Məhkəmə qərarları › İş №2(041)-2002/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2002/2025

13.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2002/2025 13.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 11990 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 126 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, Kürdəmir rayonunun Dəyirmanlı kəndində yaşayır. Cavabdeh ilə xx.xx.2019-cu ildə evlənib ailə quraraq ər-arvad kimi bir yerdə yaşamışlar. Onunla bir yerdə yaşadıqları müddətdə xx.xx.2020-ci ildə Dəniz adlı uşaqları doğulmuşdur. 2024-cü ildə rəsmən ayrılmışlar. Qızı Dəniz onun himayəsində yaşayır. Buna görə məhkəmə hər ay Rahibə 180 manat aliment kəsib. 2025-ci ilin fevral ayında Rahib ondan 130 manat borc pul almışdır. 07 mart 2025-ci il tarixdə 2330 manat, xx.xx.2025-ci il tarixdə Rahibə 2295 manat, xx.xx.2025-ci il tarixdə Rahibə 1760 və 2670 manat, xx.xx.2025-ci il tarixdə isə 1212 manat borc pul vermişdir. Ümumilikdə Rahibin ona 11990 manat borcu var. Rahib onun telefon zənglərinə cavab vermədiyinə görə məcbur qalıb ondan polisə şikayət etmişdir. Orada cavabdeh həqiqətən ona borcu olduğunu bildirmişdir. O da məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələblərini qəbul edir. Həqiqətən İddiaçı 11990 manat borcu vardır. Borcunu ödəməməyinin səbəbi maddi imkanının olmamasıdır. İddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı tanıdığını, onunla ailəli olub boşandıqlarını, 2025-ci ilin fevral ayında Ləmandan 130 manat borca pul aldığını, 07 mart 2025-ci il tarixdə Ləmanla birlikdə razılaşıb onlayn pul hesabına pul yükləyib bitkoyn hesabı açdırdıqlarını, buna görə də Ləmandan xırdaxırda pullar aldığını, həmin pulları hesaba qoymalarına baxmayaraq pul çıxara bilmədiklərini, ümumilikdə Ləmandan 11990 manat borc pul aldığını göstərmişdir. Cavabdeh həm də məhkəmə iclasına gələrək iddiaçıya 11990 manat məbləğində borcu olduğunu etiraf etmiş və bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. İddiaçının istinad etdiyi xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarda cavabdeh izahatında iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 11990 manat dəyərində pul aldığını, həmin pulu ona qaytarmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıya 11990 manat pul borclu olduğunu etiraf etmişdir, həmin pulun qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəmə iclasında iddia tələblərini qəbul etdiyini bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pulları geri qaytarmamaqla əsassız olaraq varlanmış və cavabdehin iddiaçıya 11990 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 11990 (on bir min doqquz yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 (yüz iyirmi altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11990 (on bir min doqquz yüz doxsan) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 126 (yüz iyirmi altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar