Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1734/2024 25.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun, İclası katibi X4 İddiaçının nümayəndəsi Nümayəndə Əlimovsüm oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödəniş gününə Azərbaycan Respublikası manatı məzənnəsi ilə əsas borc olaraq 265487.88 rubl və 3365 manat pulun, sənədlərin tərcümələr və notarial təsdiq xidmətinə görə ödədiyi 485 manat, dövlət rüsumu olaraq ödədiyi 110 manat, cəmi 265487.88 rubl və 3960 manat pulun cavabdehdən məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X2 şəhərində hüquq təhsili almaqla orada müəyyən işlərlə məşğul olur. Rusiya Federasiyasının Novosibirsk şəhərində işlər görsə də, lakin, həmişə çalışmışdır ki, vətənpərvərlik edərək öz Azərbaycan xalqının vətəndaşlarına öz xeyri dəysin. Bu məqsədlə o, hər il X1 Novosibirsk şəhərinə işləmək üçün işçilər dəvət edir və onlara gəlməmişdən qabaq aviabiletini alır, ailəsi müvəqqəti çətinlik çəkməsin deyə əlavə xərclikdə pul göndərir. İşçilərdə həmişə ondan razı qalmışlar. Yük maşınlarında işləmək üçün sürücülər lazım olduğu üçün o, sosial şəbəkələrdə elanlar yerləşdirir. Müraciət zamanı Azəribaycandan bir neçə işçi X2 şəhərinə işləmək üçün razılaşmış və bunun əvəzində onlara aviabiletini alaraq, ailələri müvəqqəti çətinlik çəkməsin deyə əlavə xərclikdə pul göndərmişdir Həmçinin hazırkı cavabdeh Kürdəmir rayonu, Çöl-Ərəb kənd sakini Cavabdeh "E" kateqoriyası olmadığı üçün 1500 manat pulu ona sürücülük vəsiqəsi üçün Novosibirsk şəhərinə gəlməzdən əvvəl göndərmişdir. İrayro aviasiya şirkətinin 438 nömrəli Bakı-Novosibirsk reysinə xx.xx.2024-cu il tarixdə 20008 rubl dəyərində aviabiletini almış və ailəsi müvəqqəti çətinlik çəkməsin deyə əlavə xərclik olaraq 1865 manat, cəmi 3365 manat göndərmişdir. Cavabdeh mart ayında Rusiya Federasiyasının Novosibirsk şəhərinə gələrək qar və buzun əriməsini gözləməli və razılaşdıqları kimi mayın 15-dən sonra qar və buz əridikdən sonra işə başlamalı idi. Novosibirsk şəhərində olduğu müddətdə xx.xx.2024-cü il tarixdə ondan icazə alaraq dostu ilə görüşmək üçün gedəcəyini bildirmişdir. Lakin o, sabahı xx.xx.2024-cü il tarixdə cavabdehə kirayə tutduğu evə gələrək ona məlum olmuşdur ki, cavabdeh şəhəri tərk edərək Azərbaycana gedib. Cavabdeh onun xəbəri olmadan Azərbaycana gəldikdən sonra zəng edərək bildirmişdir ki guya işi çıxıb. Tezliklə X2 şəhərinə qayıdacaq və işləyib ondan borc olaraq aldığı bütün pul borcunu qaytaracaqdır. Lakin, sonra telefona cavaba verməmişdir. Başa düşmüşdür ki, cavabdeh onu aldadır. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını yaxud da ki, Novosibirsk şəhərinə gələcəyini bildirmişdir. Verilən müddətin keçməsinə baxmayaraq cavabdeh hər dəfə bir bəhanə gətirməklə ondan borc olaraq almış olduğu pulu qaytarmır. Artıq cavabdehin borclu olduğu pulu qaytaracağı ilə bağlı verdiyi vədlər yalan olduğundan onunla bağlı borc pulla bağlı mülki mübahisə yaranmışdır. Ona görə də cavabdehdən məhkəmə baxışı qaydasında borclu olduğu 245479,88 rublu, aviabiletinə ödədiyi 20008 rubl, prava və ailəsi üçün ödədiyi 3365 manat, sənədlərin tərcümələr və notorial təsdiq xidmətinə görə ödədiyi 485 manat və dövlət rüsumu olaraq ödənilmiş 110 manat pulun cavabdehdən məcburı qaydada alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, səs yazıları və “WhatsApp” yazışmasında da cavabdeh iddiaçıya borcunu qaytarcağını demişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçı tərəfindən ona ödənilmiş pulların məbləğinin şişirdildiyini bildirərək ona ödənilən məbləğin iddiada göstərildiyindən az olduğunu, Rusiya Federasiyasına iddiaçının vəsaiti hesabına getdiyini, təyyarə bileti, evlərinə xərclik üçün, Rusiya Federasiyasında qalmaq xərcinin iddiaçı tərəfindən ödənildiyini, lakin ona ödənilən pulun məbləğinin iddiada gösrəriləndən az olduğunu bildirmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15.05 2024-cü il tarixli, 13 nömrəli arayışının lazımi qaydada tərcümə olunmuş və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (pasport C0396533, xx xxx 1996-cı il təvəllüdlü) xx.xx.2024-cü il tarixdə sərnişin Cavabdeh oğlu (pasport C 02868233, xx.xx.1975-ci il təvəllüdlü), İrayro avisiya şirkətin 483 nömrəli Bakı-Novosibirsk reysinə xx.xx.2024-cü il saat 23.20 uçuşu ilə bilet əldə etmişdir. Uçma dəyəri 20008 rubl təşkil edir. Ödəniş forması nəğddir. İş materialların olan pul köçürülmələrinə dair qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixdədək cavabdehə 137850.23 Rusiya rublu məbləğində pul köçürmüşdür. İş materialların olan pul köçürülmələrinin lazımi qaydada tərcümə olunmuş və təsdiq edilmiş surətindən görünür ki, 2024-cü il ərzində iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda 1500, 500, 365 manat olmaqla ümumilikdə 2365 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan 302772 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, sənədlərin tərcümələr və notarial təsdiq xidmətinə görə iddiaçı 485 manat pul ödəmişdir. İş materiallarından görünür ki, məhkəməyə mobil telefon vasitələri ilə aparılmış “WhatsApp” yazışmaları, habelə diskdə olan səs yazısı əlavə edilmişdir. İş materiallarında olan Zərdab Rayon İcra Hakimiyyəti başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 iyul 2024-cü il tarixli, 541 nömrəli arayışından görünür ki, iddiaçı, ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan cavabdehin-şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Kürdəmir rayonu, Çöl Ərəb kəndində qeydiyyatdadır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, iddiaçı cavabdeh üçün xx.xx.2024-cü tarixdə Bakı-Novosibirskə qədər uçmaqla, aviabilet almış və uçma dəyəri 20008 rubl təşkil edir. Həmçinin, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixdədək iddiaçı tərəfindən cavabdehə 137850.23 rubl məbləğində, eləcə də 2024-cü il ərzində iddiaçı tərəfindən cavabdehə ayrı-ayrı vaxtlarda 1500, 500, 365 manat olmaqla ümumilikdə 2365 manat məbləğində pul köçürülmüşdür. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, eyni zamanda pul vəsaitini geri qaytarmamış, nəticədə iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı həmçinin sənədlərin tərcümələr və notarial təsdiq xidmətinə görə ödədiyi 485 manat cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, sənədlərin tərcümələr və notarial təsdiq xidmətinə görə ödədiyi 485 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində tələb etdiyi məbləğin məhz 265487.88 rubl və 3960 manat olması barədə tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, habelə cavabdeh dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilsə də iddiaya qarşı etirazını və münasibətini bildirməmişdir, mülki prosessual qanunvericiliyinin tələbinə görə də hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları ilə iddiaçının iddiasının qismən əsaslı olması müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 110 manat məbləğində dövlət rüsumu məhkəmə xərclərinə aid edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 157858.23 Rusiya rublu məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, 2365 manat və iş üzrə ödənilmiş dövlət rüsumuna görə 74 manat məbləğində pul tutularaq iddiaçıya verilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 157858.23 (yüz əlli yeddi min səkkiz yüz əlli səkkiz, iyirmi üç) Rusiya rublu məbləğində pul ödənilən gün məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, 2365 (iki min üç yüz altmış beş) manat məbləğində pul, sənədlərin tərcümələr və notarial təsdiq xidmətinə görə ödədiyi 485 (dörd yüz səksən beş) manat, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 74 manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1734/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1734/2024
25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver