Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1932/2025 06.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 4600 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 66 manat olmaqla, cəmi 4666 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2002-ci il təvəllüdlü (Şəxsiyyət vəsiqəsi: AA*******) Cavabdeh Beyləqan rayonunda tanımış və yaxın münasibətləri olmuşdur. Cavabdeh 2024-cü ilin dekabr ayının əvvəli onun yanına gələrək ondan 3000 (üç min) manat, sonra isə 20 gün sonra 1600 (min altı yüz) manat, cəmi 4600 (dörd min altı yüz) manat borca pul almış və bu barədə öz xətti ilə qəbz yazaraq 3 aya qədər qaytaracağına söz vermişdir. Cavabdeh ondan borca aldığı 4600 (dörd min altı yüz) manatı bu zamana qədər qaytarmamışdır. Belə ki, Cavabdeh əvvəllər ondan borca pul götürsə də vaxtında qaytarmışdır. Lakin Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək, ondan borca aldığı 4600 (dörd min altı yüz) manat pulu yaxın vaxtlarda qaytaracağını bildirərək onu aldatmışdır. Məhkəmə iclasına iddiaçı teleqramla müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış, imzası ilə təsdiqlənmiş “qəbz” adlanan qeydlərdən görünür ki, Cavabdeh xx.xx.2002-ci ildə doğulduğunu, halhazırda N nömrəli hərbi hissədə qulluq etdiyini, X1 borc olaraq 3000 və 1600 manat götürdüyünü, 6 və 3 ay müddətinə qaytaracağına söz verdiyini qeyd etmiş, aldığı pulu və yazdığı sözlərin doğruluğunu öz imzası ilə təsdiq edir. İşin halları odur ki, iddiaçı cavabdehə 4600 manat pul vermiş, cavabdeh isə həmin pulu qaytarmamışdır. İddiaçı sübut qismində cavabdehin tərəfindən yazılmış, öz imzası ilə təsdiq olunmuş “qəbz” adlanan cavabdehin qeydlərinə istinad edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi sənədləri nəzərə alaraq borc məbləğinin 4600 manat olması faktını təsdiq edir. Lakin mövcud qanuvericiliyə əsasən, bu məbləğin ödənilməsini təsdiqləyən müqavilə yazılı formada bağlanmalı, hər iki tərəfin imzası ilə təsdiqlənməli idi. Qeyd edilən sənədin bu tələblərə cavab verməməsi səbəbindən məhkəmə bu məbləğin əsassız varlanma kimi tanınmasını məqsədəuyğun hesab edir. Yəni cavabdeh bu məbləği qanuni əsas olmadan əldə edib və bu əsassız varlanma kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıya 4600 manat pul borclu olduğunu etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya ondan aldığı 4600 manat pulu ödəməmiş, onun pulunu da geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiaçıya 4600 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 122 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 4600 (dörd min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 66 (altmış altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 66 (altmış altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1932/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1932/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver