Məhkəmə qərarları › İş №2(041)-22/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-22/2025

01.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-22/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X2 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş real zərər olan 8699.2 manat pulun, həmçinin 2 ildə istifadə edə bilmədiyi illərə görə 4000 mnat əldən çıxmış faydanın və ödənilmiş 125 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonu Xəlsə kəndi ərazisində özünə məxsus 1.5 ha ot əkini altında olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh Kürdəmir rayon Suvarma Sistemləri İdarəsinin işçilərinin səhlənkarlığı nəticəsində 1.5 ha torpaq sahəsi uzun müddət su altında qaldığından ot məhsulu tamamilə zay olmuşdur. Ot məhsulunun daimi su altında qalması ona xeyli miqdarda maddi ziyan vurub. Nəticədə o, torpaq sahəsindən istidəyi kimi istifadə edə bilmir. Hazırda torpaq sahəsi məhv olub, əkinə tamamilə yararsızdır. Bundan əlavə növbəti dəfə torpaq sahəsinə taxıl əkmək istəmiş, bu məqsədlə torpaq sahəsini şumlatdırmış, yenə də onların səhlənkarlığı nəticəsində torpaq sahəsi su altında qalmışdır. Artıq torpaq sahəsi tamamilə məhv olmuşdur. Cavabdehlərin səhləkarlığı nəticəsində həmin torpaq sahəsində məhsuldarlıq bir neçə il məhv olmuş, torpaq sahəsində hər hansı məhsulun əkilib becərilməsi mümkün deyil. İddiaçı torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün əraziyə mütəxəsssis cəlb etmiş, mütəxəssislərin rəyinə əsasən ona 8699.2 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Dəfələrlə ona dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyatı təşkilata müraciət etsə də cavabdeh təşkilat bundan qəsdən imtina edir. O, bir neçə ildir ki, torpaq sahəsindən cavabdeh təşkilatın səhlankarlığı üzündən istifadə edə bilmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-598/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə iddiaçının ailəsinə ayrılmış və hazırda mülkiyyətində olan JN 0011 KOD 90607038 nömrəli, 4.51 ha torpaq sahəsinin koordinatları müəyyən edilsin; 2) Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə iddiaçının ailəsinə ayrılmış və hazırda mülkiyyətində olan JN 0011 KOD 90607038 nömrəli, iddiaçının iddia etdiyi, mübahisə predmeti olan 4.51 ha torpaq sahəsinin iddiaçı və onun ailə üzvlərinə məxsus olması müəyyən edilsin. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli 10/9379 nömrəli ekspert rəyində gəlinən nəticəyə görə, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-4555/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, idarənin elektron baza məlumatlarında təqdim olunan "Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları"nda göstərilən, JN-11R nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş iki hissədən ibarət 4.51 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. "Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları"nda göstərilən JN-11R nömrəli Dövlət Aktı 3.36 ha və 1.15 ha olaraq iki hissədə göstərilmişdir. Baxış zamanı iddiaçı mütəxəssisə 3.36 ha hissəni göstərmiş və ərazini istifadə etdiyini bildirmişdir. Əlavə olaraq bildiririk ki, idarənin elektron baza məlumatlarında təqdim olunan "Kürdəmir rayonu Qocalı təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi"ndə göstərilən JN-11 nömrəli Dövlət Aktı ilə mülkiyyətə verilmiş 4.51 ha torpaq sahəsi ilə real məkan arasında uyğunsuzluq, sürüşmə və bucaq fərqləri mövcud olduğu üçün sözügedən xəritəyə uyğun araşdırma aparılması mümkün olmamışdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Ekspert rəyindən məlum olur ki, mübahisələndirilən 3.36 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək rəydə göstərilən hallara görə mümkün olmamışdır. İddia tələbində göstərilən halları təsdiq edən digər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən nəhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affırmarıti, non neganti, irıcumbit probatiorı (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar