Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-2313/2025 11.12.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 30 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır. Kənd ərazisində özü üçün inşa etdirdiyi fərdi yaşayış evinin qapılarını almaq qərarına gəlmişdir. Qohumu Zaurun tanışı Orxan adlı şəxslə Kürdəmir rayonu, Bakı prospektində yerləşən çay evində görüşmüşdür. Orxan telefonunda olan qapı şəkillərini ona göstərmiş və 1.80*2.43 və 0.97*2.43 ölçüdə qapıları sifariş vermişdir. Orxan verilən sifarişi düzəltmək üçün 1700 manata razılaşmış və ilkin ödəniş olaraq 1000 manat istəmişdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Kürdəmir rayonu, Bakı prospektində qohumu Zaurun yanında 1000 manat pulu Orxana vermişdir. Orxan ona xx.xx.2025-ci il tarixdə qapıları bağlayıb təhvil verəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Orxana zəng edib qapıların hazır olmasını soruşmaq istəmiş, lakin Orxan telefona cavab verməmişdir. O da Orxanın ona qarşı etdiklərini dələduzluq bilərək Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Araşdırma nəticəsində Orxan ondan 1000 manat aldığını bildirmişdir. Aparılan araşdırmadan sonra ona cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixdə qərarı verərək Kürdəmir Rayon Məhkəməsinə müraciət etməsini bildirmişlər. O da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələblərini qəbul edir. Həqiqətən İddiaçı iki ədəd dəmir qapının düzəldilməsi üçün 1000 manat pul almış, lakin qapıları vaxtında düzəldib təqdim edə bilməmişdir. Onun pulu geri qaytatmamasının səbəbi maddi imkanının olmamasıdır. İddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı polis kapitanı X1 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətinə əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh İddiaçı tanıdığını, onunla heç bir ədavəti və düşmənçiliyinin olmadığını, təxminən 5 ildən artıq müddətdir ki, Kürdəmir rayonu ərazisində səyyar qaynaqçı fəaliyyəti ilə məşğul olduğunu, Kürdəmir rayonu, Sığırlı kənd sakini tanışı Zaur adlı şəxsin onu Səbuhi ilə 2025ci ilin iyul ayında tanış etdiyini, tanışlıq zamanı Səbuhinin ona inşa etdiyi ev üçün dəmir qapılar düzəltdirmək qərarına gəldiyini dediyini, onunla razılaşdığını, Səbuhinin ona düzəltdirəcəyi dəmir qapıların ölçüsünü verdiyini, onunla Kürdəmir şəhəri Bakı prospektində yerləşən çay evində görüşdüyünü, Səbuhiyə telefonda dəmir qapı şəkillərini göstərdiyini, telefonda olan dəmir qapılardan iki ədədini Səbuhinin bəyəndiyini, Səbuhinin dəmir qapıları ona sifariş verdiyini, dəmir qapıların birini 1.80*2.43 ölçüdə, digərinin isə 0.97*2.43 ölçüdə sifariş verdiyini, Səbuhidən sifariş verdiyi dəmir qapıları düzəltmək üçün 1700 manat pul istədiyini, onunla razılaşdığını, ilkin ödəniş olaraq xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində Kürdəmir şəhəri Bakı prospektində Səbuhi qohumu Zaurun yanında ona 1000 manat pul verdiyini, Səbuhiyə xx.xx.2025-ci il tarixdə qapıları bağlayıb ona təhvil verəcəyini dediyini, Səbuhinin ona verdiyi pulun bir hissəsinə onun qapıları üçün Kürdəmir şəhəri ərazisindən materiallar aldığını və qalan materialları isə Bakı şəhərindən sifariş verdiyini, lakin Səbuhiyə xx.xx.2025-ci il tarixdə dəmir qapıları düzəldib verə bilmədiyini, Səbuhi barəsində Kürdəmir RPŞ-yə şikayət etdiyini, Səbuhidən 1000 manat pulu onun sifariş verdiyi qapıların üçün materiallar aldığını bildirmişdir. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında iki ədəd dəmir qapının hazırlanması və quraşdırılması barədə razılaşma əldə edilmişdir. Cavabdeh qapıları hazırlayıb iddiaçıya təhvil verməyi, iddiaçı isə bunun müqabilində razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, razılaşdırılmış işin ümumi dəyəri 1700 manat müəyyən edilmiş və iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş kimi xx.xx.2025-ci il tarixdə 1000 manat verilmişdir. Cavabdeh həmin pulu aldığını etiraf etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü işi müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirməmiş, işin nəticəsini iddiaçıya təqdim etməmiş və aldığı pulu geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilənin icra edilməməsi iddiaçıya müqavilədən imtina etmək və ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. İş cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan qaydada icra edilmədiyi üçün iddiaçı ödədiyi pulu geri tələb etmək hüququna malikdir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(041)-2313/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-2313/2025
11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver