Məhkəmə qərarları › İş №2(041)-1884/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1884/2024

20.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1884/2024 20.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon Məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələbinə dair mülki işə Kürdəmir rayonu, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ilə aralarında xx.xx.2013cü il tarixdə bağlanmış nikaha xitam verilməsi və cavabdehlə birgə nikahlarından dünyaya göz açan övladları xx.xx.2014-cü il tarixli X3 və xx.xx.2015-ci il tarixli X1 onun himayəsinə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan dünyaya göz açan övladları xx.xx.2014-cü il tarixli X3 və xx.xx.2015-ci il tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədi ilə hər uşağa görə tutulan alimentin miqdarı artırılaraq 235 manat olmaqla iki uşağa görə 470 manat müəyyən olunmasına dair yeni qətnaəmə qəbul olunmasını xahiş etmişdir. Hər iki mülki iş üzrə tərəflər və tələb eyni olduğundan məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(041)-1883/2024 qərardadına əsasən mülki işlər bir icraatda 2(041)-1884/2024 nömrəli mülki işlə birləşdirilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olmuş və rəsmi nikah qeyd etdiriblər. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2015-ci il tarixdə X2 anadan olmuşdur. Cavabdehlə ər-arvad bir yerdə yaşasalarda sonradan onunla yaşamaq mümkün olmamışdır. Belə ki, cavabdeh mütamadi olaraq ailədaxili münaqişələr yaradır, səbmiz yerə onu döyüb təhqir edir. O, 3 ildən artıqdır ki, cavabdehdən ayrılaraq valideyinlərinin yanında yaşayır. Bu səbəbdən də cavabdehlə aralarında olan nikahın pozulmasına xitam verilməsini istəyir. Bundan əlavə Kürdəmir rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-797/2021 saylı qətnaməsinə əsasən cavabdeh ilə birgə nikahlarından xx.xx.2014cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay sabit pul məbləğində hər uşağa görə 100 manat olmaqla ümumilikdə 200 manat alimentin cavabdehdən tutularaq ona verilməsi qət olunmuşdur. Həmin qətnamənin üzərindən 3 ildən çox zaman keçmişdir. Bu müddət ərzində övladlarının tələbatı armışdır. Maddi imkanı zəyif olduğundjan və heç bir yerdə işləmədiyindən övladlarının xərclərini qarşılamaqda çətinlik çəkirəm. Övladları orta məktəbdə təhsil alırlar və univeristetə hazırlaşdıqları üçün repititor xidmətlərindən istifadə edirlər. Cavabdeh təyin olunmuş alimenti vaxtı vaxtında ödəmir. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh müraciətlərinə müsbət cavab verməyib. Ona görə də Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2013-cü il, 25 saylı nikahın pozulması, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 onun himayəsində saxlanılmaqla, onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa sabit pul məbləğində 235 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə nikahlarını xx.xx.2013-cü il tarixdə qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X3 və xx.xx.2015-ci il tarixdə X2 anadan olmuşdur. O, iddiaçı ilə 3 ildən çoxdur ki, ayrılıblar. O, hazırda uşaqlarının hər birinə 100 manat aliment ödəyir. Onun həmin məbləğdə alimentdən artıq məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə də o iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına razı olduğunu iddianın alimentin artırılması hissəsini isə qəbul etmədiyini bildirib, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etdi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ 899169 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ 697556 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il tarixdə doğulmuş Mikayıl adlı uşaqları var. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ 697555 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş Günay adlı uşaqları var. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin ərarvad münasibətləri tamam pozulmuş, ailənin bərpa edilməsi qeyri mümkündür. iddiaçı cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 onun yanında saxlanılmaqla, xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa sabit pul məbləğində 235 manat alimentin cavabdehdən alınıb ona verilməsini və cavabdehlə aralarında bağlanmış nikahın pozulmasına təkid edir. Cavabdeh alimentin artırılması hissəsində iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasına razı olduğunu bildirmiş və bu barədə ərizəsini məhkəiməyə təqdim etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsində göstərilir ki, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Nikahın pozulması Qeydiyyat orqanında qeydə alınarkən İddiaçı və Cavabdeh qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu müştərək qaydada alınmalıdır. Tərəflərin birgə nikahlarından doğulmuş uşaqların tərəflərin hansının yanında qalması barədə saziş olmadığından Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin razılıqları nəzərə alınmaqla onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 iddiaçının yanında saxlanılmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında“ BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunverici orqanlar tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısı və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsati tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun İ bəndinə əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş Günay və Mikayıl adlı uşağın saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin cavabdehdən alınıb ona verilməsini tələb etmiş, cavabdeh isə həmin tələbi qəbul etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin maddi və əmlak vəziyyəti, aliment alan uşağın maraqları nəzərə alınaraq alimentin məbləği hər ay hər bir uşağa sabit pul məbləğində 170 manat miqdarında müəyyən edilməli və tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı verilməsi məqsədə müvafiqdir. Alimentin tutulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı nikahın pozulması ilə birlikdə aliment tələbi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə uyğun olaraq alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Ona görə də qanunun tələbinə əsasən Cavabdehnqun ödəniləcək illik alimentin həcminə görə 60.80 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə görə şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Ucar rayon İHB-nin Qulabənd kənd İnzibati Ərazi Dairəsi nümayəndəliyində xx.xx.2013-cı ildə bağlanmış və 25 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulması Qeydiyyat orqanında qeydə alınarkən İddiaçı və Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılsın. xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabeh Cavabdeh hər ay hər ay uşağa görə sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340(üç yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəniləcək illik alimentin həcminə görə 60.80 (altmış manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar