Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1652/2024 18.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 33400 (otuz üç min dörd yüz) manat məbləğində pul vəsaitinin və ödədiyi 191 (yüz doxsan bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə onun arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, 35400 manat məbləğində pulu cavabdehə vermiş, cavabdeh isə xx.xx.2024-cü il tarixədək sözügedən məbləği ona geri qaytaracağını bildirmişdir. Cavabdeh ona olan 35400 manat borcdan 2000 manatını qaytarmış yerdə qalan 33400 manat məbləğində borcunu bu günədək ödəməmişdir. O, pulun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış və əlavə olaraq xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə pretenziya məktubu yollamışdır. Odur ki, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 məhkəmə iclasına ərizə göndərərək göstərmişdir ki, üzürlü səbəbdən həmin iclasda iştirak edə bilməyəcək və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddianı müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçını əvvəllər tanımadığını, pulu qohumundan götürdüyünü, sonradan isə iddiaçını tanıdığını, hazırda borcun hamısını ödəyə bilməyəcəyini lakin, hər ay az-az ödəyəcəyini bildirmişdir. Cavabdeh izahatının sonunda iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir . Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 35400 manat məbləğində borc pul vermişdir. “Borc alan” krediti xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 35400 manat məbləğində pul borcu vardır. Həmin müqavilə üzrə borcunu ödəmək vaxtından artıq 1 aydan çox vaxt keçməsinə baxmayaraq həmin müqavilədən cəmi 2000 manat ödəniş olmuşdur. Odur ki, 33400 manat məbləğində olan borcun qaytarılmağı üçün 5 gün vaxt verilir. Əgər həmin borc verdiyi vaxt müddətində ona qaytarılmasa məhkəməyə müraciət ediləcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh öz hərəkətləri ilə iddiaçıdan aldığı borcu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 33400 manat pul tutularaq İddiaçı ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 191 manat dövlət rüsumunu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 33400 (otuz üç min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 191 (yüz doxsan bir) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1652/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1652/2024
18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver