Məhkəmə qərarları › İş №2(041)-1906/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1906/2025

06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1906/2025 06.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları ziyana görə 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvlərimlə birlikdə Kürdəmir rayonun Sor-sor kəndində yaşayır. Fərdi təsərüfatla məşğul olmaqla ailəsini dolandırır. 28 fevral 2025-ci il tarixdə səhər saatlarında 8 baş heyvanı nobata ötürmüş. Həmin gün nobat növbəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olmuşdur. Saat 14 radələrində Cavabdeh1 ona zəng edərək inəyin canavar parçaladığını bildirmiş, əraziyə gedərkən artıq inəyin birinin öldüyünü görmüşdür. Bundan sonra cavabdehlərdən heyvanını və ya dəyərini tələb etmiş, cavabdehlər onun təklifini rədd etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya qarşı etiraz ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Nicat kəndin naxırını örüş sahəsinə aparmış, örüş sahəsində olan vaxt 5 ədəd canavar sürüsü heyvanlara hücum etmiş, bir neçə şəxsin heyvanına ziyan vurmuş, o cümlədən Tofiqin iribuynuzlu heyvanını parçalayıb öldürmüşdür. Canavarların çox olması və yırtıcı heyvan olduğu üçün onlar müdaxilə edə bilməmişlər. Özlərini qorumaq üçün əlində heç bir silah olmamışdır. Baş vermiş hadisə onların məsuliyyətsizliyi səbəbindən baş verməmişdir. Onlar bunu fors-major hesab edir. Baş vermiş hadiseni mobil telefon vasitəsi ilə çəkliş etmişlər. İddiaçı iddia ərizəsini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, özünə məxsus 8 baş iri buynuzlu heyvanları var, həmin heyvanları kəndin nobatına ötürür. 28 fevral 2025-ci il tarixdə səhər tezdən həmin 8 baş heyvanı nobata ötürmüş. Elə həmin günü saat 15 radələrində həmkəndlisi Cavabdeh1 ona zəng vuraraq bildirib ki, “sənin bir baş inəyini canavar tələf edib”. Bundan dərhal sonra əraziyə gedib baxmış və tələf edilmiş boğaz heyvanın ona məxsus olmasını görmüşdür. Həmin gün nobatda həmkəndliləri X2 ilə Cavabdeh1 olmalı idi. Lakin Cavabdeh2 Nizam oğlu nobata getməyib, onun yerinə də Cavabdeh1 nobata gedib. Nicat nobat günü heyvanları kəndin otlaq sahəsində yox, kəndə məxsus olmayan əkinçiliklə məşğul olan şirkətin sahəsinə buraxması səbəbindən, səhlənkarılığı üzündən və eyni zamanda günorta vaxtı nahara getməsi səbəbindən heyvanlar orada sahibsiz qaldığına görə canavar onun heyvanını tələf etmişdir. Belə ki Nicat da pulla Raufun yerinə gedib. Həmin inəyin tələf olması nəticəsində ona 2000 manat ziyanlıq dəyib. Əlavə olaraq bildirir ki nobata iki nəfər getməli olduğu halda həmin günü nobatda yalnız Nicat olmuşdur. Həmin gün mütəxəsislə gedib heyvanın fotoşəkilini çəkmiş, yerində baxış keçirməklə inəyin orta bazar qiyməti müəyyən edilmişdir. Məsələ rayon polis şöbəsində də araşdırılmış, lakin mülki mübahisə olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı onun həmkəndlisidir, münasibətləri normal olmuşdur. Kəndin mal-qarası növbəlilik qaydasında örüşə aparılır və axşam geri qaytarılır. 28 fevral 2025-ci il tarixdə nobat növbəsi onun və Cavabdeh1 Əli oğlunun anası Zenfiranın olmuşdur. Lakin onun işi olduğuna görə nobata gedə bilməmiş, buna görə Əli oğluna 19 manat pul vermişdir. Həmin gün Cavabdeh1 həm onun, həmdə anası Zenfiranın yerinə nobata tək özü getmişdir. Günorta saatlarında canavar sürüsü heyvanlara hücum edərək, bir neçə inəyi yaralamış, İddiaçı boğaz inəyini isə tələf etmişdir. İddiaçı polisə şikayət edərək onlardan inəyi və ya dəyərini tələb etmiş, bundan sonra eyni tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiyi kimi heyvan onların təqsiri nəticəsində yox, canavar sürüsü tərəfindən tələf edilmişdir. İddiaçı göstərdiyi hallar əsassızdır, ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, İddiaçı onun həmkəndlisidir. O özü fəhlə işləyir, kənd sakinlərinin yerinə pulla nobata gedir. 28 fevral 2025-ci il tarixdə anası Zenfiranın və həmkəndlisi Cavabdeh2 işi olduğuna görə onun yerinə nobata getmiş, buna görə Rauf ona 19 manat pul vermişdir. Həmin gün saat 14 radələrində bir sürü canavarın heyvanlara hücüm etdiyini uzaqdan görmüş, lakin əlində silahı olmadığına görə ora yaxınlaşa bilməmişdir. Canavarlar uzaqlaşandan sonra həmin əraziyə getmiş, bir neçə heyvanın yaralandığını İddiaçı bir baş boğaz inəyinin tələf olduğunu görmüş və telefonla Təfiqə zəng vuraraq məlumat vermişdir. İddiaçı onlardan polis şöbəsinə şikayət etmişdir. Tofiqin inəyi onun nobat növbəsində tələf edildiyini nəzərə alaraq, özünün kredit borcu olduğuna görə kredit götürməsində ona köməklik etməsini Tofiqdən xahiş etmiş, lakin Tofiq onu eşitməmişdir. Hazırda ona dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 04/2025 nömrəli arayışına əsasən, Kürdəmir rayonu Sor-Sor kənd sakini İddiaçı "xxxx" MMC-yə ünvanlanmış müraciəti ilə əlaqədar, bazar qiyməti ilə hazırda altı yaşlı, 7 aylıq boğaz inək 2000 (iki min ) manat təşkil etdiyi göstərilir. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən, 2025-ci ilin fevral ayında Kürdəmir rayonunun Sor-Sor kənd sakini İddiaçı məxsus inəyə vəhşi heyvanın hücumu nəticəsində heyvanın öldüyü bildirilir. İdarə əməkdaşları hadisə yerinə baxış keçirmiş və heyvanın boğaz və yelin nahiyəsində dişlənmiş yaralar, cızıqlar olduğunu müşahidə etmişlər. -Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X1 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Kürdəmir rayonu Sor-sor kəndində yaşayan İddiaçı 04 mart 2025-ci il tarixdə Kürdəmir RPŞ-nə ərizə yazaraq, 28 fevral 2025-ci il tarixdə həmkəndliləri Cavabdeh2 və Cavabdeh1 nobatda olduqları zamanı səhlənkarlıqları üzündən çöl sahədə canavarın onun bir baş inəyini tələf etməsini göstərmişdir. Araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, özünə məxsus 8 baş iri buynuzlu heyvanlarının olduğunu, həmin heyvanları kəndin nobatına ötürdüyünü, 28 fevral 2025-ci il tarixdə səhər tezdən 8 baş heyvanı nobata ötürdüyünü, elə həmin günü saat 15 radələrində həmkəndlisi Cavabdeh1 ona zəng vuraraq "sənin bir baş İnəyini canavar tələf edib" dediyini, dərhal gedib baxdıqda həqiqətən də heyvanı canavar yeyərək tələf etməsini gördüyünü, həmin günü nobatda həmkəndliləri Cavabdeh2 Nizam oğlu ilə Cavabdeh1 olduğunu, lakin Cavabdeh2 Nizam oğlu nobata getməyərək yerinə Cavabdeh1 göndərdiyini, Nicat nobat günü heyvanları kəndin otlaq sahəsində yox, kəndə məxsus olmayan əkinçiliklə məşqul olan şirkətin sahəsinə buraxması səbəbindən, səhlənkarılığı üzündən və eyni zamanda günorta vaxtı nahara getməsi səbəbindən heyvanlar orada sahibsiz qaldığına görə canavar onun heyvanını tələf etdiyini, həmin günü Nicat da pulla Raufun yerinə nobata getdiyini, həmin inəyin tələf olması nəticəsində ona 2000 manat ziyanlıq dəydiyini, nobata iki nəfər getməli olduğu halda həmin günü nobatda yalnız Nicat olduğunu, o Raufun da yerinə gedib onu da əvəz etdiyini göstərmişdir. Araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı onun həmkəndlisi olduğunu, onun özünün 4 baş inəyi olduğunu, həmin inəkləri kəndin nobatına sürdüyünü, 28 fevral 2025-ci il tarixdə nobat onun və Cavabdeh1 Əli oğlunun anası, Zenfiranın növbəsi olduğunu, lakin onun işi olduğuna görə Cavabdeh1 Əli oğluna 19 manat pul verərək onu nobata göndərdiyini, həmin günü də nobatda yalnız Cavabdeh1 Əli oğlu olduğunu, 28 fevral 2025-ci il tarixdə də nobatda həmkəndliləri İddiaçı inəyinin birini canavar tələf etdiyini göstərmişdir. Araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı onun həmkəndlisi olduğunu, özü fəhlə işlədiyinə görə kənd sakinlərinin yerinə pulla nobata getdiyini, 28 fevral 2025-ci il tarixdə anası Zenfiranın və həmkəndlisi Cavabdeh2 yerinə nobata getdiyini, belə ki buna görə Rauf ona 19 manat pul verdiyini, Raufun həmin günü işi olduğuna görə onun yerinə nobata getdiyini, 28 fevral 2025-ci il tarixdə saat 14 radələrində çöl sahədə nobatda olarkən uzaqdan bir sürü canavarın nöbat heyvanlarına hücüm etməsini gördüyünü, dərhal qaçıb yanlarına gəlsə də lakin gələnə kimi canavarın Tofiqin inəyinin birini parçalamasını gördüyünü, buna görə də bu barədə Tofiqə zəng vuraraq bildirdiyini göstərmişdir. Kürdəmir rayonu Sor-sor kəndində yaşayan İddiaçı nobatda bir baş inəyinin canavar tərəfindən tələf edilməsi nəticəsində dəymiş ziyan tələbi ilə bağlı toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Kürdəmir rayonu Sor-sor kəndində yaşayan İddiaçı nobatda bir baş inəyinin canavar tərəfindən tələf edilmiş və nəticədə iddiaçıya 2000 (iki min) manat maddi ziyan dəymişdir. Cavabdeh isə həm polis şöbəsində, həm də məhkəmədə verdiyi izahatında həqiqətəndə o nobatda olduğu zaman iddiaçının bir baş heyvanını canavarın parçaladığı etiraf etmişdir. Bundan əlavə, işin mübahisə edilməyən hallarından biri də, Kürdəmir rayonu Sorsor kəndində 28 fevral 2025-ci il tarixdə nobat növbəsi Cavabdeh2 və Cavabdeh1 anası Zeynəbin olmuş, şifahi tapşırıq müqaviləsi əsasında hər ikisinin yerinə nobata Cavabdeh1 getmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə hər iki cavabdeh dəymiş ziyana görə məsuliyyət daşıyır. Cavabdeh1 mal-qaranı nəzarətsiz qoyduğuna görə, Cavabdeh2 isə hadisənin onun nobat növbəsində baş verdiyinə görə. Hər ikisi nobatda olduğu təqdirdə iddiaçıya məxsus bir baş boğaz inək canavarların hücumuna məruz qala bilməzdi. Canavarın iri buynuzlu heyvanlara yaxınlaşması və ya onlara hücum etməsi nəzarətsizlikdən baş verdiyindən qarşısıalınmaz qüvvə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1131-ci maddəsində göstərilmişdir ki, malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün 40 manat dövlət rüsumu ödəmişdir. İddia təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar