Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(041)-24/2024 08.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X11 Xalıq oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti,22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ildə Kürdəmir rayon Qaçqınlar şəhərciyində Cavabdeh evini satmasını eşitmiş, buna görə də iddiaçı 2020-ci ilin sentyabr ayında şəhərciyə gələrək Raufla görüşmüş və ona məxsus 13 saylı binanın 6 saylı 3 otaqlı mənzilinə baxış keçirmiş və həmin evi bəyənmişdir. Rauf evi 15000 manata satacağını iddiaçıya bildirmişdir. Rauf evin pulunu tam verəndən sonra əlavə 1000 manatda verəcəyi təqdirdə evi iddiaçının adına sənədləşdirəcəyini bildirmişdir. xx.xx.2020ci il tarixdə iddiaçı Cavabdeh 7500 manat pul vermiş, təxminən 1 aydan sonra iddiaçıya məlum olmuşdur ki, dövlətin məcburi köçkünlərə verdiyi ev satıla bilməz. Həmin evlər yalnız kirayə müqaviləsi əsasında məcburi köçkünlərə verilir. Bundan sonra iddiaçı cavabdehdən pulunu geri tələb etmiş, Cavabdeh pulu 2 ay müddətinə qaytaracağına söz vermiş, lakin sözünə əməl etməmiş, iddiaçıya olan borcunu qaytarmamışdır. İddiaçı məcburiyyət qarşısında qalıb Kürdəmir RPŞ-yə ərizə ilə müraciət etmiş, onun müraciəti əsasında xx.xx.2021-ci il tarixdə cianyət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğunu ona izah etmişlər. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, Ağdərə rayon sakini olmasına baxmayaraq, məcburi köçkün ailəsi kimi İmişli rayonunun Məmmədli qəsəbəsində məskunlaşmışdır. Mənzil şəraiti olmadığına görə Kürdəmir rayonun Xırdapay kəndi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş evlərdə mənzil almaq üçün orada yaşayan tanışları ilə əlaqə saxlamış və ona bildirmişlər qaçqınlar şəhərciyində yaşayan Laçın rayonundan olan məcburi köçkün Cavabdeh Sumqayıt şəhərində işlədiyi və yaşadığı üçün şəhərcikdə 13 saylı binada ona verilmiş 3 otaqdan ibarət 6 saylı mənzilini satır. 2020-ci ilin sentyabr ayında şəhərciyə gələrək Raufla görüşmüş və ona məxsus evə baxaraq evi bəyənmişdir. Rauf evi 15000 manata satacağını, evin pulunu tam verəndən sonra əlavə 1000 manat da verəcəyi təqdirdə evi onun adına sənədləşdirəcəyini bildirmişdir. 2020-ci ilin sentyabr ayının 25-də arvadı Həcərlə şəhərciyə gəlmiş, Raufun qardaşı Mobil və həmkəndlisi Rasim adlı şəxsin yanında şifahi olaraq razılaşdırılmış 7500 manat pulu Cavabdeh vermişdir. Həmin pulun 4700 manatını arvadı X7 kredit götürmüş, qalan hissəsini isə özünə məxsus iri buynuzlu heyvanlarını sataraq düzəltmişdir. Mənzilə köçüb orada yaşayandan sonra ona məlum olmuşdur ki, şəhərcikdə olan evlərin kənar şəxslərə alqı-satqısı qadağandır. Həmin evlər yalnız kirayə müqaviləsi əsasında müvəqqəti olaraq məcburi köçkünlərə verilə bilər. Bundan sonra Raufdan pulunu geri tələb etmiş, Rauf aldığı pulu xərclədiyini, 7500 manat pulun yerinə Bakı şəhərində torpaq sahəsi və Kürdəmir rayonu Çölərəb kəndi ərazisində quşçuluq massivində qohumlarındakı 2 baş inəyi ona təklif etmiş, lakin onun təkliflərini rədd edərək pulunu tələb etmişdir. Rauf pulu qaytarmadığı üçün 2021-ci ilin oktyabr ayının axırlarında DİN-nin 102 xidmətinə və Kürdəmir RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis şöbəsində Raufun qardaşı Mobil imkanları olmadığı üçün pulu qaytara bilmədiklərini etiraf etmişdir. Həmin vaxt iddia ərizəsi ilə məhkəmədə iddia qaldırdığına görə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianınn təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçının şikayəti əsasında iş Kürdəmir rayon polis şöbəsində araşdırılarkən Cavabdeh çağırışlara gəlməmiş, onun qardaşı Mobil Hilalov polis şöbəsində izahat verərək 7500 manat pulu qardaşı Rauf tərəfindən alındığını etiraf etmiş, lakin imkanı olmadığına görə pulu geri qaytara bilmədiyini göstərmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Laçın rayonundan olan məcburi köçkün ailəsi kimi Kürdəmir rayonun Xırdapay kəndi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərcikdə 13 saylı binada 3 otaqdan ibarət 6 saylı mənzil ona verilmişdir. Həmin evdə bir müddət ailə üzvləri ilə yaşamış, lakin sonradan təsərrüfatla məşğul olduğu üçün həmin evdən çıxmış və fermaya getmişdir. 2020-ci ilin sentyabr ayında pandemiya və İkinci Qarabağ müharibəsinin gərgin vaxtlarında sonradan tanıdığı İmişli rayonunun Məmmədli qəsəbəsində məskunlaşmış Ağdərə rayon sakini İddiaçı kirayə ev axtardığını eşitmişdir. İddiaçı ona müraciət edərək evi ona kirayə verməsini xahiş etmiş və iki illik 2000 manata evini kirayəyə verməyə razılaşmış və Tahir ailəsi ilə birlikdə onun evinə köçmüşdür. Həmin müddət ərzində İddiaçı ona verdiyi pulu kirayə haqqı olaraq qəbul etmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı İddiaçı, X1, X2 və X3 izahatları alınmış, İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldırdığı üçün cinayət işinin başlanması rədd edilmişdir. X6 izahatında İddiaçı onun tanışı, Cavabdeh qardaşı olduğunu, qardaşı Cavabdeh Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş binalarda ev verildiyini, Rauf da həmin evini İddiaçı satmaq məqsədilə 25 sentyabr 2020-ci il tarixdə onun yanında Tahirdən 7500 manat aldığını, lakin sonradan Tahir həmin evləri dövlət sakinlərə müvəqqəti verməsini və evi rəsmi sənədləşdirmək mümkün olmamasını öyrənərək Raufdan pulunu geri istəməyə başladığını, lakin Raufun imkanı olmadığına görə pulu geri qaytara bilmədiyini göstərmişdir. X5 izahatında İddiaçı onun tanışı, Cavabdeh isə həmkəndlisi olduğunu, bildiyinə görə Cavabdeh Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən qaçqınlar üçün nəzərdə tutulmuş binalarda ev verildiyini, Rauf da həmin evini İddiaçı satmaq məqsədilə 25 sentyabr 2020-ci il tarixdə onun yanında Tahirdən 7500 manat aldığını, lakin o həmin hadisəni görmədiyini, belə ki həmin vaxtı o binanın həyətində avtomobilinin yanında Raufu gözlədiyinə görə pul vermə hadisəsini görmədiyini, lakin həmin vaxt Tahir şəhərcikdə Raufun evini almaq üçün Raufa 7500 manat pul verməsini bildiyini, sonradan Tahir həmin evləri dövlət sakinlərə müvəqqəti verməsini və evi rəsmi sənədləşdirmək mümkün olmamasını öyrənərək Raufdan pulunu geri istədiyini, Raufun imkanı olmadığına görə pulu geri qaytara bilmədiyini göstərmişdir. Hazırki məsələ hüquqi təbiətinə görə və prosedur qaydalara riayət edilməsə belə niyyət olaraq daşınmaz əmlakın alqı-satqısı ilə bağlı yaranmış mübahisələrə aid edilir. Cavabdeh mübahisəni yaşayış sahəsini icarəyə verilməsi ilə bağlı məsələlərə çəkməyə cəhd etsə də, ortada olan 7500 manat bu məsələ ilə bağlı adekvat qiymət kimi qəbul edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Bütün bunlara baxmayaraq, iddiaçı hüquqi savadsızlıq ucbatından cavabdehə inanmış və məcburi köçkünlərin müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş yaşayış sahəsinin alqı-satqısına inanaraq, cavabdehdən mənzilə dair heç bir hüquq müəyyən edici sənəd tələb etmədən ona 7500 manat pul vermişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaların alğısatqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əsassız və yanlış olsa da, mənzil almaq niyyəti ilə cavabdehə 7500 manat pul vermiş və həmin mənzilə köçərək bir müddət orada yaşamışdır. Məhkəmə cavabdehin razılığı ilə iddiaçının həmin mənzildə yaşadığı müddətə adekvat olaraq 1000 manat kirayə haqqı kimi qəbul edərək, qalan 6500 manat pulun qaytarılmasını hər iki tərəfin mənafeyinə uyğun hesab etmiş və kirayə haqqı kimi müəyyən edilən 1000 manat pulun cavabdehdən tələb edilən məbləğdən çıxılmasına iddiaçı özü xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin sadalanan xüsusatlarına əsasən məhkəmə hesab edir ki, iddia yuxarıda qeyd edilən əsaslara görə qismən təmin edilməli, Cavabdeh 6500 manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №2(041)-24/2024
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(041)-24/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver