Məhkəmə qərarları › İş №2(041)-1839/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1839/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1839/2024 29.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3113 manat məbləğində borcun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq 6 ildir ki, Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, 20 saylı evdə yaşayır. Əsas məşğuliyyəti xırda və iri buynuzlu heyvanların alqısatqı, kəsilməsi və satışıdır. Cavabdeh ilə səmimi tanışlıq münasibətləri olmuşdur. Cavabdeh bir neçə dəfə ondan müxtəlif diri heyvan və ət alaraq aparmış, borcunu vaxtlıvaxtında qaytarmış və beləliklə də, aralarında etibar yaranmışdır. Cavabdeh növbəti dəfə təxminən, 2-3 il əvvəl həyətinə gəlmiş və almaq üçün ona qoyun lazım olduğunu bildirmişdir. Ona həyətində saxladığı 15 baş boğaz qoyunlarını göstərmiş və razılaşma yolu ilə 15 baş qoyunun cəmi qiymətini 3000 manat danışmışlar. Əlavə olaraq ona 1000 manatlıq da ət vermişdir. Cavabdeh aldığı heyvanları aparıb satacağının və 1 ay içində ona olan borclarını qaytaracaqdır. Bundan sonra ona xahişinə əsasən 1 ədəd soyuducu və televizor alıb vermişdir. Onun cəmi 6000 manat borcu olmuşdur. Cavabdehin verdiyi vəddən artıq xeyli müddət keçdikdən sonra ona dəfələrlə zəng etmiş, lakin cavabdeh yaxın günlərdə borcunu qaytaracağını bildirməklə müxtəlif bəhanələrlə yayınmağa çalışır. O, 6000 manat borcdan 2887 manat qaytarıb və 3113 manat borcu qalıb. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh onun pulunu qaytarmadığı üçün Kürdəmir RPŞ-yə müraciət etmiş, Kürdəmir RPŞ-də araşdırma aparılmış və cavabdeh ona pulun bir hissəsini qaytardığını etiraf etsə də, heç bir hüquqi əsası olmayan yalan arqumentlər irəli sürərək, demişdir ki, guya onun 3113 manat deyil 1100 manat borcu qalmışdır. Kürdəmir RPŞ-nin təhqiqatçı Bəhruz İsmayılov özünün xx.xx.2023-cü il tarixli qərarı ilə material üzrə cinayət içinin başlanmasını rədd etmiş, tərəflərə mübahisənin daha dolğun həlli üçün rayon məhkəməsinə müraciət etmələri tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan, Kürdəmir RPŞ-nin İTB-də aparılmış araşdırma materiallarında Cavabdeh təhqiqatçıya verdiyi izahatında İddiaçı borcunun 3113 manat deyil, 1100 manat olduğunu etiraf etmiş və bir neçə günə həmin borcunu qaytarması üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırki iş üzrə iddiaçı cavabdehdən verdiyi 3113 manat pulu tələb edir. İddiasının əsası kimi Kürdəmir RPŞ-də aparılmış araşdırma materiallarına istinad etmişdir. Həmin materiallarda iddiaçı cavabdehdən 3113 manat pulu tələb etmiş, cavabdeh isə izahatında iddiaçıya 1100 manat borcunun olduğunu etiraf etmişdir. İddiaçı cavabdehin ona 3113 manat borcunun olmasını qeyd etsə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 1100 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazirki iddia tələbləri ilə bağlı 70 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasibət olaraq cavabdehə aid edilməlidir. Odur ki, cavabdehdən 31 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat və ödənilmiş dövlət rüsumuna ghörə 31 (otuz bir) manat pul tutularaq İddiaçı ödənilsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar