Məhkəmə qərarları › İş №2(041)-1708/2025

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(041)-1708/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1708/2025 16.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 1590 manat pulun və məhkəməyə ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5.05.2025-ci il tarixdə 21:39 radələrində Yasamal rayonu Ə.Əhmədov küçəsi ilə hərəkət edərkən Cavabdeh idarə etdiyi **-LN-*** dövlət qeydiyyat nişanlı Mercedes E240 markalı avtomobil manevr qaydaların pozaraq ona məxsus **-LB-*** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtomobilin sol yan hissəsindən vurmuşdur. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəymişdir. Avtomobilin təmiri ilə bağlı müraciət etdiyi özəl servisdə dəymiş zərərin məbləği 1590 manat hesablanmışdır. Cavabdehin sığortası olmaması səbəbindən ona heç bir ödəniş edənilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. İddiaçının nümayəndəsi yazılı ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan, - “X2" tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktında "TOYOTA" markalı avtomobilin "Arxa sol qapı" hissəsinin təmiri ilə bağlı görüləcək işlər və onların qiymətləri qeyd olunub. Sənədə görə, ümumi məbləğ 1590 manat təşkil edir. -Yasamal rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta ilə bağlı inzibati tənbehvermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixində saat 21:39 radələrində Yasamal rayon Ə.Əhmədov küçəsi istiqamətində Mercedes benz E240 minik markalı, 90LN274 dövlət qeydiyyat nişanlı avtomobil ilə AR İXM-nin 327.1-ci, 469.3-cü maddəsində nəzərdə tutulmuş intibati xəta törətmiş və 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Yasamal rayon DYPŞ tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta ilə bağlı inzibati tənbehvermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixində saat 21:39 radələrində Yasamal rayon Ə.Əhmədov küçəsi istiqamətində Mercedes benz E240 minik markalı, 90LN274 dövlət qeydiyyat nişanlı avtomobil ilə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş intibati xəta törətmiş və 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - Cavabdeh Yasamal Rayon Polis İdarəsində verdiyi izahatında, etibarnamə ilə idarə etdiyi Mersedes markalı 90LN274 DQN avtomobili ilə geriyə düzgün manevr etmiyərək arxa sağında olan Tayota markalı 99LB595 DQN avtomobilin arxa sol yan hissəsinə dəymişdir. - İddiaçı Yasamal Rayon Polis İdarəsində verdiyi izahatında, etibarnamə ilə idarə etdiyi Tayota markalı 99LB595 DQN avtomobil ilə geriyə dönmə əməliyyatı edən zaman solunda olan Mersedes markalı 90LN274 DQN avtomobilin sol arxa hissəsinə dəymiş. İş materiallarına eyni zamanda, sürücülük vəsiqəsi, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolları, 99LB595 dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsi, fotoşəkillər və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Həmin Məcəllənin 1108.1-ci maddəsinə göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ona dəymiş ziyanın cavabdehdən tələb etməsi qanuni və əsaslıdır. Tələb edilən maddi ziyanın məbləği ilə bağlı cavabdeh tərəf etiraz təqdim etməmiş və iştirak etdiyi məhkəmə iclaslarında bu məbləği mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1590 (bir min beş yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat pul tutularaq İddiaçı verilməlidir. İş materiallarından görünür ki, iddiaçı 37 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1590 (bir min beş yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 (otuz yeddi) manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Kürdəmir Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi Qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Qiyabi Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar