Məhkəmə qərarları › İş №2(041)-181/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-181/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-181/2025 06.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 manat pulun, ödədiyi 59 manat dövlət rüsumunun, cəmi 3959 manat pulun və 50 ədəd hindquşunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh əvvəllər də tanımışdır. Belə ki onlar həm qohum, həm də ki uşaqlıqdan bir yerdə böyümüşlər. 2022-ci il tarixdən onlar şərikli olaraq bostan əkmiş və həmin ərəfədə anası xəstə olduğu üçün ona 3350 manat borc vermişdir. Bundan sonra ona etibar edərək 20 baş qoyun və ferma şəraitində saxlamaq üçün 50 ədəd hinquşu vermişdir. Lakin cavabdeh ondan xəbərsiz qoyunları və hindquşlarını sataraq öz ehtiyacları üçün xərcləmişdir. Ondan 3350 manatı, 20 baş qoyunun və 50 ədəd hindquşunun pulunu istəsə də, 20 baş qoyunun pulunun bir qismini qaytarmışdır. Ona olan borcunu qaytaracağını bildirsə də verdiyi öhdəlikdən boyun qaçırmışdır. O, aralarında olan mübahisənin məhkəmədən kənar həll edilməsi üçün onun ünvanına pretenziya qaydasında məktub gördərmişdir. Cavabdeh ona olan borcunu qaytarmadığına görə onun maddi vəziyyəti çox pis vəziyyətə düşmüşdür. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçının dedikləri ilə razılaşmayaraq bildirmişdir ki, o, iddiaçı ilə birgə təsərrüfatla məşğul olmaq üçün onunla birgə pul qoymuş, lakin zərərə düşdüyü üçün iddiaçıya 2000 manat borcu qalmışdır. İddiaçının dediklərini qəbul etmir, onun iddiaçıya cəmi 2000 manat borcu qalmışdır. Cavabdeh sonrakı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə yalnız cavabdehin etirafını nəzərə alaraq iddia tələbini qismən təmin etmişdir. Çünki iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı 3900 manat pulun və 50 ədəd hindquşunun cavabdehdən alınıb ona verilməsini xahiş etsə də iddiasını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin isə iddianı iddianı qismən qəbul etmiş, izahatında iddiaçı ilə birgə təsərrüfatla məşğul olmaq üçün onunla birgə pul qoyduğunu, lakin zərərə düşdüyü üçün iddiaçıya 2000 manat borcu qaldığını, iddiaçının dediklərini qəbul etmədiyini, onun iddiaçıya cəmi 2000 manat borcu olduğunu bildirmişdir. İddiaçı 3900 manat pulun və 50 ədəd hindquşunun cavabdehdən alınıb ona verilməsini xahiş etsə də iddia ərizəsində və məhkəmə iclaslarında bunu təsdiq edən sübutlar təqdim edilməmiş, qeyd edilən hallar iş materialları ilə sübut olunmur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli iş üzrə Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, iddianı 2000 manat olan hissədə qəbul edir. İddianın qismən etirafı qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə bu hərəkətləri qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehin özünün etiraf etdiyi həcmdə, yəni 2000 manat məbləğdə hissədə təmin edilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pulları geri qaytarmalı olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış və 2000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq 40 (qırx) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 (qırx) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar