Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2019/2025 25.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu qaldığı 20000 manat pulun və ödənilmiş 150 manat dövlət rüsumunun ondan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Onunla qeyr-rəsmi ailə münasibətlərində olmuşlar. Onun birinci həyat yoldaşından iki övladı var. Özünə məxsus Kürdəmir şəhəri Aran qəsəbəsində fərdi yaşayış evi var idi. Həmin yaşayış evini maddi imkanı olmadığı üçün satmaq qərarına gəlmişdir. Kənan ona bildirib ki, “həmin pulun bir hissəsini mənə ver və həmin pulla taxıl əkib becərəcəm, əldə olunmuş gəliri bir yerdə bölək”. Cavabdehin səmimiyyətinə inanıb puldan 20000 manat ona vermiş. Kənan həmin pulla taxıl-əkib becərib. Sonradan Kənanın onu aldatdığını başa düşmüş. Kənana pullarını geri qaytarmasını xahiş etsə də, Kənan bundan imtina etmişdir. Məhkəmə iclasında iddiaçı X3 izahatında iddia ərizəsində göstərilən halları təsdiq etdi və əlavə olaraq bildirdi ki, cavabdeh 20000 manat puldan müəyyən vaxtlarda hissəhissə 8000 manatını qaytarıb, digər qalan 12000 manat pulu isə verməkdən yayınır. Odur ki, onun cavabdehdə qalan 12000 manat pulun alınıb ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan (iddiaçının təqdim etdiyi) və məhkəmə iclasında tədqiq edilən: -Kürdəmir rayon polis şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X4 qəbul etidiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Kürdəmir rayonu Aran qəsəbəsində yaşayan İddiaçı 16 iyun 2024ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək, qeyri rəsmi münasibətdə olduğu Kənan adlı şəxsə əlavə gəlir əldə etmək üçün 20 min manat pul verməsi, Kənanın vədinə əməl etməyərək telefonda onu öldürməklə hədələməsini göstərmişdir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ilə 10 ildir ki qeyri rəsmi şəkildə ailə kimi yaşadığını, onun birinci ərindən iki övladı qaldığını, Zahirə Kürdəmir şəhəri Aran qəsəbəsində ev sataraq həmin evdən əldə etdiyi pulun 20 min manatını taxıl əkib becərmək üçün ona verdiyini, əldə olan gəlirdən isə ona köməklik edəcəyinə söz verdiyini, o təsərüfatla məşqul olduğuna görə taxıl əkib becərdiyini, bu il Kürdəmir rayonu ərazisində 60 hektar torpaq sahəsini əkib becərdiyini, hazırda biçin işləri getdiyini, indiyə qədər Zahirəyə 10.500 manat pul göndərdiyini, qalan məhsuldan da gəlir əldə etdikdə Zahirəyə veriləcəyini, telefonda onunla danışsa da lakin öldürəcəyi ilə hədələmədiyini göstərmişdir. İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o, halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Lakin mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etməküçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara qiymət verməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tələb etdiyi 20000 manat pulu Cavabdeh verdiyini bildirmiş, sonradan 20000 manat puldan müəyyən vaxtlarda hissə-hissə 8000 manatını qaytardığını bildirmişdir. Cavabdeh isə həm polis şöbəsində, həm də məhkəmənin hazırlıq iclasında verdiyi izahatında indiyə qədər iddiaçıya 10500 manat pul göndərdiyini hal-hazırda 9500 manat məbləğində borcu qaldığını etiraf etmişdir. İddia tələbinin hüquqi əsasını borc müqaviləsi və mahiyyətinə görə əsassız varlanma təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 9500 (doqquz min beş yüz) manat borc tutularaq iddiaçı X2 ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, iddiaçı hazirki iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün 150 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 70 manatı cavabdehə, 80 manatı iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul tutularaq iddiaçı X2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2019/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2019/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver