Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2278/2025 11.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi Zeynalova Leyla Fariz qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulan maddi zərərə görə Cavabdeh 13.000 (on üç min) manat, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilən 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu 129 (yüz iyirmi doqquz) manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ildən yaşadığı Mollakənd kəndində həyətyanı sahədə quşçuluq təsərrüfatı ilə məşğul olur. Mütəmadi olaraq təsərrüfatı ilə bağlı baytar həkimə müraciətlər edir. 2025-ci ilin yanvar ayından təsərrüfatında 8000 ədəd cücə saxlamağa başlamışdır. 2025-ci ilin mart ayından cücələrin bir hissəsində xəstəlik başlamış və bu səbəbdən iddiaçı Cavabdeh işlətdiyi Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən baytarlıq aptekinə müraciət etmişdir. İddiaçı təsərrüfatında olan xəstəliklə bağlı cavabdehə danışmış, cavabdeh isə ona həmin cücələrin videogörüntüsünü ona göndərməsini söyləmişdir. Cavabdeh cücələrdə taun xəstəliyinin olmasını demiş və ona xəstəliklə bağlı müxtəlif preparatlar vermişdir. İddiaçı həmin dərman preparatlarını cücələrə vermiş, cücələr isə sağalmaq əvəzinə daha da pisləşmiş və tələf olmağa başlamışlar. İddiaçı bu barədə cavabdehə məlumat vermiş, o isə əvəzində cücələrin 5 gün ərzində sağalacağını demişdir. Cücələr sağalmadığından iddiaçı xəstə cücələrin birini Sabirabad şəhərində yerləşən "Qida təhlükəsizliyinə" aid olan labarotoriyaya təqdim etmişdir. Nəticədə məlum olmuşdur ki, cücələrdə taun xəstəliyi deyil, bağırsaq infeksiyası vardır. İddiaçı bununla bağlı cavabdehə məlumat versə də heç bir nəticə olmamışdır. Cavabdehin günahı ucbatından iddiaçının təsərrüfatında olan 8000 ədəd cücə tələf olmuşdur. İddiaçıya 13000 (on üç min) manat maddi ziyan dəymişdir. Belə ki, cücələrin ölüm səbəbi cavabdehin təyin etdiyi yanlış müalicə və təyinatı üzrə düzgün olmayan dərman preparatlarının iddiaçıya satması olmuşdur. Cavabdehin iddiaya dair etirazında göstərilmişdir ki, iddia tələbi əsassız və qüvvədə olan qanunvericiliyin göstərişlərinə zidd olduğu üçün məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Kürdəmir şəhəri, Babək prospektində sahibi olduğu baytarlıq apteki 6 ildir ki, fəaliyyət göstərir. Bu zaman ərzində onlardan heç kim narazılıq etməmiş, şikayət olmamışdır. 2025-ci ilin mart ayında Rauf adlı şəxs aptekə müraciət etmiş, saxladığı cücələrin xəstələndiyini və öldüyünü bildirmişdir. Diaqnozun düzgün qoyulması üçün Raufdan xəstəliyin əlamətlərini video ilə çəkib gətirməyini ona bildirmiş, o da, çəkilişi tətbiq vasitəsi ilə onlara göndərmişdir. Xəstəliyin diaqnozu qoyulduqdan sonra müalicəyə başlanılmış və tam nəticə əldə olunmuşdur. Bu münasibətlə Rauf aptekə gəlmiş, öz minnətdarlığını bildirmiş və dəfələrlə “çox sağ olun, təşəkkür edirəm” demişdir. “Bundan sonra nə edim ?” deyə soruşmuş, cavabında ona dezinfeksiya işlərinin vacib olduğunu, cücələrin 14 gün karantində saxlamağını və satmamağını tapşırıq verilmişdir. O da buna əməl edəcəyini deyib aptekdən ayrılmışdır. Buna baxmayaraq təxminən 4-5 gün sonra ona zəng edərək bir nəfərə 60 ədəd cücə satdığını demiş və cücələrin həmin adamda xəstələndiyini bildirmişdir. Onun cücə satdığı adam da onların aptekinə müraciət etmiş, cücələrinə dərman alıb getmişdir. Bundan sonra Rauf hər gün dəfələrlə ona zəng etmiş, həmin cücələrin sağalmadığını və müştərinin onu narahat etdiyini demişdir. Bütün söhbətlər bundan sonra başlamışdır. Cavabında isə o onlara günahın özündə olduğunu bildirmişdir. Cücələrin karantin rejimində saxlanılmalı olduğunu bir daha ona təkrar etmişlər. Həmin günü Rauf yenidən zəng etmiş və telefonda səsinin tonunu qaldırmışdır. Əvəzində ona sakit olmağını və xidmətin aptekdə mümkün olduğunu bir daha ona bildirmişlər. Bununla kifayətlənməyən iddiaçı aptekə gəlmiş yenə səs tonunu qaldırmış, onlar isə ona xoşu gəlmirsə başqa apteklə işləməyi məsləhət görmüşlər. Lakin, iddiaçı irəli sürdüyü tələbi əsaslandıra bilməmiş, iddia ərizəsində göstərmişdir ki, xəstə cücələrin birini Sabirabad şəhərində yerləşən "qida təhlükəsizliyinə" aid olan labarotoriyaya təqdim etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında əsasnamənin 1.1.-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi sahəsinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində qeydiyyatı və təsdiqi, idxal sağlamlıq aktının, sağlamlıq, fitosanitar, daxili karantin və baytarlıq sertifikatlarının verilməsini, qida zəncirinin bütün mərhələlərində qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini, habelə dövlət siyasətini və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamədən göründüyü kimi AQTA dövlət nəzarətini, habelə dövlət siyasətini və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Başqa sözlə desək fiziki şəxslərin hər hansı tələblə həmin quruma müraciəti istisna təşkil edir. Belə olduqda iddia ərizəsinə əlavə etmiş №xxxxxxx/LAB17-25001-T-001 sınaq protokoluna gəldikdə isə, bunlar öz-özlüyündə heç bir faktı təsdiq etməyən və hüquqi cəhətdən tamamilə etibarsız kağız parçasıdır. Belə ki, iddiaçının tələb etdiyi faktı təsdiq etmir və hüquqi cəhətdən tam etibarsızdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddiya dair etirazda qeyd etdiyi xüsusatları təsdiq edərək izahatında əlavə olaraq onu da bildirdi ki, baytarlıq apteki ona məxsus olsa da, özü baytar deyil, dərmanlar xəstəliyə uyğun olaraq aptekə işə götürdüyü baytar ixtisası olan satıcılar tərəfindən müəyyən edilir və istifadə qaydası izah edilməklə satılır. İddiaçıya da satılan dərmanların istifadə qaydaları izah edilmiş, satılan dərmanların qiyməti 10-20 manat civarında olmuşdur. Sonradan əldə etdiyi məlumata görə iddiaçı cücələrin tam sağalmasını gözləmədən onları satmışdır. Yuxarıda qeyd etdiyi kimi, sahibi olduğu aptekdən iddiaçıya 10-20 manat civarında dərman preparatı satılmış, ona baytar xidməti göstərilməmiş, dərman seçimi də iddiaçının şifahi bildirdiyi xəstəliyin əlamətlərinə uyğun müəyyən edilmişdir. İddiaçı təsərrüfatında olan cücələrin dərmanlardan əvvəl və ya sonra tələf olmasını və ölən cücələrin sayı barəsində heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. İşə əlavə edilən 1 ədəd diskdə məişətdə istifadə edilən zibil arabasının üstünə atdığı bir neçə ədəd ölmüş cücələrin videosunu çəkmiş, lakin videoda cücələrin sayını və çəkilmə tarixini müəyyən etmək mümkün olmamışdır. Xəstəliyin dəqiq səbəbi, saxlanma şəraiti və tövsiyələrə tam əməl olunub-olunmaması onun nəzarətində olmamışdır. Göstərilənlərə əsasən iddiaçı ona qarşı irəli sürülən iddianı əsassız hesab edərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, - Kürdəmir Rayon Prokurorluğu tərəfindən İddiaçı müraciətinə verilən xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən, müraciət, baytarlıq aptekindən alınan dərmanlar nəticəsində təsərrüfatdakı cücələrin tələf olması və maddi ziyan dəyməsi ilə bağlıdır. Belə ki, məsələnin mülki xarakter daşıdığını bildirilir və hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. -Fərdi qaydada fəaliyyət göstərən fiziki şəxs (VÖEN **********) X1 imza etdiyi arayışa əsasən, bir aylıq cücənin bir ədədinin pərakəndə satış qiyməti hazırki bazar qiyməti ilə 3 (üç) manat, 3 aylıq çolpanın bir ədədinin pərakəndə satış qiyməti hazırki bazar qiyməti ilə 9 (doqquz) manat təşkil edir. -Həsənov X2 rayon Polis şöbəsində verdiyi izahatında, xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-nə daxil olmuş müraciəti ilə bağlı onu qeyd edir ki, o 2016-cı ildən yaşadığı evin həyətyanı sahəsində quşçuluq təsərrüfatı ilə məşğul olur. Mütəmadi olaraq təsərrüfatını baytar həkimin məsləhəti ilə müalicə edir. 2025-ci ilin yanvar ayında təsərrüfatında 8000 ədəd cücə saxlamağa başlamış. 2025-ci ilin mart ayından cücələrin bir hissəsində xəstəlik başlamışdır. O zaman Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən "Zahir" adlı şəxsin işlətdiyi baytarlıq aptekinə getmiş. Ona cücələrdə olan xəstəliklə bağlı danışmış. Zahir ona cücələrin videogörüntüsünü çəkməyini istəmiş. O da xəstə cücələrin videogörünütüsünü Zahirə göndərmiş. Zahirdə ona cücələrdə taun xəstəliyi olmasını demiş. Ona müxtəlif adlarda adını bilmədiyi dərman preparatları vermiş. Oda həmin dərman preparatları cücələrinə versə də lakin, cücələrində xəstəlik artmağa başlamış. Zahirə bununla bağlı demiş, Zahirdə ona 5 gün müalicə müddətində cücələrin sağalacağını bildirmişdir. Lakin, cücələr sağalmamaışdır. Ona görədə xəstə cücələrin birini Sabirabad şəhərində yerləşən "Qida təhlükəsizliyinə aid olan labaratoriyaya təqdim etmişdir. Nəticədə məlum olmuşdur ki, cücələrində taun xəstəliyi yox bağırsaq infeksiyasi vardır. Zahirə bununla bağlı bildirmiş, lakin, heç bir nəticə olmamışdır. Ona görə də təsərrüfatında olan 8000 ədəd cücə tələf olmuşdur. Ona təxminən 13000 manat maddi ziyan dəymişdir. - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun MBL-nin X3 tərəfindən tərtib edilmiş xxxxxxx/LAB17-25001-T-001 nömrəli, xx.xx.2025-ci il tarixli sınaq protokolu əlavə edilmişdir. Həmin protokola əsasən, sifarişçi İddiaçı tərəfindən təqdim edilmiş 0001 nömrəli “quş (sarı və qara cücələr)” nümunəsi laborator müayinədən keçirilmişdir. Müayinə nəticəsində bakterioloji analiz zamanı Escherichia coli aşkar edilmiş və nəticə “müsbət” olaraq qiymətləndirilmişdir. Protokolda sınağın başlanma və bitmə tarixləri, tətbiq edilən müayinə metodları və nəticələr öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş 1 ədəd diskə baxış keçirilmiş, fayllarda cücələrin saxlanıldığı yer, müxtəlif yaşlarda cücələrin olması, tələf olunan cücələrin yığıldığı məişətdə istifadə edilən təkərli zibil arabası göstərilmişdir Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı təsərrüfatında olan cücələrin müalicəsi üçün cavabdehdən dərman aldığını, həmin dərmanların cücələrin xəstəliyinə uyğun olmadığına görə tələf olmalarını və bunun müqabilində cavabdehdən 13000 manat pul tələb etmiş, cavabdeh isə ona qarşı irəli sürülmüş iddianın əsassız olmasını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. - 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. - 1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər. - 1130.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir. - 1131. Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. - 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Hazırki iş üzrə iddiaçı təsərrüfatında olan cücələrin cavabdehin təqsirli hərəkətləri, yəni xəstəliyi düzgün müəyyən etmədiyi və satdığı dərmanların buna uyğun olmaması səbəbindən tələf olmalarını göstərsə də, bu halı və eləcə də ölən cücələrin sayını, cücələrin tələf olmasının onlara verilən dərmanlarla səbəbli əlaqəsini təsdiq edən heç bir sübutunu işə əlavə etməmiş və məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan şəxsin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti, incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi heç bir sübut məhkəməyə təqdim etmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-2278/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2278/2025
11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver