Məhkəmə qərarları › İş №2(041)-216/2023

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-216/2023

22.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-216/2023 22.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi istifadəsində olan həyətyanı torpaq sahəsindən zəruri çıxış və yolun açılmasına, cavabdeh tərəfindən edilən maneələrə, qanunsuz tikilinin məcburi qaydada özü tərəfindən sökdürülməsi yolu ilə son qoyulması barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanda valideynlərinə məxsus həyətyanı ev vardır. Valideynləri tərəfindən ev tikmək üçün ona torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində ev tikmək qərarına gəlmiş, bu məqsədlə torpaq sahəsinə baxış keçirmiş, ona məlum olmuşdur ki, torpaq sahəsinin girişçıxış yolu Cavabdeh tərəfindən bağlanmışdır. Dəfələrlə cavabdehə müraciət edərək ona məxsus torpaq sahəsinin giriş-çıxışının açılmasını xahiş etmiş, lakin heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş şəhadətnamə, şəxsiyyət vəsiqələri və Kürdəmir RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, İddiaçı 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 uşağı) Kürdəmir şəhəri, H.Əliyev pr. məhəllə 1 ev 42 ünvanında yaşayır. İşdə olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı evə köçürmə barədə iddiası təmin edilmiş və onun Kürdəmir şəhəri, H.Əliyev pr. məhəllə 1 ev 42 ünvanına köçürülməsi qət edilmişdir. İşə əlavə edilmiş, Kürdəmir rayon icra şöbəsinin xx.xx.2018-ci il tarixli aktından görünür ki, qətnamə icra edilmiş və o, Kürdəmir şəhəri, H.Əliyev pr. məhəllə 1 ev 42 ünvanına köçürülmüşdür. İddiaçının subyektiv hüququ ilə bağlı məsələ öz təsdiqini tapandan sonra xx.xx.2022ci il tarixli qərardadla iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı mülkiyyətində olan Kürdəmir rayon H.Əliyev pr məhəllə 1 ev 42-də yerləşən torpaq sahəsinin koordinatları müəyyən edilsin. - İddiaçı mülkiyyətində olan Kürdəmir rayon H.Əliyev pr.məhəllə 1 ev 42-də yerləşən torpaq sahəsinin giriş-çıxışına cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binası maneəçilik törədirmi ? Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3073 saylı ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-952/2023 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan Kürdəmir rayon H.Əliyev pr.məhəllə 1 ev 42-də yerləşən torpaq sahəsinin koordinatları müəyyən edilmiş, mütəxəssis və ekspert rəylərinə əsasən İddiaçı faktiki istifadəsində olan 238 kv.metr torpaq sahəsinin yola giriş-çıxışına cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binasının maneəçilik törətdiyi müəyyən edilmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə həmin tikilinin aparılmasına müvafiq icra hakimiyyəti orqanın icazəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, mübahisəli torpaq sahəsinin sxemində həmin tikili iddiaçının torpaq sahəsinə gedən yolu tam bağladığı üçün belə bir icazənin mövcud olması ağlabatan görünməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyindən və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilərək məhkəmə belə qənaətə gəlir ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı istifadəsində olan, Kürdəmir şəhəri, H.Əliyev pr. məhəllə 1 ev 42 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması, həmin yolda inşa edilmiş qeyri-yaşayış tikilinin sökülməsi və həmin yoldan istifadəyə maneçiliyin aradan qaldırılması Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərcləri -100 manat ödənilmiş dövlət rüsumu və 50 manat ekspertiza xərcindən ibarətdir. İddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehə aid edilsin. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. İddiaçı istifadəsində olan, Kürdəmir şəhəri, H.Əliyev pr. məhəllə 1 ev 42 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması, həmin yolda inşa edilmiş qeyri-yaşayış tikilinin sökülməsi və həmin yoldan istifadəyə maneçiliyin aradan qaldırılması Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat Cavabdeh tutularaq İddiaçı verilsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə ekspertiza mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar