Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1653/2025 25.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-nin direktoru Rüfət Orucov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda göstərilənləri rəhbər tutaraq 16.075 (on altı min yetmiş beş) manat 75 qəpik mənimsədiyi məbləğin (900 manat ödəniş etmişdir), bu müddət ərzində əldən çıxmış faydanın (mənfəətin), 2.300 (iki min üç yüz) manat şəxsi borcun, sərbəst auditlə bağlanan müqaviləyə ödənilən 1.000 (bir min) manatın və dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-355/2024 nömrəli hökmü ilə (hakim Nigar İmanova) Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 maddələri ilə 1 (bir) il müddətə qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il azadlığın məhdudlaşdırılması cəza növü təyin edilmişdir. Cavabdeh "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləyərkən 27.602 (iyirmi yeddi min altı yüz iki) manat 86 qəpik mənimsəmiş, şəxsi borc adı ilə şirkətin xəzinədarlığından 2.300 (iki min üç yüz) manat pul götürərək geri qaytarmamışdır. Ümumilikdə, cəmiyyətə 29.902 (iyirmi doqquz min doqquz yüz iki) manat 86 qəpik ziyan vurmuşdur. Xidmət etdiyi obyektlərin çoxsaylı nümayəndələri ibtida istintaq zamanı ifadələrində Cavabdeh ilə hesablaşdıqlarını, təhvil-təslim aktlarını imzaladıqlarını qeyd etmişlər. Sabiq satış təmsilçisi təhvil-təslimə gəlməkdən yayındığından, telefonlarını söndürüb gizləndiyindən, şirkətlə əlaqə yaratmadığından və bu müddət ərzində 46 obyekt naməlum səbəblərdən fəaliyyətini dayandırdığından həmin obyektlərdə təftiş keçirilməsi mümkün olmamış və mövcud sənədlərlə üzləşmələr aparılmamışdır. Obyektlərdə qalıq borc kimi görünən 10.627 (on min altı yüz iyirmi yeddi) manat 11 qəpik dəyərində məhsulun həqiqətən mağazalarda qalması və ya dəyərinin Cavabdeh ödənilməsini dəqiqləşdirmək imkan xaricində olmuşdur. Cinayət işi materiallarından göründüyü kimi qeyd olunan məbləğ (mal qalığı) onun hesabından silinməklə, 2.300 (iki min üç yüz) manat şəxsi borcu qalmaqla 16.975 (on altı min doqquz yüz yetmiş beş) manat 75 qəpik pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmişdir. Bu məbləğdən istintaq dövründə 500 (beş yüz) manat, işə apellyasiya məhkəməsində baxılan vaxtda 400 (dörd yüz) manat ödəniş etmişdir. Hökmdən apellyasiya şikayəti verilmiş, 11 dekabr 2024-cü il tarixli 1(103)-2241/2024 nömrəli qərarla hökm dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin vaxtdan əlaqə saxlamamış mənimsədiyi vəsaitdən ödəniş etməmişdir. İddiaçının nümayəndəsi X1 məhkəmənin hazırlıq iclasında iştirak etmiş, lakin məhkəmə baxışına gəlməmiş, məhkəməyə ünvanladığı teleqrammada məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-355/2024 nömrəli hökmü ilə Cavabdeh 3 (üç) il azadlığın məhdudlaşdırılması cəza növü təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 1(103)-2241/2024 nömrəli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmün 26-cı səhifəsi, 2-ci abzasdında istinad edilən əlavə məhkəmə mühasibatlıq ekspertizasının 19 mart 2024-cü il tarixli rəyində iş üzrə zərərçəkmiş hüquqi şəxs İddiaçı MMC-yə dəymiş ziyanın məbləği 16975.75 manat məbləğində müəyyən edilmişdir. Dövlət ittihamçısının Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarından verdiyi kassasiya protestində təqsirləndirilən şəxs Cavabdeh vurduğu ümumilikdə 16975.75 manat məbləğində maddi ziyandan məhkəməyədək icraat dövründə 500 manat, apellyasiya baxışı zamanı 500 manat ödənildiyi qeyd edilmişdir. (kassasiya protesti cəzanın yüngül olması ilə bağlı verilmişdir) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşdə olan sənədlərdən məlum olur ki. iddia cinayət əməli nəticəsində vurulmuş 16975.75 manat məbləğində maddi ziyanla bağlıdır və işə məhkəmədə baxılarkən həmin ziyandan 1000 manat ödəniş edilmişdir. İddia ərizəsində əldən çıxmış faydanın (mənfəətin), 2.300 (iki min üç yüz) manat şəxsi borcun, sərbəst auditlə bağlanan müqaviləyə ödənilən 1.000 (bir min) manatın ödənilməsi tələb edildiyi halda, həmin halları təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə həmin hissədə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh cinayət əməli nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 15175.75 (on beş min bir yüz yetmiş beş manat 75 qəpik) manat tutularaq İddiaçı hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 138.22 (bir yüz otuz səkkiz manat 22 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə ödənilmiş 138.22 manat dövlət rüsumunun 135 manatı cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cinayət əməli nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 15175.75 (on beş min bir yüz yetmiş beş manat 75 qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135 (bir yüz otuz beş) manat tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1653/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1653/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver