Məhkəmə qərarları › İş №2(041)-238/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-238/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-238/2025 17.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 3604,42 manat məbləğində pulun və 57 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3661,42 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh tanıyır və münasibətləri normal olmuşdur. Cavabdeh 2014-cü il tarixdə ona müraciət edərək "xxxx" ASC-dən kredit götürmək istədiyini və işlədiyi üçün ona zamin durmasını xahiş etmiş və bildirmişdir ki, sadəcə olaraq zamindir və ödənişləri hər ay və hətta krediti vaxtından da əvvəl ödəyəcəkdir. O da inanıb ona "xxxx" ASC-dən götürülən pula görə zamin durmuş və o, kredit müqaviləsi üzrə pul götürmüşdür. Sonradan cavabdeh kredit üzrə öhdəliyini icra etmədiyi üçün Kürdəmir Rayon Məhkəməsinin 2016-cı il tarixli, 2(041)-1166/2016 saylı əmrinə əsasən ondan da zamin kimi müştərək qaydada pul tutulması qət edilmişdir. Hazırki iş üzrə cavabdeh ASC-yə olan borcunu ödəmədiyi üçün iş yeri "xxxx" QSC tərəfindən 3604,42 manat pul tutularaq "xxxx" ASC-yə ödənilmişdir. O, məhkəmədən kənar cavabdehdən tutulan pulun qaytarılmasını xahiş etsə də o, hər dəfə müxtəlif bəhanələrlə onu aldatmış və pulu qaytarmamış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2016-ci il tarixli 2(041)-1166/2016 nömrəli məhkəmə əmrinə əsasən Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanılan xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya 24 ay müddətinə, illik 28 faiz olmaqla 10000 manat məbləğində kredit verilmiş, öhdəliyin icrasını təmin etmək üçün X2 və İddiaçı ilə zaminlik müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən, zaminlər borclu ilə birgə kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu qarşısında məsuliyyət daşıyırlar. Əmrə əsasən, Cavabdeh, X2 və İddiaçı müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə 6961.26 manat məbləğində borc və dövlət rüsumuna görə 20 manat məbləğində pul tutulması əmr edilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 50 nömrəli arayışından görünür ki, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin 194092/2019-55-5 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən 3604.42 manat məbləğdə pul onun əmək haqqından tutularaq icra sənədinə əsasən "xxxx" KB ASC-nin xeyrinə ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı Cavabdeh kredit borcuna zamin durmuşdur. Qanuni qüvvəsini almış məhkəmə aktına əsasən borcun 3604.42 manat hissəsi zamin - hazırki iş üzrə İddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçı cavabdehin əvəzinə borcun 3604.42 manat hissəsini ödəməsi nəticəsində ona dəymiş zərərin əvəzinin reqres qaydasında cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı məhkəmə aktına ilə tutulan borcun 3604.42 manat hissəsini ödəmiş, bununla da ona maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə əsasən zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Hazırki halda isə borcun 3604.42 manat hissəsini ödəməklə iddiaçının reqres qaydasında tələb hüququ yaranmışdır. Belə olan halda cavabdehdən 3604.42 manat dəymiş ziyan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 57 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 3604,42 (üç min altı yüz dörd manat qırx iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 57 (əlli yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3604,42 (üç min altı yüz dörd manat qırx iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 57 (əlli yeddi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar