Məhkəmə qərarları › İş №2(041)-172/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-172/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-172/2023 07.02.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmirşəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1800 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qızı ilə nişanlı olan Cavabdeh 3 il bundan əvvəl yaşadıqları ünvanda ondan ev tikdirmək üçün 4000 manat məbləğində borc istəmişdir. Həmin məbləğ onda olmadığı üçün yaxın tanışı Zülfiyyə adlı qadından həmin məbləği alaraq Cavabdeh vermişdir. Həmin məbləğlə Cavabdeh Hökməli qəsəbəsində özünə ev tikdirmişdir. Lakin sonradan Cavabdeh dəfələrlə hüquq mühafizə orqanları tərəfindən saxlanılması faktini bildikdən sonra məcburiyyət qarşısında qalıb nişanı qaytarmışlar. Cavabdeh borcundan 2200 manat qaytarmış, qalan hissəsini geri qaytarmamışdır. Cavandeh borcunu qaytarmadığı üçün məcburiyyət qarşısında qalıb Sabunçu RPİ-nə müraciət etmiş, Sabunçu RPİ-nin 12-ci PB-də araşdıralaraq onun tələbinin mülki xarakterli olduğunu bildirmişlər. Ona görə də məhkəmə qaydasında həmin pulu geri tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, lakin onlar bunu sənədləşdirməmiş, yazılı borc müqaviləsi mövcud olmamışdır. Hər iki tərəf bu münasibətləri şifahi qaydada aralarında razılaşdırmışlar. İddiaçı tərəf cavabdehə borc verdiyini bildirir. İddiaçı bununla bağlı Sabunçu rayon polis idarəsinə şikayət etmiş, onun şikayəti əsasında hər iki tərəfin izahatı alınmış, cavabdeh polisə verdiyi izahatında iddiaçıya olan 1800 manat borcunu tez bir zamanda ödəyəcəyinə söz verməklə iddiaçıya olan borcunu etiraf etmişdir. İddiaçının vəsatəti əsasında iddiaçının müraciəti ilə bağlı toplanmış material məhkəmənin sorğusuna əsasən Sabunçu RPİ-dən tələb edilmiş və surətləri çıxarılaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilən materialda olan, İddiaçı şikayət ərizəsində Cavabdeh 4000 manat pul verdiyini bildirmiş, həmin puldan 2200 manatının qaytarıldığını, qalan 1800 manat borcun ona qaytarılmadığını göstərmişdir. Cavabdeh izahatında İddiaçı 4000 manat pul aldığını, hazırda 1800 manat borcunun qaldığını, həmin pulu bütöv qaytarmağa imkanı olmadığından, hissə-hissə ödəyəcəyini etiraf etmişdir. İddia tələbi hüquqi təbiətinə görə borc münasibətlərindən irəli gələn mübahisələrə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 745. əgər müqavilə üzrə digər iştirakçının əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə və bunun nəticəsində borcun qaytarılması təhlükəyə məruz qala bilərsə, borc verən borc verəcəyini öhdəsinə götürdüyü bildirişi borc verəcəyini vəd etdiyi əşyanı və ya məbləği verənədək və ya ödəyənədək ləğv edə bilər. - 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəliyi vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar