvil verməklə ödəməyi, İddiaçı MMC isə pambıq əkilib becərilməsi ilə bağlı avans şəklində pul vəsaiti, texnika, toxum, mineral gübrə verilməsi, sonda əldə edilmiş məhsulun təhvil alınması barədə qarşılıqlı öhdəlik götürüblər. İş materiallarında olan, Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli 01/412 saylı pretenziyadan görünür ki, 2046.05 manat borcun ödənilməsi tələb olunmuşdur. İşdə olan, iddiaçının nümayəndəsi X2 və Cavabdeh məhkəməyə təqdim etdikləri ərizələrində, işə məhkəmədə baxılan müddətdə cavabdeh tərəfindən 600 manat ödəniş edilmiş, cavabdehin 1446.05 manat borcu qalmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixli 99 nömrəli alqısatqısına müqaviləsinə əsasən Kürdəmir Karrar kəndi ərazisində 17 ha sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “iddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 5946.50 manat məbləğində avans vəsait götürmüşdür. Cavabdeh götürdüyü avans vəsaitdənə istifadə etsə də, iddiaçıya olan borcunu tam şəkildə geri qaytarmamış, nəticədə 2046.05 manat borcu qalmışdır.Həmçinin məhkəmə araşdırması iddiaçının nümayəndəsinin izahatından və cavabdehin təqdim etdiyi sənədlərdən məlum olur ki, cavabdeh məhkəmə prosesinin gedişatında borcundan 600 manat ödəniş etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.(Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri) İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş borcu cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1446.05 manat məbləğində borc tutularaq iddiaçının hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 40.47 manat məbləğində dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1446.05 (bir min dörd yüz qırx altı manat 05 qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 ( otuz) manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1571/2023
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1571/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver