Məhkəmə qərarları › İş №2(041)-207/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-207/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-207/2025 14.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12136 manat, əldən çıxmış faydaya görə 5000 manat pulun tutularaq İddiaçı1, 17500 manat pulun tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xeyli müddətdir ki, kartof alqı-satqısı ilə məşğul olur. Belə ki, müxtəlif rayonlardan kartof alıb gətirib Kürdəmir rayonunda satır. Cavabdeh uzun zamandır ki, tanıyır. Ona qarşı heç bir ədavəti, düşmənciliyi olmayıb. 2024-cü ilin fevral ayından aprel ayına kimi hissə-hissə 22136 manat məbləğində kartof vermişdir. Bu müddət ərzində Əlvan ona 10000 manat pul vermişdir. Hazırda 12136 manat borcu qalmışdır. Yaxın vaxtda pulu qaytaracağını bildirsə də heç bir ödəniş etməmişdir. Məcbur qalıb Kürdəmir RPŞ-yə müraciət etmişdir. Araşdırma zamanı Əlvan ona həqiqətən 12136 manat borcunun olduğunu bildirdi və həmin borcu yaxın müddətdə qaytaracağını demişdir. Əlvan onun pulunu qaytarmadığı üçün xeyli miqdarda ziyana düşmüşdür. Həmin puldan istifadə edə bilmədiyi üçün 5000 manat xalis gəlirdən məhrum olmuşdur. İddiaçı2 İddiaçı1 17500 manat pul kredit götürüb vermiş, Niyaməddin də həmin pula kartof alıb və həmin kartofu Cavabdeh verib. Cavabdeh isə pulu geri qaytarmayıb. Hazırda həmin pulu İddiaçı2 banka ödəyir. Hesab edirlər ki, Cavabdeh səhvi üzündən 17500 manat pulu itirmişlər, həmin pulu Cavabdeh ödəməlidir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir RPŞ-nin TB-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, o, xeyli müddət olar ki, kartof alqısatqısı ilə məşğul olur. O, xeyli müddət olar ki, İddiaçı1 tanımış, ona qarşı heç bir ədavəti olmamışdır. 2024-cü ilin fevral ayından aprel ayına kimi olan müddətdə o, İddiaçı1 hissəhissə 22136 manat dəyərində kartof almış və bu müddət ərzində İddiaçı1 10000 manat pul vermiş, 12136 manat borclu qalmışdır. Daha sonra o, izahatında göstərmişdir ki, alverdə ziyan etdiyinə görə İddiaçı1 vaxtında pulu verə bilməmiş və yaxın müddətdə sonuncuya olan borcunu tam ödəyəcəkdir. İşin halları odur ki, iddiaçılar cavabdehə nisyə mal verdiklərini və cavabdehin həmin malların dəyərini ödəmədiyini və hazırda 12136 manat borcu olduğunu bildirirlər. Həmçinin iddiaçılar cavabdehə verilən kartofun bankdan götürülmüş 17500 manat pul hesabına aldıqlarını bildirirlər. İddiaçılar sübut qismində cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatına istinad edirlər. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar 17500 manat dəyərində pulun cavabdehdən onların xeyrinə tutulması hissəsində iddia tələbini sübut edə bilməmişlər. Belə ki, iddiaçların istinad etdikləri cinayət işinin başlanmasının rədd edilməsi qərarda cavabdeh izahatında iddiaçılardan 22136 manat dəyərində kartof aldığını və bu müddət ərzində İddiaçı1 10000 manat pul verdiyini, 12136 manat borclu qaldığını etiraf etmişdir. İddiaçıların istinad etdikləri cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 17500 manat dəyərində bankdan keriditin götürülməsi, həmin pulla kartof alınması sübut olunmur. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, cavabdeh cəmi 12136 manat manat dəyərində aldığı kartofa görə iddiaçılara borclu qaldığını etiraf etmişdir. Bu halda məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan nisyə mal götürdüyünü etiraf etmişdir, həmin malların dəyərini ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçılardan götürdüyü malların dəyərini ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlandığından 12136 manat pul cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçılar eyni zamanda əldən çıxmış faydaya görə 5000 manat məbləğində pulun cavabdehdən onlarınn xeyrinə tutulmasını tələb edirlər. Məhkəmə hesab edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12136 (on iki min yüz otuz altı) manat və əldə çıxmış faydaya görə 1200 (min iki yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 130 manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12136 (on iki min yüz otuz altı) manat və əldən çıxmış faydaya görə 1200 (min iki yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 130 (yüz otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar