Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-1977/2024 06.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu ziyana görə 3044 manat dəymiş ziyan və avansa görə borclu olduğu 366 manat, həmçinin ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh 2017-ci ildən onun mağazasında satıcı işləmişdir. Marketdə olan alış-veriş barədə hər ay vergilər idarəsinə bəyannamə vermişdir. 2022-ci ilin dekabr ayında Vergilər Nazirliyinə bəyannamə verərkən ona 350000 manat alış-veriş dövriyyəsi olması barədə məlumat verilmişdir. Marketdə 350000 manat alış-veriş dövriyyəsi olmadığı üçün işçilərdən bu barədə soruşmuş, lakin heç kim etiraf etməmişdir. Sonradan araşdırma zamanı məlum olmuşdur ki, mağazanın işçisi Taryel Mehdiyev və Cavabdeh kassada yalandan satış vuraraq ƏDV geri al proqramı vasitəsilə qazanc əldə etmişlər. Həmin sistem vasitəsi ilə 3044 manat ələ keçirilmiş, 3089 manat pulun isə gözləmədə olduğu müəyyən edilmişdir. Onlardan həmin pulu geri istəmiş, lakin həmin şəxslər pulu ödəməkdən boyun qaçırmışlar. Həmin şəxslərin cinayət məsluliyyətinə cəlb olunması üçün adiyyatı üzrə Kürdəmir rayon polis şöbəsinə müraciət ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən xitam verilmişdir. Taryel Mehdiyev pulu versə də Cavabdeh pulu verməkdən imtina etmişdir. 3089 manat geri qaytarmış, lakin 3044 manat qalmışdır. Həmçinin 366 manat Cavabdeh adına avans qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, şikayət heç bir maddi və prosessual hüquq normalarına əsaslanmadığına görə etirazını bildirmişdir. İddia ərizəsində işin halları bölməsində yalnız bir fakta əsaslanmışdır ki, guya o digər işçi ilə birlikdə ona məxsus ƏDVüzrə 3044 manat pulu ələ keçirmişdir. “Emil” marketdə işlədiyi 5 il 10 ay ərzində ona aylıq əmək haqqı olaraq 350 manat məbləğində nəğd şəkildə heç bir sənədə imza atmadan İddiaçı tərəfindən ödənilmişdir. Onun dediyinə görə əmək haqqı 400 manatdır və bu məbləğdən 50 manat vergiyə və sosial sığortaya ödənilir. Lakin keçən müddətdə işçilərə əmək haqqının ödənişi üzrə Bank kartı və sosial sığorta kartı verilməmişdir. Həmçinin “Emil” marketdə o, satıcı işləmiş, kassa əməliyyatlarını isə digər işçi icra etmişdir. Alıcılara alqı-satqı çekləri təqdim olunmadığından həmin çeklər üzrə hesablanmış ƏDV üzrə yığılmış məbləğ İddiaçı tərəfindən qanunsuz istifadə olunmuşdur. ƏDV üzrə yığılan məbləğdən istifadə hüququ yalnız alıcıya məxsusdur. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarında olan Kürdəmir şəhəri RPŞ-nın İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətinə əsasən Cavabdeh öz izahatında bildirmişdir ki, yeddi ildir ki, Kürdəmir şəhəri, Babək prospektində yerləşən İddiaçı məxsus “Emil market” adlı ərzaq malları satışı mağazasında satıcı işləyir, işlədiyi dövrdə hərdən kassaya da keçib satış etmiş, satış zamanı müştəriyə qəbz verilməmiş, yığılan qəbzləri toplayıb müdriyyətə yəni Emilin qardaşı Bəkirə vermişlər, qəbzlərdə olan ƏDV vəsaiti də Bəkirin hesabına yüklənmişdir. Heç vaxt işlədiyi “Emil” marketdə yalandan satış barədə qəbz vurmamış, ancaq hərdən Bəkir üçün yığılan qəbzlərdən az miqdarda olanını digər işçilər kimi o da telefonuna yükləyib sonradan nəğdləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1.törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2.əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3.törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4.zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 3044 manat ziyan dəydiyini və avansa görə borclu olduğu 366 manat, həmçinin ödənilmiş 45 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbləri əsassızdır, ona görə də təmin edilə bilməz. İddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 3044 manat dəymiş ziyan və avansa görə borclu olduğu 366 manat, həmçinin ödənilmiş 45 manat dövlət rüsumu məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-1977/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-1977/2024
06.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver