Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1970/2025 25.11.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borca görə 5000 manat, əldən çıxmış faydaya görə 2200 manat olmaqla, cəmi 7500 (yeddi min beş yüz) manat pulun, həmçinin, ödədiyi dövlət rüsumuna görə 95 manat və vəkilin xidmətindən istifadəyə görə ödədiyi 500 manat olmaqla, ümumilikdə, 8095 (səkkiz min doxsan beş) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh ilə 2024-cü ilin sentyabr ayında tanış olmuş və onunla aralarında mehriban münasibət yaranmışdır. Ülvi ilə tanış olandan sonra o, 2025-ci ilin yanvar ayında söhbət əsasında qardaşının xəstə olduğunu və onun müalicəsinə pul lazım olduğunu bildirib, ondan 1000 manat borc pul istəmiş, cavabdehlə aralarında olan mehriban münasibətə görə kart vasitəsilə Cavabdeh 1000 manat pul göndərmişdir. Aradan bir neçə gün keçəndən sonra cavabdeh ondan borc aldığı 1000 manatı qaytarıb vermişdir. Bundan sonra cari ilin mart ayında Cavabdeh iddiaçıdan ona olan etibarından sui-istifadə edərək, təkrar 3500 manat borc pul istəmiş. Cavabdehin iddiaçıdan əvvəl aldığı pulu vaxtında qaytarmasını nəzərə alıb, yenidən xx.xx.2025-ci il tarixdə Cavabdeh kart vasitəsilə 3500 manat pul göndərmiş, aradan bir neçə gün keçəndən sonra Cavabdeh təkrar ona zəng edərək qardaşının xəstəliyi ilə bağlı özünün və anasının adına ondan əlavə 1500 manat borc pul istəmiş, 1500 manat pulu kart vasitəsilə Cavabdeh göndərmişdir. Bir neçə müddət keçəndən sonra Cavabdeh verdiyi ümumilikdə, 5000 manat məbləğində pulu qaytarmasını tələb etsə də, ondan borc aldığı 5000 manatı qaytarmaq əvəzinə, ona telefonla hədə-qorxu gələrək aldığı pulu qaytarmaq istəməmiş, əlavə olaraq nalayiq ifadələr işlədərək təhqir etmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı ona qarşı olan 5000 manat, əldən çıxmış faydaya görə 2200 manat, cəmi 7500 mant pul, ödənilmiş 95 manat dövlət rüsumunun və 500 manat hüquqi yardım üçün, ümumilikdə 8095.00 manat pul tələbini qismən qəbul edir. İlk öncə ona görə ki, iş üzrə iddiaçı ona 2025-ci ilin mart ayında 1000.00 manat borca pul vermiş, iki gün sonra xx.xx.2025-ci il tarixdə, saat 19:42-də anası X3 məxus kart "xxxx" ASC-yə məxsus 416973******5515 nömrəli kartından Q****** R***** S**** oğluna məxsus "xxxx" ASC-yə məxsus 416973******7573 nömrəli kartıan 50.00 manat pul göndərmişdir. (Bunu elektron kabinetə əlavə etdiyi qəbzdən açıq-aşkar görmək olar) Daha sonra həmin pulun, yəni aldığı 1000.00 manat pulu vaxtından əvvəl qaytarmaq istədiyini ona bildirib əlavə olaraq 1500.00 manat pulu borc olaraq pul istəmişdir. O, isə cavabında ona bildirmişdir ki, “1400.00 manat pulu ver, mən sənə 1500.00 manat borca istədiyin pulu kartına atım". Beləliklə o xx.xx.2025-ci il tarixdə, saat 17:18:01-də E-Manat vasitəsi ilə Q****** R***** S**** oğluna məxsus "xxxx" ASC-yə məxsus 416973******7573 nömrəli karta-1300.00 manat pulu göndərmişdir. (Bunu elektron kabinetə əlavə etdiyi qəbzdən açıq-aşkar görmək olar). Daha sonra həmin gün, yəni xx.xx.2025-ci il tarixdə, təxminən saat 17:18:01 və ya 17:30:00-da "MilliÖN" vasitəsi ilə təkrarən Q****** R***** S**** oğluna məxsus "xxxx" ASC-yə məxsus 416973******7573 nömrəli karta-100.00 manat əlavə pul göndərmişdir. Beləliklə, iş üzrə iddiaçıdan borc olaraq aldığı 1000.00 manat pula görə, onun "xxxx" ASC-yə məxsus 416973******7573 nömrəli kart hesabına ümumilikdə 1450.00 manat pul göndərmişdir. İddiaçı danışıqlarına uyğun olaraq Q****** R***** S**** oğluna məxsus "xxxx" ASC-yə məxsus 416973******7573 nömrəli kartdan anası X3 məxus "xxxx" ASC-yə məxsus 416973******5515 nömrəli karta 1400.00 manat pul göndərmişdir. İddiaçı danışıqlarına uyğun olaraq Q****** R***** S**** oğluna məxsus "xxxx" ASC-yə məxsus 416973******7573 nömrəli kartadan M10 (elektron pul kisəsi tətbiqinə) - 3380.00 manat pulu xx.xx.2025-ci il tarixdə köçürmüşdür. Həmin pulu bu günə kimi geri qaytarmağa imkanı olmamışdır. İş üzrə iddiaçı ona 1000.00 manat, 3380.00 manat və 1400.00 manat, ümumilikdə - 5780.00 manat pul vermiş. O isə ondan borc olaraq aldığı 5780.00 manat puldan - 1400.00 manat bir və 50.00 manat bir olaraq, ümumilikdə - 1450.00 manat pul qaytarmışdır. Hesab edir ki, iş üzrə iddiaçının ondan tələbi etdiyi 2200.00 manat əldən çıxmış faydaya görə sübutlar və sənədlər təqdim etmədiyi və həmin müddətin 1 ay ərzində baş verdiyi nəzərə alıb, əsassız olduğu açıq-aşkar görünür. Hal-hazırda onun iş üzrə iddiaçıya - 4330.00 manat borcu var. Odur ki, ondan iş üzrə iddiaçının xeyrinə 4330.00 manat borc pulun tutulmasına etiraz etmir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh ondan bir neçə ay öncə 5000 (beş min) manat məbləhində borca pul istəmiş və kart vasitəsi ilə həmin məbləği cavabdehə göndərmişdir. Cavabdeh pulu alan zaman iki ay müddətinə qaytaracağını bildirdi. Lakin bu günə qədər ona olan borcunu qaytarmamışdır. Dəfələrlə cavabdehdən ona olan borcunu qaytarmasını tələb etmiş, lakin cavabdeh mobil telefonda danışıqlar zamanı ona hədə qorxu gələrək və müxtəlif bəhanələr gətirərək pulu qaytarmayacağını bildirmişdir. Verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, ilk olaraq borca verdiyi 1000 manat pulu cavabdeh ona qaytarmışdır. 450 manat əlavə olaraq onun kartına atılmış pulu təsdiq edir. Sonradan 5000 manat pulu 1500 və 3500 manat olmaqla iki dəfəyə cavabdehin kartına köçürmüşdür. Cavabdeh iddiaya dair etirazda göstərdiyi 1400 manat və 3380 manat olmaqla anasının kartına köçürülmüş pulun məbləğini azaltmışdır. İzahatının sonunda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil çıxışında bildirmişdir ki, cavabdeh borc aldığı pulları həm polis şöbəsində, həm də ki. məhkəmədə etiraf etmişdir. İddiaçı ümumilikdə cavbdehə üç dəfəyə 6000 manat borc vermiş, cavabdeh ilkin olaraq aldığı 1000 manat borcunu qaytarmış, 5000 manat borcunu isə qaytarmamışdır. Cavabdehin həmin pulu sələmə (faizə) götürməsi barədə izahatı əsassızdır ona görə ki, bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Ülvi onun oğludur. İddiaçı onun uşaqlığından istifadə edərək birinci dəfə 1000 manat faizə pul verib, əvəzində 1400 manat almışdır. Bundan sonra 7500 manat qaytarmaq şərtilə 5000 manat borc verməsi ilə bağlı razılığa gəlsələrdə, əvvəlcə 1400 manat, sonra isə 3380 manat onun kartına pul köçürmüşdür. Birinci mərhələdə 100 manat, ikinci mərhələdə 120 manat az verməklə faizini əvvəlcədən götürmüşdür. Bütün bunlardan onun xəbəri və məlumatı olmamışdır. İddiaçının əlavə olaraq tələb etdiyi 2200 manat əvvəlcədən şərtləşdirdiyi faizin məbləğidir. 220 manat dərhal götürdüyü üçün qalan 2200 manatı da iddia ərizəsində əldən çıxmış fayda kimi göstərmişdir. Oğlu Ülvinin ondan xəbərsiz aldığı 4780 manat pulu qaytarmağa hazırdır. Tələb edilən digər məbləğlərin heç bir əsası yoxdur. Odur ki, onun kartına köçürülmüş 4780 manat puldan əlavə tələb edilən məbləğin heç bir əsası yoxdur. Cavabdehin nümayəndəsi iddianın göstərilən hissədə təmin edilməsini, qalan hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: - Kürdəmir rayon Atakişili kəndində yaşayan İddiaçı Siyavuş oğlunun Kürdəmir RPŞ-nə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-13-86-11-Q-141xx/xx/2025 saylı ərizəsinə baxılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, izahatı alınan İddiaçı Siyavuş oğlu, izahatında bildirmişdir ki, 2025-ci ilin fevral ayında Cavabdeh M-10 vasitəsi ilə 1000 manat pul vermiş, 15 gün keçməyinə baxmayaraq 1400 manat post terminalla pulunu geri almış. Təxminən üstündən 1 ay keçməyinə baxmayaraq Cavabdehlə çay evində söhbət etdiyi zaman "M"10 vasitəsi ilə 1500 manat borca pul vermiş, 1-həftə keçməyinə baxmayaraq yenidən 3500 Cavabdeh pul vermiş, bu günkü günə qədər Cavabdeh ona olan 5000 manat pulumu geri qaytarmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, izahatı alınan Cavabdeh, 2025 ci ilin fevral aylarında İddiaçı Siyavuş oğlu ilə çay evində tanış olmuş İddiaçı 1000 manat borc almış 20 gün ərzində faizi ilə birlikdə 1400 manatı İddiaçı geri qaytarmışdır.1-ay keçməyinə baxmayaraq çay evində söhbətlər zamanı 1500 manat M-10 vasitəsi ilə Rüfətdən borc pul almış, 15 gün keçməyinə baxmayaraq 3500 manat pul yenidən borc almışdır. İddiaçı ümumilikdə ona 5000 manat pul borca vermiş, faizi ilə birlikdə ondan 7500 manat pul istəmiş, Kürdəmir rayonu Atakişili kəndində yaşayan, İddiaçı Siyavuş oğlunun müraciəti əsasında göstərdiyi xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə edilmişdir. Araşdırma zamanı İddiaçı Siyavuş oğlu izahatında göstərmişdir ki, Kürdəmir rayon sakini Cavabdeh ondan 4 ay bundan əvvəl 5000 manat pul borc istəmiş və o həmin pulu Ülviyə vermiş və ona həmin 5000 manatı iki ay ərzində qaytaracağını bildirmiş, lakin, buna baxmayaraq bu günə qədər qaytarmamışdır. Dəfələrlə pulu geri istəsədə ona mobil telefon vasitəsi ilə danışan zaman hədə-qorxu gələrək pulu qaytarmayacağını bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2025-ci ilin fevral aylarında Kürdəmir rayon sakini İddiaçı Siyavuş oğlu ilə çay evində tanış olmuşlar. Həmin gündən mobil telefon ilə danışan zaman İddiaçı ona m-10 vasitəsi ilə 1000 manat pulu karta köçürmüşdür. Üstündən bir ay keçməmiş ki, e-manat vasitəsi ilə 1400 manat İddiaçı kartına köçürərək qaytarmışdır. Sonra İddiaçı ilə bir ay keçməsinə baxmayaraq heç bir səbəb olmadan bildirmiş ki, “ mən sizə m-10 vasitəsilə 1500 manat pul atacam üstündə hər 1000 manata qarşı 400 manat faiz verərsən “. Təxminən 10-15 gün keçməsinə baxmayaraq İddiaçı hesabına onun m-10 vasitəsi ilə 3500 manat pul köçürmüş və bildirmiş ki, “ həmin bu pulların üstündə 7500 manat faiz qaytararsan”. Sonradan ona məlum olmuşdur ki, Rüfət onu borca salıb. Anası Ülviyyə xanıma bu barədə məlumat vermiş və oda Rüfət ilə əlaqə saxlamış. Əlaqə zamanı Rüfət anasına bildirib ki,” mən sənin oğluna 5000 min manat m-10 vasitəsi ilə pul köçürmüşəm və həmən pulu faiz ilə vermişəm. Həmin pulun faizi 2500 manat təşkil edir. Həmən 5000 manat pulu rayon sakinləri 3 adamdan alıb faiz ilə sizin oğlunuza vermişəm”. Əlavə olaraq qeyd edir ki, xəstəlikdən əziyyət çəkir, iş qabiliyyəti yoxdur və özünün əlillik ilə bağlı sənədlərini yaxın günlərdə polis şöbəsinə təqdim edəcəyini bildirmişdir. İddiaçı m-10 vasitəsi ilə pul götürəndən bəri Rüfət ona mobil telefonda hədə-qorxu gələrək ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş və şər-böhtan atacağını bildirmişdir. İddiaçı Kürdəmir rayon Polis Şöbəsinə etdiyi müraciəti ilə bağlı aidiyyəti üzrə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına eyni zamanda DVD disk və ödəniş qəbzləri də əlavə edilmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı qanunsuz sahibkarlıqla məşğul olaraq, 2025-ci ilin fevral ayında Cavabdeh 1000 manat borc pul vermiş əvəzində 1450 manat almışdır. Sonradan, yəni mart ayında cavabdeh yenidən ondan 5000 manat borc pul istəmiş, iddiaçı 7500 manat qaytarmaqla aralarında şifahi olaraq bor müqaviləsi bağlamışlar. İlk ayın faizini 100 manat dərhal tutmaqla iddiaçı birinci mərhələdə 1500 manat əvəzinə özünə aid Q****** R***** S**** "xxxx" ASC-yə məxsus 416973******7573 nömrəli kartdan cavabdehin anası X2 "xxxx" ASC-yə məxsus 416973******5515 nömrəli kartına 1400.00 manat pul göndərmişdir. İkinci mərhələdə, yəni xx.xx.2025-ci il tarixdə 220 manat faizini dərhal tutmaqla özünə aid Q****** R***** S**** "xxxx" ASC-yə məxsus 416973******7573 nömrəli kartadan M10 (elektron pul kisəsi tətbiqinə) 3380.00 manat köçürmüşdür. Məhkəmə iclasında cavabdeh tərəf 4780 manat pulun onlara verilməsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırki iş üzrə tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmamış, iddiaçının qanunsuz sahibkarlıqla məşğul olmaqla, əlavə faiz hesablamaqla cavabdehə borc pul verməsi işdəki sübutlarla öz təsdiqini tapmışdır. İlk öncə qeyd edək ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Konstitusiyamızda təsbit olunmuş hüquqlardan biri də azad sahibkarlıq hüququdur (maddə 59). Belə ki, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə, fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş, vətəndaşlığı olmayan şəxs və xarici hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər əvvəlcə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə görə kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs vergi uçotuna alınmaq üçün ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, şəxs, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma fiziki və ya hüquqi şəxslərə, yaxud dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda ( əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ) gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yekun olaraq qeyd edək ki, sahibkar bilavasitə mənfəət götürmək naminə fəaliyyət göstərsə də o, eyni zamanda həm də cəmiyyətin ümumi mənafeyinə də xidmət etmiş olur. Buna görə də, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma təkcə şəxsin müvafiq məsuliyyətə cəlb edilməsi ilə nəticələnmir, eyni zamanda cəmiyyətin ümumi mənafeyinə də xələl gətirmiş olur. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 4780 manat borc tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün 95 manat dövlət rüsumu və vəkil xidməti üçün 500 manat xidmət haqqı ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 50 manatı, vəkil xidməti üçün ödənilmiş xidmət haqqının 250 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4780 (dörd min yeddi yüz səksən) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat və digər məhkəmə xərci olaraq ödədiyi 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 5080 (beş min səksən) manat pul tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-1970/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1970/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver