Məhkəmə qərarları › İş №2(041)-2154/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2154/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2154/2024 15.11.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 967 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 997 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kürdəmir bazarında telefon, telefon aksesuarları və məişət əşyaları satıb ailəsini dolandırır. Cavabdeh çoxdan tanıyır və münasibətləri normal olmuşdur. Dəfələrlə Mahmud onunla ticarət etmiş və həmişə də borcunu vaxtlı-vaxtında gətirib qaytarmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə onun yanına gələrək məişət əşyaları götürmək istədiyini bildirmiş və onunla razılaşıb televizor və peç üçün razılaşaraq hər ay azalan cədvəl üzrə xx.xx.2024-cü il tarixədək kreditlə ümumilikdə 2778 manat dəyərində məişət əşyalarını Cavabdeh vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixədək ödənişlərini mütəmadi ödəyərək hər ay ödəniş cədvəlinə imza etdirmişdir. Bir müddət sonra o, yenidən qulaqcıq götürmək istəmiş və o, həmin tarixədək ödənişləri mütəmadi etdiyi üçün onunla razılaşmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdən bu günədək heç bir ödəniş etməmiş və onunla aralarında olan kredit razılaşmasına görə ümumilikdə 967 manat təşkil etmişdir. Bundan sonra vaxtı çatanda ondan şərtləşdiyi kimi ödənişlər etməsini xahiş etmiş, lakin dediyinə əməl etməmişdir. Bundan sonra o, öz hüquqlarını müdafiəsi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı məişət əşyalarını, telefon və planşeti nisyə almışdır. Hər ay mütəmadi olaraq ödənişlər etmiş və imza atmışdır. 7 aydan sonra bilmişdir ki, aldığı planşetin qiyməti fərqlidir. Belə ki, ona aydın olmuşdur ki, o əslində planşeti baha qiymətə almışdır. O, həmin əşyaları iddiaçıdan alanda onların qiyməti ilə maraqlanmamışdır. Həmin əşyaların iddiaçı tərəfindən ona hansı qiymətə verildiyini bilməmiş, sonradan anlamışdır ki, əşyaların qiyməti bahadır. Odur ki, ödənişlərin edilməsini dayandırmışdır. Cavabdeh izahatının sonunda iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan ödəniş cədvəlindən (cavabdeh tərəfindən imzanamışdır) görünür ki, İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixində 18 aylığa ilkin ödəniş olmadan “Samsung Tab” markalı planşeti vermiş və Cavabdeh mütəmadi olaraq ödənişlər etmiş, lakin 762 manat qalıq borc, 205 manat isə əlavə borcu qalmışdır. İşdə olan xəbərdarlıqdan görünür ki, İddiaçı Cavabdeh xəbərdarlıq göndərərək borclu qaldığı 967 manat pulu ödəməyini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh iddiaçıdan əşyaları almasını, bir müddət ödəniş etdiyini, lakin sonradan aldığı əşyanın baha qiymətə satılması əsası ilə ödənişi dayandırdığını etiraf etmiş, öz hərəkətləri ilə iddiaçının pulunu ödəməmişdir. Həmin faktlar ödəniş cədvəlində bir daha təsdiqini tapmışdır. İşin halları odur ki, iddiaçı cavabdehə nisyə mal verdiyini və cavabdehin həmin malların dəyərini ödəmədiyini və hazırda 967 manat borcu olduğunu bildirir. İddiaçı sübut qismində tərəflər arasında imzalanmış müqaviləyə istinad edir. Cavabdeh isə məhkəmə iclasında iddiaçıdan mal götürdüyünü, malı baha qiymətə olduğunu bildikdən sonra ödənişi dayandırdığını etiraf etmiş və ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, cavabdeh iddiaçıdan nisyə mal götürdüyünü və 967 manat borcu qaldığını etiraf etmişdir, həmin malların dəyərini ödəməsini sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan götürdüyü malların dəyərini ödəməli olduğu halda onun pulunu qaytarmamaqla əsassız olaraq varlanmış və 967 manat borcu qalmışdır. İddiaçı cavabdehdən 967 manat məbləğində pulun tutulmasını xahiş etdiyindən 967 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 967 (doqquz yüz altmış yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 967 (doqquz yüz altmış yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar